Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək — Ukrayna Silahlı Qüvvələri

Kiyevə aparan yollar etibarlı şəkildə «qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Facebook-dakı məlumatında deyilir.


Kiyevin müdafiə komandanı — Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində — Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.


«12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, — məlumatda deyilir.


Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. «Paytaxta aparan yollar isə etibarlı şəkildə «qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək”, — məlumatda vurğulanıb.

Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. «Biz hər fürsətdə düşməni məhv edəcəyik”, — Sırski bildirib.

Mənbə: Sfera.az

Bu xəbəri paylaşın: