Poeziya çələngi: Böyük davaların vədəsi çatıb…

ELBARİZ MƏMMƏDLİ

Hələ yol uzundu, bitməyib zaman,
Böyük davaların vədəsi çatıb.
Durun, Şuşamızda qalxan bayrağın,
Gedib Saxaya da sədası çatıb.

DURUN

Elə bil ağzına daş basılıbdı,
Yanan ürəklərdə ölüm süstlüyü.
Baxanda adamın köksünü deşir,
Mürgülü gözlərin yem hərisliyi.

Çıxıb yavaş- yavaş yaddaşdan, gedir
Bayraq davaları, qan davaları.
Bir qarın çörəyə qaçır qılınca,
Çalınmış Vətənin binəvaları.

Qul haqqı canına elə oturub,
Çoxunun əlindən alınıb başı.
Hər gün, hər addımda qəsdinə durur,
Bu bədbəxt millətin, manqurt «yaddaş»ı.

Çəkir sinəsinə dərdi, sevinc tək,
Olub keçənlərdən çoxu baş açmır.
Özgə niyyətlərin küyünə gedir,
Doğma davasının üstünə qaçmır.

Hər günü ehtiyac, hər anı təlaş,
Dərdi duymayanlar bu qəmi sezməz.
İnsanlar anlayıb duyaydılar, kaş,
Ruhu kölələri Tanrı da sevməz.

Harda uralanıb, od püskürən ruh?
Əbədi sevgisi sanki dəyişib.
Eşqi səhralarda «bitən» millətin,
Duyğusu dəyişib, rəngi dəyişib.

Yovşan çiçəkləri ölməyib, hələ,
Bu vaxtın-zamanın qarışığında.
Özünü gizlədib, yazı gözləyir,
Sibirin ayazlı qar işığında.

Orda meşələr də eşqə tamarzı,
Yaşıl çəmənlərin su dərdi yoxdu.
Millət ki, gödəndən asıldı, bitər,
Yaxşı ki, hamının bu dərdi yoxdu.

Hələ yol uzundu, bitməyib zaman,
Böyük davaların vədəsi çatıb.
Durun, Şuşamızda qalxan bayrağın,
Gedib Saxaya da sədası çatıb.

YIXILIR

Naxələf adam
doğulduğu gündən yıxılır,
yıxılanda.
Laylasından yıxılır,
yuvasından yıxılır,
səsindən yıxılır,
uşaqlıq illərindəki, göyləri qucan
körpə həvəsindən yıxılır.
Vətən sevgisindən, torpaq haqqından,
onu ayaqda saxlayan
mübarək qından yıxılır.
Ən əsası ,
heç vaxt qisməti olmayacaq,
insan adından yıxılır…


TƏKİ


Hər şeyin öz vaxtı var
təki zaman gecikməsin.
Təki sozalmasın, ürəklərə düşən işıq,
əlini ümiddən üzməsin,
kədəri mamırlaşmış dağlar,
həsrəti qarımış yovşan kolları.
Tanrıya uzanmaqdan yorulmasın,
yalçın qayaların
göyləri qucan qolları.
Çiçəklər payıza oxşatmasın rəngini,
sular dəyişməsin ahəngini,
bir az şər ayaqda qaldı,
bir az da biz ləngidik …
Könlümüz təşnə qaldı,
ay işığından tutub
hayqıran Qurd səsinə,
Doğunun günəşlə havalanan
yurd nəğməsinə.
Təki zaman gecikməsin,
yox, gecikməsin, daha.
Yetər, ruhu əzilmiş ,
eşqi uralanmış yurdların
həsrət qaldığı
mübarək ayaqlara,-
hər il üzü bahara…

ADAMLAR

Eh, yorulduq sizdən, daha,
Yorulduq, yaltaq adamlar.
Yalanı dağa daşıyan,
Əyriliyə tağ adamlar.

Haqqa borclu, — varlıq olan,
Ay, ruhu məzarlıq olan,
Gedib şərə yarlıq olan,
Gönü, nəfs » cağ » adamlar.

Yaşantınız könül açmır,
Adınız nifrəti aşmır,
Heç bir qan ilə uzlaşmır,
Qanınız, sarsaq adamlar.

Əməliniz can talayan,
Ətək öpən, yan yalayan,
Nədir, sizləri qalayan,
Nifrətə optaq adamlar?

Neçə sifət varmış, sizdə,
Yüzü altda, yüzü üzdə,
Şeytan şahdı könlünüzdə,
Söz xurcunu «yağ » adamlar.

Neyniyək, həyat belədi,
Beşindən üçü kölədi,
Bəşərə qarğışdı, nədi,
Bu, üzdəniraq adamlar?

MƏNİ FİKİR ÖLDÜRÜR

Çöldə elə soyuqdu,
Sazaq üzür adamı.
Qarışıb həsrətinə,
Buz eləyib odamı.

Gecənin aynasında,
Zülmətin əli qanlı.
Məni fikir öldürür,
Burda,- sənə ünvanlı.

Səsi elə kəsilib ,
Qərib göyərçinlərin.
Səssizliyin içində,
Tək küləklər cinlənir.

Göydən yerə buludlar,
Seyrək qar atır hərdən.
Mən səni düşünürəm,
Qəm məni tutur hərdən.

Üşüyür ürəyim də,
Çaylaqda daşlar kimi.
Soyunub ümidini,
Yalın ağaclar kimi.

Sizdə də qar yağırmı?
Sənə də soyuqdumu?
Bilirəm ki, oyaqsan,
Niyə?
Yuxun yoxdumu?

Bu xəbəri paylaşın: