ŞƏRDƏN DOĞULANLARA CƏNG DƏRSİ

ELBARİZ Məmmədli

Əzəmətli Ukrayna xalqı və torpağı bu dərdi adladacaq. Buna kiminsə şübhəsi olmasın. Amma içində yaşadığımız zaman o qədər əli qanlıdır ki, eynilə bizim kimi, ukraynalıların yaddaşında da Kreml vandalizminin cinayətləri əbədi olaraq qalacaq. Mariupulda, Xersonda, Kiyevdə raket və artilerya hücumları, zirzəmilərdə aclıq məcburiyyəti ilə öldürülmüş günahsız insanların əli daim rus neofaşizminin yaxasında olacaq.

Faciəli olan odur ki, bizim məmləkətdə hələ də Rusiyanın qüdrətindən dəm vuranlar, ona dünyanın ədalət bucağı kimi baxanlar var. Yəqin Xocalıda, Çeçenistanda və Ukraynanın ayrı-ayrı şəhərlərində qətlə yetirilən minlərlə insanı və körpələri də ruslar öldürməyiblər. eləmi?

Rusiyanın savaş taktikası bütün tarix boyu əliyalın insanların qətl edilməsindən keçib. Bu şər İmperiyasının mahiyyətində heç vaxt insan faktoru aparıcı amil olmayıb. Onlar üçün mövcudluğun fəlsəfəsi kütləvi insan qətllərinin törədilməsi üzərində qurulub.1941-1945 -ci illər müharibəsində sonrakı araşdırmalara görə 40 milyona qədər insan həlak olub. Bu insanların çoxluğu səssiz-səmirsiz yeri-izi bilinmədən bir «qara kağız» la dəyərləndirilərək tarixin arxivinə atılıb. Rejimin xofu kiminsə həqiqəti deməsinə imkan verməyib. İndi həmin hadisələr Ukraynada təkrarlanır. Hər yan əsgər meyitləri ilə doludur və nədənsə Kreml xuntası meyitinə yiyə durmağa maraqlı görünmür. Bax, budur onların mahiyyəti. Zombiləşdirilmiş cəmiyyət, insanlıq hissləri aşılanmış toplumlar, özündənrazı təbliğat, başqalarını qəbul etməmək harınlığı və.s.

Ruslar heç vaxt ədalətli müharibə aparmayıblar. Çünki tarixən onlara məxsus olmayan torpaqlarda möhkəmləndikcə, ətrafdakıları öz təsir dairəsində saxlamağa, özündən asılı vəziyyətə salmağa maraqlı olublar. Yəni, XVII-XVIII əsrlərdə hansı təfəkkürdə olublarsa, bu gün də həmin düşüncədə qalıblar. 1990-cı ilin yanvarında Bakıya da, ermənilərlə birgə Xocalıya da, Çeçenistana da, Ukraynaya da kütləvi qətillər törətmək üçün gecə saatlarında soxulublar. Nəticəsi də ğöz qabağında. Ədalətli müharibə aparanlar heç vaxt mülki əhaliyə divan tutmaq niyyətinə köklənmirlər. Təəssüf ki, sadaladığımız faktların heç biri ədalət hissinə söykənmir. Burda bir təəssüf doğuran hal da rus cəmiyyətinin başqalarının kütləvi qətliamına etinasız yanaşmasıdır. Yox, heç bir toplumun bunca allahsız olmaq haqqı yoxdur. Çünki başqalarının faciəsinə laqeyd münasibət sənin öz dərdinə də biganəlik yaradır. Çoxları iddia edir ki, Rusiya cəmiyyəti Ukraynadakı savaşın reallığını biləndə, ölkədə vəziyyət gərginləşəcək. Heç nə olmayacaq. Bu cəmiyyətdə insani hisslərlə yaşamaq duyğusu çoxdan ölüb. Özlərində qapalı mühit yaradılsa da, kənardan yetərincə informasiya ala bilirlər və eşitdiklərinin üzərindən sükutla keçirlər. Özlərindən razı halda, öyünməyə davam edirlər. Ukraynada isə, şəhər və kəndlər xarabalığa çevrilir, savaşdan kənarda olan insanlar amansızcasına od-alovda yandırılır…

Ukrayna müharibəsi bütün insanlığın Şərlə savaşıdır. Həm də insanlığın bu günə qədər inandığı bəzi reallıqları daha dərindən dərk etmək imkanıdır. Əslində bu müharibə göstərdi ki, dünyanın əksər ölkələrinə insanlıq hissindən, siyasi düşüncədən kənar olan fərdlər rəhbərlik edirlər. Onların sırasında fransız Şarl de Qoll, ingilis Uinston Çörçil, rus Qromıko, alman Kol, amerikalı Kennedi kimi siyasilər yoxdur. Əgər olsaydı, Ukrayna kimi bir dövlətin xain əllə bu qədər dağıdılmasına imkan verilməzdi. NATO bloku özünü qorumaq düşüncəsinə köklənməzdi. Hərçənd ki, qəhrəman Ukrayna xalqı Rusiyanın yalançı mifini elə ilk həmlədə darmadağın etmişdi və etməkdə davam edir.

Hamı üçün ən maraqlı sual Rusiyanın niyə Ukraynaya hücum etməsidir. Əvvəla onu demək lazımdır ki, rus mifi İkinci Qarabağ savaşında ciddi zədələnməyə məruz qalmışdı. Hərbi arsenalı uğursuzluğa düçar olmuşdu. Sonra bu zədəni sağaltmaq üçün Qazaxıstan «təlim»ini ortaya atdılar. Özlərinə inanıb, azadlığını boğmaq üçün xaincəsinə Ukraynaya hücum etdilər. Bununla da həm narazılığı artmaqda olan daxili auditoriyaya, həm də ətrafdakı azadlıqsevər xalqlara dərs vermək istədilər. Ukrayna bataqlığında həm özlərini, həm də niyyətlərini dəfn etmək zorunda qaldılar. Artıq bir aydır ki, iki günə hesabladıqları nəinki Kiyev, hətta Xarkov , Nikolayev, Odessa, Xerson səddini keçə bilmirlər. Çünki qarşılarında rus cəmiyyətindən tamamilə fərqli olan azadlıqsevər, üsyankar və yeilməz Ukrayna xalqı var. Onları nə vaxtilə yaşadıqları Qolodomor sınağı, nə də hərb hədəsi Vətən sevgisindən usandıra bilməzlər.

Ukraynalılar bütün dünyaya ədalət və haqq dərsi keçdilər. Xalqlara və millətlərə savaş cəsarəti bəxş etdilər. Ən azı dünyanın böyük güclərinə hansı yolu tutmağın vacib olduğunu göstərdilər. İşğalçı rus mifini ayaqları altına salıb tapdaladılar. Yəqin ki, Rusiya mövcudluğunu qoruyub saxlaya bilsə, uzun müddət hücum niyyətlərinə köklənməyəcək. Sərhədlərində Amerika, Avropa, Çin və Yaponiya kimi özünü tanıyan güclərin olduğunu diqqıtə alacaq.

Onlar bu gün şər xislətinə güvənib soxulduqları cənnət ölkədə qeyrətli cəng dərsi aldılar. Psixoloji gərginliyə yuvarlanıb özlərini gülünc hala saldılar. Bir xalqın azadlığına qənim kəsilib tərs Ukrayna şapalağı yedilər.

Yaşasın Ukrayna!!!

Bu xəbəri paylaşın: