QORXU…

На изображении может находиться: 1 человек, сидит, в помещении и часть тела крупным планом

Lamiyə Rövşənqızı

Akif kişi baş verənləri televiziyadan izləsə də, hadisələri tam olaraq analiz etməyə müvəffəq ola bilmirdi. Gəncliyi II Dünya müharibəsindən sonrakı dövrə təsadüf etmişdi.

Hər ağrını-acını, qan-qadanı, xaosu görmüşdü. Amma bu nəsə anlaşılmaz, sirli-şübhəli bir oyuna bənzəyirdi. Çində yayılan naməlum virus bütöv bir şəhəri ağuşuna almış, insanları milçək kimi qırıb tökürdü. İş o yerə çatmışdı ki, insanları izolyasiyaya məcbur edən dövlət rəsmiləri küçəyə çıxanları yerindəcə güllələyirdilər.

Böyük bir şəhər sürətlə açıq aşkar qəbiristanlığa çevrilirdi. Bu şəhərdən min kilometrlərlə uzaqda, aydın, abad bir şəhərdə, öz xudmani mənzilində ömrünün qışını yaşayan Akif kişi virus söhbəti yayılandan bu yana televizorun qarşısından tərpənmirdi. 79 yaşını təzəcə haqlamışdı.

Amma, yaxşı ki, nə eşitməsi, nə də görməsi ilə bağlı problemi yox idi. Qarısını 3 il olar, dəfn etmişdi. Gözünün ağı-qarası tək oğul balası isə ailəsi ilə artıq xeyli müddət idi ki, xaricdə yaşayırdı. Dəfələrlə Akif kişini öz yanlarına dəvət etsələr də, razılığını ala bilmirdilər. Bu yaşda Vətəni tərk etməyi özünə ar bilirdi.

Həm də, hər cümə axşamı qəbiristanlığa – ömür gün yoldaşını ziyarətə getmək vərdişi vardı axı. Gedə bilməzdi heç yerə. Darıxanda qonşunun qızını çağırıb xahiş edərdi ki, oğlu, nəvələri ilə canlı bağlantı yaratsın. Bu ona bəs edirdi. Övladı da olsa, heç kimə yük olmağı istəmirdi. Xəbərləri izləyib lap həyəcanlandı, Akif kişi.

Dünəndən bu günə virus xeyli ölkəyə yayılmışdı.Balalarından nigaran ürəyi sızıldadı, boğazı qurudu.Televizorun qabağında durub var-gəl etməyə başladı.Kanalları bir-bir dəyişdi. Hamısı eyni sözü deyirdi. Oğluna zəng vurmaq istədi. Saata baxdı. Orda gecəyarı olduğu üçün narahat etmək istəmədi uşaqları.

Vaxtı öldürmək üçün həyətə düşdü. Gəzə-gəzə mağazaya gedib axşama lazım olan azuqəsini təzələdi. Yükü ağır idi deyə, təngənəfəs olmuşdu. Əlindəki yüklə söhbətgahda toplaşan ahıl qonşularına tərəf yan aldı. Ağsaqqallar pandemiyadan dəhşətli şeylər danışırdılar. Sən demə, bu bəla elə ilk olaraq yaşlıları aparırmış. Məhləyə düşməyinə də peşman oldu. Ürəkaçan bir söhbət yox idi.

Həm əlindəki, həm də ürəyindəki yüklə mənzilinə qalxdı. Evə girən kimi ilk işi televizoru yandırmaq oldu. Nəsə qərargah yaratmaqdan danışırdılar. Bir anlıq ona elə gəldi ki, müharibə başlayıb. Diqqətlə dinlədi və başa düşdü ki, gözəgörünməz virusla müharibədən gedir söhbət. Dünyanı diz üstə çökdürən bu virus ölkəmizə qədər gəlib çıxa bilmişdi. Ölkə üzrə karantinin elan olunması, 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulması elan olunurdu. Bütün sərhədlərin bağlanması, ölkəyə giriş-çıxışa məhdudiyyət qoyulması müzakirə olunurdu.

