Ukrayna Təhlükəsizlik Xidməti əks-diversiya təlimlərinə başlayıb

Çərşənbə axşamı, fevralın 15-dən Ukrayna Təhlükəsizlik Xidməti Kiyev şəhəri və Kiyev vilayətində çoxmərhələli əks-diversiya təlimlərinə başlayıb.

Bu barədə UTX (SBU) Baş İdarəsinin Facebook səhifəsində məlumat verilib.

“Təlim bütün paytaxt regionunda, xüsusilə sərhədyanı ərazilərdə keçiriləcək. Təlimlərin məqsədi hüquq-mühafizə orqanları ilə hakimiyyət orqanları arasında idarələrarası qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, mühüm infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsi, həmçinin şərti təxribat qruplarının müəyyən edilməsi və saxlanılmasıdır”, — UTX-dən bildiriblər.

Təlimlər real şəraitə mümkün qədər yaxın şəraitdə, xüsusi texnika və silahların tətbiqi ilə keçiriləcəyindən müəyyən ərazilərdə insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla, şəxsiyyət və nəqliyyat vasitələrinə texniki baxış keçirilə bilər. Ukrayna Təhlükəsizlik Xidməti yarana biləcək narahatçılığa anlayışla yanaşmağı və şəxsiyyəti təsdiq edən sənədlərin əldə olmasını xahiş edib.

“Bütün tədbirlər mövcud qanunvericilik çərçivəsində və insan hüquq və azadlıqlarına qeyd-şərtsiz riayət olunmaqla həyata keçiriləcək”, — deyə UTX əlavə edib.

Təhlükəsizlik Xidməti qeyd edib ki, Ukraynanın əksər regionlarında əks-təxribat təlimləri keçiriləcək. Onların məqsədi dövlət sərhədinin və strateji obyektlərin mühafizəsini gücləndirməkdir.

Bu xəbəri paylaşın: