“Yaxın gələcəkdə elektrik gücünü artırmaq üçün bəzi investisiya planları var. Fotoelektrik stansiyalar və günəş enerjisi ilə işləyən su qızdırıcıları ilə yanaşı, icmalarda heyvanların düşmən tərəfə keçməsinin qarşısını almaq üçün “elektrikli çoban” proqramını da tətbiq edəcəyik”.
Erməni mediasının yaydığı məlumata görə, bunu Qarabağ torpaqlarımızın bir hissəsində Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qanunsuz “ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan dünən- fevralın 4-də keçirilmiş yekun mətbuat konfransında söyləyib.
Separatçı məmurun sözlərinə görə xuntanın “enerji sektorunda ən uğurlu layihələri” 2021-ci ilin iyununda başa çatdırılan 45 km uzunluğunda 54 kV-luq Xankəndi-Xocavənd-Çartar hava xəttinin tikintisi olub.
“Nazirliyin proqramları çərçivəsində biz enerji sahəsində tikintilərə xeyli vəsait ayırmışıq. Ötən il qaz və elektrik enerjisinə 12,3 milyard dram(təxm. 41 min 780 manat- S.L.) enerji subsidiyası verilib”- A. Xanumyan qeyd edib.
Xatırladaq ki, “elektrik çoban” proqramı xeyli müddətdir ki, Azərbaycandakı təsərrüfatlarda tətbiq edilir. Söhbət otlaqda mal-qaranın hərəkətini məhdudlaşdıran, yəni kənar yerlərə çıxmamasını təmin edən qurğudan gedir. Bu, elektrik keçirməyən payalar üzərində asılmış bir neçə sıra gərginlikli naqillərdən ibarət hasardır. “Elektrik çobanı”nın işləmə prinsipi tel boyunca qısamüddətli yüksək gərginlikli impulsların ötürülməsinə əsaslanır. Heyvan məftillə təmasda olduqda ağrıya səbəb olan elektrik cərəyanı alır və geri qaçır.
Mənbə: Moderator.az