Akif kişi bütün bunara qulaq asa-asa quruyub yerində qalmışdı. Evdən bayıra çıxa bilməməsini yox, hər çümə axşamı qəbiristanlığa etdiyi ziyarətləri necə təxirə salacağını düşünürdü. Hər ehtimala qarşı gedib soyuducunu yoxladı. Bir həftəlik azuqəsi var idi.”Sonrası Allah kərimdir”- deyə fikirləşdi. Axşam nə qədər çalışdısa, oğlu iə əlaqə yarada bilmədi. Televizora baxa-baxa da yuxuya getmişdi. Elə səhər də xəbər proqramının səsinə oyandı.Vəziyyət getdikcə kritikləşirdi. Bütün xəstəxanalar, səhiyyə ocaqları mobil vəziyyətə gətirilmiş, dövlət insanları qorumaq, sosial yardımlar etmək üçün hərəkətə keçmişdi.Yaşlı insanlardan təkidlə xahiş olunurdu ki, qəti olaraq evdən bayıra çıxmasınlar. Akif kişi də bundan sonra hər gün yenilənən karantin qaydalarına əməl etməyi qərara aldı. Arada balkona çıxırdı. Bir də sadiq dostu televizoru izləyirdi. Düz bir həftəni beləcə ötüşdürdü. Bu bir həftədə hələ də oğlu ilə əlaqə yarada bilməmişdi. Qonşunun qızını da belə bir vaxtda çağırmağa üzü gəlmirdi . Qəbir üstə də gedə bilmədi bu həftə.

Hələlik ömür-gün yoldaşının şəklini qarşısına qoyub onunla danışırdı. Ertəsi gün ürəyi dözmədi. Evdən çıxıb gəzişmək, mağazaya getmək istədi. Binanı təzəcə keçmişdi ki, gördüyü mənzərədən ürəyi sıxıldı. Küçələr bomboş, harasa tələsən 1-2 nəfərin ağzında maska, hər yanda dezinfeksiya aparatı ilə dolaşan ağ skafandrlı insanlar.Kişini vahimə basdı. Yaxınlıqdakı aptekə girib, maska, spirt, əlcək soruşdu. Heç birinin olmadığını dedilər. Kor-peşman aptekdən ayrılıb, mağazaya yol aldı. Elə mağazaya təzəcə yaxınlaşmışdı ki, iki polis nəfəri yaxınlaşıb onun qoluna girdi.
-Ağsaqqal, siz nə edirsiz, niyə evdən bayıra çıxmısız? Tez evə qayıdın. Nə əlcəyiniz var, nə də maskanız.
— Ay bala, aptekə getmişdim. Nə maska, nə də əlcək var. Mağazadan alacaqlarım var. Alıb tez gedirəm evə.
— Tez evə qayıdın. Məlumatlaınızı da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərin. Onlar sizi azuqə ilə təmin edəcəklər. Bacarmırsıznızsa, biz həll edərik.


Akif kişinin məlumatlarını götürən polislər onun mağazaya girməsinə icazə vermədilər. Kişi yenə peşman olub, geri qayıtdı. Soyuducu bomboş idi. Şkafda saxladığı 1-2 konserv var idi, onları açdı. Yeyib biraz özünə gəldi. Yenə xəbərləri izləməyə başladı. Oğlu ilə danışa bilmədiyi üçün özünə yer tapa bilmirdi. Divarlar üstünə gəlirdi. Bir-iki günü də belə ötüşdürdü. Evdən azuqə tamamilə qurtarmışdı. Polislərin dediyi qurumdan da xəbər-ətər də yox idi. Nə gələn vardı, nə gedən. Çay içmək istədi, çayı bitmişdi. Məcbur olub qonşunun qapısını döyməli oldu. Akif kişinin həmsirdaşı Vaqif kişi oğlu, gəlini, nəvələri ilə bir yerdə yaşayırdı. Evdə çoxluq idilər. Hələ Vaqifin rayondan gəlib burda tələbə olan bacısı nəvəsi də onlarda qalırdı. Ev sahibləri Akifi qapıda görüb xoşhal oldular. Yemək, çay verdilər. Bir xeyli də Vaqiflə dərdləşən Akif kişi məmnun halda evə qayıdırdı ki, Vaqifin oğlu bir oğlanla qapıda göründü. Samir xaricdə işləyirdi, amma vaxtında Vətənə qayıda bilmişdi. Akifi qapıda görən Samir hal-əhval tutub, ona yaxınlaşdı:
— Akif dayı, nə yaxşı ki, sizi gördüm.Sizə bir işim düşüb – dedi.
— Buyur, bala – deyə Akif ayaq saxladı.
— Akif dayı, mənim bu dostum, karantindən öncə mənimlə birgə işlədiyim xarici ölkədən gəlib. Əvvəl mən gəldim sonra o. Burda kirayədə qalırdı. Evin yiyəsi çıxıb gedib rayona. Açarları da özü ilə aparıb. Hansı rayonda olduğunu da bilmirik. Telefona isə cavab vermir. Olarmı ki, dostum bir müddət sizdə qalsın.Bütün xərcləri qarşılamağa razıyıq.Bizdə çoxluqdur deyə, bizim evə dəvət edə bilmirəm.


Akif kişi bu təklifə şox sevindi. Böyük məmuniyyətlə oğlanı evinə dəvət etdi. Yatacaq yerini göstərdi. Gənc oğlan da öz növbəsində tez mağazaya gedib mümkün ərzaqları alıb gətirdi. Oturub durub ömrü boyunca Akif dayıya minnətdar olacağını deyirdi. Əsasən qonaq otağında – televizorun olduğu otaqda rahatlıq tapan Akif kişi Samirin dostuna qalmaq üçün yataq otağını vermişdi. Onsuz da ömür-gün yoldaşı dünyasını dəyişəndən o otağa az-az keçirdi. Bütün gün xoş zaman keçirən həmsöhbətlər, axşam yatana yaxın öz otaqlarına çəkilərdilər. Səhər ilk öncə gənc yuxudan durar, Akif kişini də səhər yeməyinə dəvət edərdi. Bu gün belə olmadı, amma. Yenə televizorun səsinə yatıb qalmışdı, Akif kişi. Qarısı gəlmişdi yuxusuna.Yaman tənbeh edirdi onu.Deyirdi ki, niyə uşaqla əlaqə saxlamır? Niyə yad adamı evə buraxıb? Çox hirsli idi. “Akif, səni təkbaşına qoymaq olmur. Hazırlaş, 1-2 günə gəlib səni aparacam.” – dedi arvad və itdi. Akif kişi yuxudan tər içində oyandı. Həftənin günlərini səhv salmışdı. Saata baxdı — gün günortanı keçmişdi. Qonağın da səsi gəlmirdi. Durub yataq otağına keçdi. Oğlan yorğana bürünüb yatmışdı, tərpənmirdi. Qıymadı oyatmağa. Mətbəxə keçib özü səhər yeməyini hazırladı. Təzədən qayıdıb oğlanı səslədi. Hay vermədi. Üşəndi lap. Ayağını sürüyə-sürüyə yataq otağına getdi. Oğlanın səsi heç gəlmirdi. Bu dəfə lap yaxına getdi.Əli ilə oğlanı silkəlməyə çalışdı. Gördüyü mənzərədən dəhşətə gəldi. Yazıq oğlan gözlərini aça bilmirdi. Halsız, taqətsiz idi. Əlini onun alnına qoydu. Aman Allah, qızdırmadan yanırdı. Tez Samirgilə zəng vurdu. Nə yaxşı ki, özü evdəydi. Təcili yardıma zəng vurub simptomları dedilər. Heç 15 dəq çəkmədi ki, skafandrlı həkimlər qonağı təcili yardım maşınına qoyub xəstəxanaya apardılar. Akifə də bildirdilər ki, tezliklə onun da arxasınca gəlib aparacaqlar. Akif kişi özünü yaxşı hiss etdiyini, həkimə ehtiyacı olmadığını desə də, həkimlər ona bərk-bərk tapşırdılar ki, hələlik heç kimlə ünsiyyətdə olmasın və evdən də bayıra çıxmasın. Ona bildirdilər ki, çox güman ki, o artıq yoluxub və xəstəxanaya yerləşdirilməsi labüddür.


Akifi yenə dərd götürdü. Bu nə iş idi axı başına gəldi. Axırıncı dəfə həyətə düşəndə bu xəstəlikdən elə dəhşətli şeylər eşitmişdi ki. Xəstəyə verdiyi əzabdan, boğulmadan, yaşlı insanların yoluxduğu halda yalnız təsadüf nəticəsində sağ qalmasından o qədər hadisələr nəql eləmişdilər ki…

İndi ona ayan olurdu ki, arvad yuxusuna nahaq gəlməmişdi. Ürəyinə dammışdı ki, bu işin axırı yaxşı olmayacaq. Artıq televizoru yandırmağa da qorxurdu. Xəstəxanaya getmək istəmirdi. Çəkəcəyi əzabları təsəvvür edəndə canına üşütmə düşürdü. Bundansa elə öz evində ölməyə üstünlük verirdi.Qərarı qəti idi. Xəstəxanaya getməyəcəkdi.İşıqları da söndürüb qapısını bağladı.

