Şəhidə həsr olunmuş «QISA ÖMRÜN BÖYÜK DASTANI» adlı tədbir keçirilib

29 yanvar şəhid Kamal Hacıyev Hüseyn oğlunun Anım günüdür.


Hacıyev Kamalın şəhadətindən 28 il ötür. Şəhidin ildönümü ilə əlaqədar olaraq Kəlbəcər rayon 84 nömrəli məktəbində anım tədbiri keçirilib.


Mərasimdə şəhidin övladları, 84 nömrəli məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova, məktəbin müəllimləri, məktəblilər, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini İslam Səfərov, AVMVİB Binəqədi rayon şöbəsinin sədri M.Ələsgərov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik E. Hüseynov, AVMVİB üzvü Kəlbəcər döyüşlərinin iştirakçısı, xidmət rəisi olmuş kapitan Mayil Adilov və şəhidin döyüş yoldaşları iştirak edib.

Respublikamızın ərazi bütövlüyünün qorunması və bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Keçirilən Anım mərasimində çıxış edən məktəbin direktoru Həqiqət Məmişova, şəhidimizlə bağlı xatirələrini bölüşüb. H. Məmişova bildirib ki, mən Kamal Hacıyevi, şəhid qardaşım Etibar Məmişovdan fərqləndirmirəm və bütün şəhidlər mənim qardaşlarımdır.


Xanım direktor qeyd bildirib ki, Yenilməz və Müzəffər Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad etməyi bacardı. Artıq şəhidlərimizin qanı yerdə qalmadı. H. Məmişova belə tədbirlərinin Azərbaycan torpaqlarının azadlığı üçün canından keçən oğulların qəhrəmanlığının, rəşadətinin gənc nəslə çatdırılması, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ictimaiyyətlə əlaqələr üzrə sədr müavini İslam Səfərov bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqın qələbəyə inamı sayəsində torpaqlarımızı işğaldan azad etdik. Bu gün Vətənimiz mənfur düşməndən igid, vətənpərvər oğullarımızın rəşadəti sayəsində alınıb. Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvənc yeri olduğunu tədbir iştirakçılarının diqqəətinə çatdırıb.


AVMVİB Nəsimi rayon şəbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynov çıxış edərək, Azərbaycan xalqı öz gücünü, qüvvətini və birliyini II Qarabağ müharibəsində ən yaxşı şəkildə göstərdiyini vurğuladı. Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa dilədiyini bildirdi. Dünyada ən böyük nemət olan insan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacağını, şəhid ailələri və qazilərimizə qayğının daima diqqətdə olmasının vacibliyini vurğuladı.


Tədbirdə iştirak edən AVMVİB Binəqədi rayon şəbəsinin sədri Mərdan Ələsgərov bildirdi ki, Azərbaycan xalqı müdrik dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyiylə Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi.


Daha sonra şəhidin (ölümündən sonra) layiq görüldüyü AVMVİB İdarə Heyətinin qərarıyla təsis edilmiş «Müharibə Veteranı» Xatirə medalı şəhidin övladı Ülvi Hacıyevə təqdim olundu.


Şəhidin oğlu Ülvi Hacıyev torpaqlarımızın azadlığı uğrunda canından keçən atası ilə fəxr etdiyini bildirib. Şəhid övladı qeyd etdi ki, hər bir Azərbaycan oğlu Vətən uğrunda canından keçməyə hazır olmalıdır.


Mərasimdə çıxış edən, şəhidin qızı Aygün Hüseynova şəhidliyin izah olunmayan bir zirvə olduğunu bildirib. Atasının üzünü xatırlamadığını qeyd edən A. Hüseynova bildirib ki, mən fəxr edirəm ki, şəhid qızıyam.

Tədbirdə şagirdlər Vətənə, topağa aid şəhid Kamal Hacıyevin özü yazdığı və digər şairlərin şeirlərini səsləndiriblər.

Xatırladaq ki, şəhid Hacıyev Kamal Hüseyn oğlu haqqında yazmağı özümə borc bildim. Unudulmaz şəhidimiz gizir Kamal Hacıyev Kəlbəcər rayonu Çaykənd kəndində sayılıb seçilən, şair təbiətli, «Bığlı Hüseyn» deyilən el ağsaqqalının ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarına hərbi xidmətə çağırılmış, hərbi xidmətə olduğu müddətdə gizirlik kursu keçib rütbə almışdı. Məlum Qarabağ hadisələri başlayanda vətənə xidməti özünə borc bilən Kamal Azərbaycana dönərək Kəlbəcərdə yaradılmış özünümüdafiə könüllü dəstəsində, ondan sonra MN əmri ilə yaradılmış 701 nömrəli briqadanın 712 saylı taborunda, polkovnik leytenant Eldar Həsənovun komandiri olduğu taborda vətənin müdafiəsinə qoşularaq Kəlbəcər uğurunda gedən bütün döyüşlərdə iştirak etmişdir. Kəlbəcərin işğalından sonra N saylı hərbi hissənin üçüncü taborunda kapitan Balay Nəsibovun komandir olduğu taborda tağım komandiri vəzifəsində çalışan Kamal Hacıyev, Kəlbəcər qış əməliyyatlarında rəhmətlik şəhid kapitan Mürşüd Məmmədovla çiyin — çiyinə bütün qanlı döyüşlərdə iştirak etmişdir.


1994 cü ilin yanvar, fevral əməliyyatlarında iştirakı zamanı üç nəfər komandirlə mühasirəyə düşən Kamal düşmənə təslim olmur.


Düşmənin — əllərini qaldır, silahı at əmrinə güya əyilərək silahı yerə qoymaq bəhanəsi ilə əyilib bir anda avtomatın qoruyucusun açaraq atəş açaraq qacıb xilas olan Kamal qarlı Murov dağlarına üz tutur. Amansız dağ aşırımlarında təbiətin sərt üzüylə rastlaşan Kamal ümüdünü üzmədən irəliyə , vətənindən, elindən didərgin düşmüş ailəsinə — balaca Ülvüsünə yetişməyə can atirdı. Dağ aşırımlarının böranlı , covğunlu yollarında gecə olduğu üçün görmədən qara batan Kamal gecəni tarın içində kecirtməli olur. Qarın altında , vətən torpağının doğma istisinə , hənirinə uyuyan Kamal səhəri günəşin şüalarının üzünə düşdüyü an hiss edir (Qarın altı çöldən isti olduğu ancaq ovçular birdə dağ adamları bilər).


Qarın altından çıxaraq dağları aşıb Daşkəsən rayonuna gəlib çıxır. Ayaqları yalın olduğunda tam soyulmuş , dəridən çıxmış vəziyyətdə olduğu üçün hərbi xəstəxanaya gətirilir…


Kəlbəcərə ikinci qış əməliyyatında isə düşmənlə qeyri bərabər döyüş zamanı Kamal öz ayrılmaz komandiri kapitan Mürşüd Məmmədov və əsgərlərı ilə şəhidlik zirvəsinə yüksəldı!

Elnur Səlim

Bu xəbəri paylaşın: