– “Elxan Məmmədov tərəfindən işlə təmin olunması ilə bağlı hər hansı müraciət daxil olmamışdır…”
Xəbər verildiyi kimi, Beyləqan rayonunun Şərq kəndində yaşayan qazimiz Məmmədov Elxan Mehman oğlu yaşadığı evin həyətindəki mal tövləsində özünü iplə asıb.
Qafqaz.media xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb.
İddia olunur ki, Qazinin ailə vəziyyəti çox çətin olub, işsiz olub heç bir gəlir yeri olmayıb, dəfələrlə müraciət etməsinə baxmayaraq rəsmi qurumlardan kömək edən olmayıb.
Beyləqan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev iddia edir ki, Elxan Məmmədov tərəfindən işlə təmin olunması ilə bağlı hər hansı müraciət daxil olmayıb: “Məsələ ilə bağlı məlumat verirəm ki, mərhum Məmmədov Elxan tərəfindən işlə təmin olunması ilə bağlı Rayon İcra İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır.

Məlumat üçün qeyd edək ki, şəhid ailələri və qazilər Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən növbədənkənar qəbul olunur. İşlə təmin olunmaları üçün müraciət etdikləri zaman ilk növbədə onlar diqqət mərkəzində saxlanılır və müraciətləri əsasında işlə təmin olunması istiqamətində işlər aparılır”.
