Hər il olduğu kimi bu il də 20 Yanvar Ümumxalq Hüzn Gününü müharibə veteranları Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət etməklə andılar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə AVMVİB Nərimanov, Nəsimi, Laçın, Zəngilan, Sabunçu, Xəzər, Binəqədi və digər rayon şöbələrinin iştirakıyla Şəhidlər Xiyabanı ziyarət olundu.

AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar Zəfər yolumuzun başlandığı bir nöqtədir. Biz düşmənin və Sovet imperiyası adlanan mənfur bir imperiyanın ölkəmizə bu təcavüzünü heç zaman unutmamalıyıq.

Şəhid məzarlarına gül qoyuldu və ruhlarına dualar oxundu.
Allah şəhidlərimizə rəhmət eləsin!

Azad Musayev
Fedai.az-ın müxbiri, AVMVİB Zəngilan rayon şöbəsinin sədri
