Rusiya, Ukraynanın 234 uçan döyüş aparatından 353-nü «vurub»…

Adətən müharibələrdə qarşı tərəfin itkiləri dezinformasiya kimi nəzərdən keçirilməlidir. Çünki döyüş getdiyi günlərdə hansısa statistik məlumatın aparılmasından söhbət gedə bilməz. Məsələn, Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatı məhv etdiyini bəyan edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.

İqor Konaşenkov həmçinin bildirib ki, Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim ediləcək.

İndi isə Ukrayna Silahlı Qüvvələrinin potensialını nəzərdən keçirək: Global Firepower (GFP) 2022-ci il üçün hərbi gücün illik reytinqinə əsasən, Ukrayna ordusu döyüş gücünə görə dünyada 22-ci yerdədir.

Ukrayna Silahlı Qüvvələrinin sayı 361 min nəfərdir, döyüş təcrübəsi olanlar — 407 min nəfər, ehtiyatda olanlar — 1 milyon nəfərdir.

GFP-nin məlumatına görə, Ukrayna ordusunun 2809 tank, 8217 zirehli döyüş maşını, 1302 özüyeriyən artilleriya qurğusu, 1669 top artilleriya qurğusu və 625 reaktiv yaylım atəş sistemi ilə silahlanıb.

GFP ekspertləri 39 qırıcı və 33 hücum helikopteri də daxil olmaqla cəmi 234 uçan döyüş aparatının (təyyarə və PUA-lar daxil) olduğunu qeydə alıblar. Hərbi Dəniz Qüvvələrində 1 layihə 11351 Nereus patrul gəmisi (freqat kimi təsnif edilir), 1 layihə 1124P kiçik sualtı qayıq əleyhinə gəmi (donanmadan çıxarılmağa hazırlaşır) və 1 layihə 773 orta desant gəmisi, 1 layihə 1258 minaaxtaran gəmi, 1 layihə 26- MR raket kateri, 7 layihəli 58150 çay zirehli kateri, Amerika istehsalı olan 2 ada patrul gəmisi (2021-ci ildə bu sinifdən daha 3 gəminin təhvil verilməsi planlaşdırılır), bir anti-diversiya və bir Sovet istehsalı desant kateri var.

Bu adi statiskadan görünən odur ki, Ukraynanın müharibədən öncə malik olduğu silahların əks olunduğu siyahıda uçan vasitələrin sayı 234 ədəd göstərilib. Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatı məhv etdiyini bəyan edib. Yəni bu rəqəm 353 uçan aparatın vurulmasını bəyan edir. Belə çıxır ki, Rusiya əlavə 119 uçan aparat vurub. Rusiyamı yalan danışır, yoxsa ABŞ bölgəyə uçan aparatlar göndərib?

Rusiya, yəqin indi öz təyyarə və helikopterlərini vurmağa başlayıb…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: