Putinə “ölümsaçan diktator” və “quldur” deyən Baydenə Kremlin cavabı

ABŞ prezidenti Bayden yenidən Putinin ünvanına sərt ifadələr işlədib. 

RİA-Novosti-dən bildirilir ki, Bayden Rusiya prezidentini “ölümsaçan diktator” və “quldur” adlandırıb.

Bayden bu sözləri “İrlandiyanın dostları” qrupunun illik naharında deyib.

Bayden irlandiyalıların Ukraynaya Rusiya hucumuna qarşı mübarizədə töhfələrini qeyd edib:

“Hazırda sizin Ukrayna xalqına qarşı mənəviyyatsız müharibə aparan ölümsaçan diktatora, quldura qarşı çxış edən Britaniya ilə birgə İrlandiyanız var”-deyə Bayden bildirib.

Kremlin Baydenin Putinə qarşı ittihamlarına cavabı özünü ləngitmədi.

RİA Novosti-nin verdiyi məlumata görə, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ prezidenti Co Baydenin Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə bağlı açıqlamaları qəbuledilməzdir, başqa dövlətləri bombalayan ölkə prezidentinin belə sözlər söyləməyə haqqı yoxdur.

Bayden daha əvvəl demişdi ki, o, Rusiya liderini “müharibə cinayətkarı” hesab edir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-nin bu bəyanatını şərh edərkən, ölkə prezidentinin bombalarından dünyada yüz minlərlə insanın həlak olduğu bu cür ritorikasını qəbuledilməz və bağışlanmaz adlandırıb.

“Rusiya Federasiyasının rəhbəri, dövlət başçısı olan Prezidentimiz çox müdrik, uzaqgörən və mədəni beynəlxalq xadimdir. Cənab Baydenin bu cür bəyanatları — mən dünən dedim — qətiyyən yolverilməzdir, qəbuledilməzdir, üzrlü deyil və ən əsası, yəqin ki, uzun illərdir bütün dünyada insanları bombalamış dövlət başçısının bunları söyləməyə haqqı yoxdur”, Peskov suala cavab olaraq bildirib ki, Kreml Baydenin bu cür bəyanatlarını ABŞ-la diplomatik münasibətləri kəsməyə yanaşma kimi qiymətləndiribmi və nə üçün Putin bu cür bəyanatlara cavab vermir.

O xatırladıb ki, ABŞ “artıq məğlub olmuş ölkəyə” atom bombası atıb və bunun heç bir mənası yox idi.

“Belə bir ölkənin prezidentinin belə sözlər söyləməyə qətiyyən haqqı yoxdur. Bu, bizim dərin inamımızdır”, — deyə Kreml sözçüsü əlavə edib.

Bu xəbəri paylaşın: