
Elbariz Məmmədli
İndi hamı bu haqda danışır. Həmin qanlı günləri yaşayanlar da, yaşamayanlar da. Qətliamın mahiyyətini anlayanlar da, anlamayanlar da. Hətta siyasi dairələrdə 20 Yanvarı bir-birinə qarşı ittiham aktı kimi səsləndirənlər, yeri gəldi gəlmədi bunu dilinə gətirənlər də var. Həmin qanlı gecənin iştirakçılarından biri kimi, qətiyyətlə deyə bilərəm ki, 20 Yanvar qətliamının baş vermə səbəbləri hələ tam açılmayıb. Cəllad yuvası Kremlin birdən birə belə qərar qəbul etməsi tam araşdırılmayıb. Yəqin ki, uzun illər sirli olaraq qalacaqdır.
Düz 32 il əvvəl təxminən bu yazını yazdığım vaxtan yarım saat sonra başlandı hər şey. Axşamdan mənimlə birgə izdihama qatılan iki qonşumla XI Qızıl Ordu ( İndiki 20 Yanvar metrosu o vaxt belə adlanırdı. Lənətə gəlsin onları) metrosunun Biləcəri enişinə doğru istiqamətində yanan tonqalın ətrafında dayanmışdıq. Cəllad Qorbaçovun imzası ilə Bakı şəhəri və ətraflarında Fövqəladə vəziyyətin elan edilməsi əhalini əməlli-başlı qəzəbləndirmiş, əli tutan şəhərin bütün giriş-çıxışlarını əhatə edən barrikadaların ətrafına toplanmışdı.Hava soyuq olduğundan adamlar bir yerdə duruş gətirmir, tez-tez müxtəlif istiqamətlərə doğru hərəkətlənirdi.Kimsə məlumat verdi ki, Mərkəzi Komitənin önündə izdihamlı mitinq var və orda kütləviliyi qorumaq lazımdır. Qonşularımla qərara gəldik ki, biz də ora gedək və üz tutduq həmin tərəfə. Biz Naxçıvan otelinin yanına çatarkən, birdən-birə partlayış və güllə səsləri soyuq gecənin səssizliyini pozdu. Göyün üzündən rəngli güllə yağışı yağırdı. Orda nəyin baş verdiyini anlamaq artıq heç bir sual doğurmurdu. Deməli, illərlə xilaskar ordu kimi , hamımızın yaddaşımıza yeridilmiş bu qanlı ordu əliyalın xalqı qətliama məruz qoyurdu. İndi ora dönməyin də heç bir əhəmiyyəti yoxuydu…
Mərkəzi Komitənin qarşısındakı böyük izdiham «Azadlıq» sədası ilə güllə səslərini eşidilməz etmişdi. Böyük Bəxtiyar Vahabzadə MK-nın tribunanı əvəz edən pilləkənindən «Azadlıq» radiosu ilə bütün dünyaya sovet faşizminin durdurulmasını hayqırırdı. İzdiham arasında respublikanın rəhbəri Ə. Vəzirovun qaçdığını, və ya huşsuz halda Moskvaya aparıldığını deyənlər vardı. Onsuz da faciə baş vermişdi və indi bu söhbətlər heç nəyi dəyişməyəcəkdi.
Aradan üç-dörd saat keçmiş «xilaskar ordu» qüvvələri ətrafı mühasirəyə aldılar. (Amma sonradan aydın oldu ki, qətliamı törədən «rezervist»lər aradan çıxarılmış, onları başqa silahlılar əvəzləmişdi) Bizi səhər saatlarına qədər orda saxladılar. (Etiraf edim ki, kimsənin üzündən zərrə qədər qorxu ifadəsi oxunmurdu) Sonra xüsusi xəbərdarlıqla metro vasitəsilə evə dağılışmağı əmr etdilər. Hərçənd ki, şəhərin içərilərində atışma səsləri davam edirdi. Çoxlu şəhid və yaralının olduğu haqda məlumat almışdıq. Hamı kiməsə yardımçı olmağa, yaralılara qan verməyə can atırdı. Hələlik buna imkan verilmirdi.
Mən dəmir yolu vağzalında metrodan çıxıb yaxınlıqdakı xəstəxanaya yollandım. Hansısa yaralıya yardımçı olacağımı düşündüm. Dəmir yolu xəstəxanasının darvazaları içəridən bağlanmış, binanın işıqları söndürülmüşdü. Hasardan keçib girişi arxa tərəfdən olan cərrahiyyə şöbəsinə yollandım. İkinci mərtəbəyə qalxıb, qapını döydüm. Bizim millətdən olmayan tibb bacısı deyinə-deyinə qapını açdı.
-Milləti qırırlar, bəlkə köməyinizə ehtiyac var. Siz necə yatırsınız?-dedim.
Cavab özünü gözlətmədi:
— A nam çto? (yəni, bizə nə)
-Siz bu respublikada, bu şəhərdə yaşamırsınızmı?
Üzümə bozardı: İdite k çortu, razberites sami (rədd olun, özünüz həll edin).
Elə yer ayağımın altından sürüşdü. Əsəbi halda qadına bir sillə vurdum. Hay-küyə növbədəki bütün tibb işçiləri toplandı. Üzümü çevirib ordan uzaqlaşdım. Deməli, hər şey əvvəlcədən planlaşdırılıbmış…
Hadisəni sona kimi danışmağa ehtiyac duymuram. Təkcə onu deyim ki, elə həmin gün bir qrup mənimlə bağlı hərbi komendanta müraciət etmişdi. Amma həmin vaxt DTK-nın dəmir yolundakı nümayəndəsi, çox vətənpərvər insan olan İbrahim Allahyarov mənim komendantlığa aparımağıma imkan vermədi.
20 Yavar qətliamı Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Kimsə bu qəhrəmanlığa başqa münasibət sərgiləməyə cəhd eləməsin.
Keçilən yolların bəlkə başıdır,
Min il yaşanacaq şöhrət yaşıdır,
Qıpçaq döyüşüdür, qoç savaşıdır,
Oğuz nərəsidir, 20 Yanvar!
Yaşantısı müəmmalarla dolu olsa belə, bu şərəf tarixi milli varlığımızın və bütövlüyümüzün ən uca məqamlarından sayılmalıdır. Biz tarixin axarına da, gələcək arzularımıza da, dost və düşmən münasibətlərimizə də, baş vermiş xəyanətlərə də 20 Yanvar dərslərindən baxaraq, qiymət verməliyik. Bütün ŞƏHİDlərimizin məkanı əbədi ucalıq olsun!