
Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
«Ну что, сынок, помогли тебе твои ляхи?» (Ну що, синку, допомогли тобi твоi ляхи?) «Taras Bulba».
Ukrayna-Rusiya müharibəsinin özəlliyi ondadır ki, bu müharibədə tərəflər üçün qələbə payı nəzərdə tutulmayıb. Yəni əslində bu müharibə Avropa və ABŞ arasında gedir. ABŞ, Avropada mərkəzdənqaçma meylləri olan dövlətlərə özünün müdafiə rolunu xatırlatmaq üçün Ukraynadan «balıqçı qarmağına taxılmış yem kimi» istifadə etdi. Rusiyanı bu yemlə qarmağa saldı. Rusiyanın tarixən axmaq «Pirr qələbələri» ilə öyünən bir psixologiyasına bələd olduğu üçün qəsdən rus hücumuyla bağlı bir «xof yaratdı».
New York Times-ın köşə yazarı Tomas L. Fridman «Bu, Putinin müharibəsidir. Lakin ABŞ və NATO da günahsız seyrçilər deyillər» başlıqlı məqalə yazıb: “ABŞ yanğını alovlandırdı, onun tamamilə günahsız olduğunu söyləmək olmaz”.
Həqiqətən də diqqət yetirdikdə savaşdan öncə ABŞ prezidenti savaş ruporluğu etdiyini görərik. «Rusiya Ukraynaya təcavüz edəcək», «şəhərlər raketlərlə vurulacaq», «Zelenskini ölkəni tərk etməyə çağırmaq» və s. kimi çağırışların nə məqsədi vardı?..
ABŞ itirilmiş NATO və öz nüfuzunu bu fonda bərpa etməyə və hələ də dünya üzərində diktat olduğunu göstərməyə çalışır. Bu günlərdə ABŞ-ın “New York Times” qəzetində dərc olunan digər bir məqalədə NATO və ABŞ-ın Rusiyanı təhrik edən hərəkətlərinin mövcud vəziyyətə gedən yolda yanlış addımlar olduğu bildirilmişdi. Ən azı Baydenə bu savaş öz itirilmiş reytinqini bərpa etmək üçün vacib idi.
Diqqət edək. ABŞ prezidenti Co Baydenin reytinqi Konqresə illik «Ölkənin vəziyyəti haqqında» müraciətindən dərhal sonra yüksəlib. Ən son NPR/PBSNewsHour/Marist araşdırmasına görə, indi bu, bir ay əvvəllə müqayisədə 8 faiz artaraq 47 faizdir. Marist Institute for Public Opinionun direktoru Li Mirinqoff bunun olduqca qeyri-adi olduğunu deyir. 1978-ci ildən bəri ABŞ tarixində cəmi altı dəfə liderlərin reytinqi ölkənin vəziyyəti ilə bağlı müraciətdən sonra yüksəlib, lakin bu yüksəliş 4 faizdən çox olmayıb.
Xatırladım ki, ABŞ-ın 46-cı prezidentinin populyarlığı aydan aya durmadan azalırdı. Yanvar ayında CBS News sorğusuna görə Baydenin təsdiq reytinqi 44%-ə düşmüş, Quinnipack Universiteti isə bu rəqəmi daha dağıdıcı bir rəqəmlə — 33%-lə ifadə etmişdi. Müstəqil sorğu şirkətləri isə bu rəqəmin 30 faizdən aşağı düşdüyünü bəyan etmişdi. Amma problem bununla da məhdudlaşmırdı.
CNBC-nin sorğusuna əsasən, ABŞ prezidenti Co Baydeni bəyənməyən amerikalıların sayı dekabr ayında 56%-ə yüksələrək yeni antirekorda imza atmışdı. Respondentlərin yalnız 44%-i Baydeni dəstəklədiyini bildirmişdi.
Telefon sorğusu dekabrın 17-20-də keçirilib. Burada 18 və yuxarı yaşda olan 1895 qeydiyyatdan keçmiş ABŞ seçicisi iştirak edib.
Sorğuda iştirak edənlərin yarıdan çoxu (55%) Co Baydenin koronavirus pandemiyasına qarşı mübarizə tərzindən narazı idi.
Respondentlərin 60%-i ABŞ prezidentinin iqtisadi problemlərin həllinə yanaşmasını bəyənmədiyini bildirib. Təxminən 72% inflyasiya ilə mübarizədə onun hərəkətlərini bəyənmir. Respondentlərin təxminən 84%-i il ərzində ölkədə qiymət artımını pisləyib.
Eyni göstəricini Fransa prezidenti Makrona da aid etmək olar. Seçkilərdə öz reytinqini artırmaq üçün bu savaşdan fəal şəkildə yararlanır.

Zelenski martın 16-da ABŞ Konqresində çıxış edib. O, ABŞ-ın tarixindəki siyasi hadisələrlə Ukraynadakı vəziyyəti müqayisə etməkdən çəkinməyib. Bunlardan biri də 1941-ci ilin sonunda Yaponiyanın Pörl Harbora hücumu olub. Məhz bundan sonra ABŞ İkinci Dünya Müharibəsinə qoşulub. Onu da qeyd edim ki, bu uğursuz müqayisə Yaponiyanın narazılığına səbəb olub. Çünki adı çəkilən olayda ABŞ işğalçı Rusiya ilə müqayisə oluna bilərdi.
Yaponiyalı sosial şəbəkə istifadəçilərinin reaksiyası isə fərqli olub. Bir istifadəçi yazıb: “Pörl Harbor mövzusuna təfərrüatlı toxunmayacağam. Amma məndə belə təəssürat yarandı ki, Zelenski hərbi münaqişə üçün kampaniya aparır. Ona görə də onun Konqresdəki çıxışına böyük şübhəm var”.
Başqa bir yaponiyalı yazır: “İndi aydın oldu ki, uzun müddət Rusiyanı təxribata və silahlı münaqişəyə cəlb etməyə səy göstərən əsas şəxs məhz Zelenski olub. Zelenskinin Konqresdəki bu çıxışı məndə bu cür fikirlərin yaranmasına kifayət etdi. Ona görə də mən Ukraynanı dəstəkləyə bilmirəm”.
Zelenski, həmçinin məlum çıxışında 2001-ci il sentyabrın 11-də terrorçuların Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin binasına hücumunu da xatırladıb.
Yəni Zelenski burada bir ABŞ-ın müəyyən etdiyi senari üzrə rol aldığı üzə çıxır. Bu günədək ABŞ-ın konkret olaraq müharibəni dayandırmaq haqqında, nə fəaliyyətinə, nə də çağırışına rast gəlinməyib.
Hələ 2018-ci ildə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest” nəşrinə açıqlamasında demişdi: “Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir”.
Vaşinqtonda Brookinq Tədqiqat İnstitutunda çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin komandiri general Devid L. Qoldfeyn bildirmişdi ki, bu strateji layihə Rusiya və Çindən gələn “təhdidlərə” qarşı başladılıb: “Təxminən 1 il davam edəcək və bu işlər 135 milyard dollara başa gələcək. ABŞ Hərbi Qüvvələri sözügedən yeni strategiyaya daxil ediləcək və “F-35” döyüş təyyarələri baş rol oynayacaq. “Troya atı” strategiyasının əsas məqsədi “düşmənin zəif nöqtələrini” vurmaq olacaq”.
“Troya atı” strategiyasının həyata keçirilməsi mövcud hakimiyyətin devirilməsi məqsədi ilə əhalinin kütləvi çıxışlarıyla müşayiət olunan sosial partlayışdan başlanmalıdır.

Strategiyanın reallaşdırılmasının ikinci mərhələsində xarici qeyri-müntəzəm hərbi birləşmələrdən istifadə mümkündür.
Üçüncü mərhələdə isə, daimi və qeyri-müntəzəm birləşmələr, ABŞ Hərbi-Dəniz Qüvvələri, döyüş aviasiyası və onların müttəfiqləri istifadə edilə bilər. Bundan sonra “Troya atı” başa çatır və təcavüzkarın silahlı qüvvələri silahlı mübarizənin ənənəvi formalarına keçirlər.
Yaxud da 2017-ci ilin oktyabr ayında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür. Proqnozları sizlərə xatırladırıq.
Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib.Fridman 2030-cu ilə qədər Rusiya Federasiyasının dağılacağını iddia edib. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Karelyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.
Bildirək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumın xalqı Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun (sabiq prezident — red.) “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkirdi. Çünki o, Rusiya meyilli siyasətçi kimi tanınıb.
Fridmanın proqnozlarına görə, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək. Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı isə qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.
Proqnozda Rusiyasız qalan Ermənistanın yox olacağı deyilirdi. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcəklər. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək. Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək. İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

Rusiya bu plandan xəbərdar idi. Martda (2018-ci il) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Rəisi Valeri Gerasimov bildirmişdi ki, “Troya atı”nın ikinci eşelonu ABŞ-ın və Qərb müttəfiqlərinin müntəzəm xüsusi əməliyyat güclərindən ibarətdir. “Troya atı” strategiyasının mahiyyəti ən əhəmiyyətli obyektlərə yüksək dəqiqlikli silahlarla zərbələrin endirilməsi ilə yanaşı, “beşinci kolon”un etiraz potensialının aktiv istifadəsindən ibarətdir.
Hələ Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin destabilizasiyası üçün “Troya” gizli əməliyyatı hazırlaması barədə Böyük Britaniyanın “The Times” nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi” məqalə yayınlamışdı.
Məqalə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav Surkovun elektron poçtuna gələn məktublarından götürülmüş informasiyalar əsasında hazırlanmışdı. Beləliklə, Ukraynanın daha bir regionunun Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılmışdı.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş deputatı Aleksey Muratov adı çəkilən əməliyyatın müəllifi idi. Əməliyyata görə, Ukraynanın Zaporojye vilayətində (Azov dənizinin sahilində yerləşir, Donetsk vilayəti ilə həmsərhəddir –red.) əhalinin hakimiyyət əleyhinə qiyama hazırlanması nəzərdə tutulurdu. Muratovun da dediyi kimi, vilayəti “nasist-faşist işğalçılarından azad etmək” istəyirdilər. Bu, Ukraynanın destabilizasiyası üzrə Kremlin daha geniş planının bir hissəsi idi.
Məqalənin həmmüəllifi, Mühafizəkarlar Partiyasından olan Britaniya deputatı Bob Silinin sözlərinə görə, mənbələr gizli kampaniyalara və hibrid müharibəyə, həmçinin aksiyalarda iştirak və regional hökumətlərin devirilməsi üçün ödənilən məbləğlərə işıq salırdı.
“Troya” əməliyyatına uyğun olaraq, Muratov Rusiyayönlü qiyamın Donbasdan qərbə yayılmasına 181 min dolların ayrılmasını təklif etmişdi. Əməliyyatın həyata keçirilməsi üçün həmin vaxt ərazidə olan Rusiyanın casus şəbəkələrindən istifadə nəzərdə tutulurdu.
Bizdə bəzi politoloqlar və yaxud hərbi ekspert kimi təqdim olunan analitiklər müharibənin yalnız görünən üzüylə fikir söyləməyə çalışırlar. Bu bir sentimental münasibət olduğu üçün reallığı açmaqdan çox, gizləməyə xidmət edir.
Əslində bilmək lazımdır ki, müharibələr fəlakət olmaqla yanaşı, həm də siyasi tərəflər üçün bir fürsət hesab olunur. Müharibələrin yaratdığı xaos əslində nəzərdə tutulan qlobal planların həyata keçirilmə fürsəti kimi qiymətləndirilməlidir.

Rusiya və ABŞ yeni Dünya düzənində alacaqları rolun əndişəsini yaşamaqdadırlar. 100 illik dövr başa çatır və Dünya yenidən bölüşdürülür. XX əsrin ilk günlərindən başlanan Qərbdən Hindistanadək olan yolların tarixini oxuduqda bu günün bütün mənzərələri asanlıqla anlaşıla bilər. «Bir kəmər, bir yol» ortadaykən bizlər daha diqqətli olmağa məhkumuq. Çünki adlatdığımız tarixdə ABŞ Avropanı kommunizmidən, Rusiya isə türklərdən qorumaq missiyasını həyata keçirib. Artıq kommunizm təhlükəsi olmadığından bu iki imperiyanı birləşdirən məqam anti Türk olmalarıdır. Bunu Suriyada, Liviyada və PKK kimi terror ünsürləriylə əməkdaşlıqda, Qarabağ münaqişəsində daim separatizmi dəstəkləmələrində hər birimiz müşahidə etmişik və etməkdəyik. Ona görə də mövcud durumda Türkiyənin neytrallığı qoruması vacibdir. Hələ bəzi azərbaycanlı psevdo-patriotların saxta hay-küylə Ukraynanın yanında olmağa çağırışlarını demirəm.
Rusiyanın Ukraynaya müdaxiləsi gözlənilən olsa da bir tələskənlik nəzərdən qaçmadı. Bunu Rusiyanın anidən tanıdığı iki separatçı oyuncaq rejimin, guya fevralın 24-də Putinə Donbas respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bildirilib ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Rusiyanın hərbi idarəsinin açıqladığı kimi, onun silahlı qüvvələri şəhərlərə zərbə endirmir, yalnız hərbi infrastrukturu sıradan çıxarır. Bu Rusiyanın açıqladığı və hər kəsdə gülüş doğuran səbəblər ABŞ-ın İraqda nüvə reaktoru axtarmasına bənzəməkdədir.
Əldə etdiyimiz bəzi məlumatlara görə bu savaşda tələskənliyə səbəb ABŞ-ın Rusiyanı Orta Asiyada və ya Uzaq Şərqdə oyuna salmaq planını pozmaq üçün Rusiya tam hazırlıq görmədən Ukraynaya təcavüz etdi. ABŞ Çin bəhanəsiylə öz arsenalını Çin dənizlərinə yeritməklə hazırlıq işləri görməkdəydi. Qazaxstanda plan baş tutmayınca daxildə sosial yönəmli etirazlara start verilməsi, Kuril adaları və etnik qarşıdurmalar dövrəyə daxil edilməliydi (Xabarovskda və ətraf regionlarda baş verən etirazlar). Lakin Putin bu həmləyə qarşılıq ABŞ-ı Avropada «yaxaladı». Dağılmaqda olan Avropa Birliyi, çat vermiş NATO-nun toparlanması üçün zaman lazımdır. Ona görə də savaşan iki ortodoks xristian dövlətin araçılığını edən Yevangelist Amerika savaşın dayanmasını deyil, uzanmasına xidmət edən çağırışlar edir. Qərbin Ukraynanı müdafiə etməsi bir yana qalsın, özünü müdafiə edə bilməməsi faktı ortadadır. ABŞ vaxt udmaqla Qərbdəki mərkəzdən qaçma meyillərini ram etməyə, 28 üzvlük NATO daxilindəki narazılığı yatırtmağa çalışmaqdadır. Əslində bu gün 28 üzvün hər biri NATO-nu Pentaqona xidmət edən bir hərbi qurum olduğunu bir daha gördülər.
ARDI VAR