Gəlib eləyən olsa qapını açmayacaqdı. Gedib sakitcə yataq otağında uzandı. Birtəhər özünü yuxuya verdi. Səhərin qaranlığında su içmək üçün oyanmışdı.Telefona baxdı. Cümə axşamı idi. Nə yolla olur olsun qəbir üstə getməyi planlaşdırdı. Qalın yun papağı gözünün üstünə çəkib, şarfı ağzına, boynuna doladı. Ehmalca bayıra çıxdı.

Küçədə heç kim yox idi. Məhlələrin arası ilə gedib, nəhayət ki, qəbiristanlığa çatdı. Hava artıq işıqlaşmışdı. Qollarını çirmələyib qəbrin ətrafını təmizləməyə başladı. Qarısı ilə də bir xeyli dərdləşib başına gələnləri ona danışdı. Bir az yüngülləşmişdi. Gəldiyi yolla da geriyə evinə qayıtdı. Binaya çatıb təcili yardım maşınını görəndə bu gün bir zülümnən nail olduğu rahatlıq yenidən onu tərk etdi. Elə durduğu yerdə də quruyub qaldı. Oğrun-oğrun yaşadığı bloku izləməyə başladı. Həkimlər Vaqifgilin ailəsində kim var, hamısını yığıb təcili yardım maşınına doldururdular. Dezinfeksiya edənlər də gəlmişdi. Dəhşətli mənzərə idi. Akif kişi hiss etdi ki, titrədir. Amma evə getməyə ayağı gəlmirdi. Məhlədə polislər də görünməyə başlamışdı.Başa düşdü ki, burda çox qalsa, diqqət cəlb edəcək.İti addımlarla qəbiristanlığa doğru yol aldı. Orda ona dəyib-dolaşan olmayacaqdı. Gizlənə-gizlənə birtəhər yenidən qəbiristanlığa gəlib çıxdı. Düzəltdiyi skamyada yerini rahatladı, bir az mürgüləmək istədi. Hava xoş olsa da titrəməsi hələ də keçməmişdi. Elə dişi dişinə dəyə-dəyə yuxuya getdi. Qəşəng yuxu görürdü. Evindəydi. Hamı da yanında. Ömür-gün yoldaşı da plov dəmləmişdi. Hamı deyib-gülür, şənlənirdi. Yuxunun şirin yerində hiss etdi ki, sol yanı bərk göynədi, elə bil ürəyinə bıcaq sapladılar. Amma tez də keçdi.Buna görə heç yerindən tərpənmədi. Belə gözəl yuxudan oyanmaq günah olardı. Yuxusuna davam etdi. Arvadı uşaqları yola salmışdı. Artıq ikisi idilər.” Hə, çoxdandır görüşmürük. Nəhayət ki gəldin. Təklik çox pisdir, gözüm nuru. Sən yanımda ol ki, hamı da bizi görməyə gəlsin.” – deyə övladlarını yola salan qadın kişinin qoluna girib onu özüylə apardı. Akif kişi xoşbəxt idi.

Nə qorxusu vardı, nə hürküsü. Titrəməsi də keçmişdi. Lap yaxınlıqda qəbirüstə gəlmiş iki gənc, Akifi skamyada yatan görüb ona yaxınlaşdılar. “Sizə kömək lazımdır? Özünüzü pis hiss edirsiniz, dayı?” – desələr də Akif cavab vermirdi. Şübhələnən gənclər tez təcili yardıma zəng vurdular. Amma artıq gec idi. Xəstəxanada Akif kişinin kəskin ürək çatışmazlığından öldüyü məlum oldu. Pandemiyaya səbəb olan COVİD-19 virusunun testləri isə neqativ çıxdı. A kif kişi çox qorxduğu virusa yoluxmamışdı. Üstündəki telefon dayanmadan zəng çalırdı. Telefona cavab verən polis nəfəri ağsaqqalın ölümü barədə oğluna məlumat verirdi.

Akif kişinin nəşi evinə gətiriləndə isə bir qrup könüllü ərzaq yardımını təqdim etmək üçün Akif Verdiyevin mənzilini axtarırdı…

Bu xəbəri paylaşın: