
ELBARİZ Məmmədli
Ukraynada qanlı savaşlar davam edir. Ukrayna xalqı XXI əsrin yen tarixini yazır. Mübaliğəsiz-filansız əsl qəhrəmanlıq nümunəsi ortaya qoyur. Amma Kreml Xuntasının cinayətləri hər gün neçə-neçə can alır. Dönməz insanları zirzəmilərdə aclıq içində öldürür. Onsuz da atəş səslərindən vahiməli olmuş körpə mələkləri acımadan güllə darağından keçirir.
Biz bu dərdləri çox yaşamışıq. Çar Rusiyasının sərhədlərimizi tanıdığı gündən həyatımız cəhənnəmə çevrilib. Bəıa orasındadır ki, üstümüzə çəkilən qılıncın dəstəyində təkcə rusun deyil, bu gün bəzilərinin güvənc yeri kimi baxdığı Batının da əli olub. Ukraynadakı hadisələr kimisə çaşdırmasın. Orda təkcə Ukraynanın deyil, bütün planetin taleyi oynanır.
Kreml cinayətkarlarının xoşbəxt Avropa sərhədlərinin içərilərinə doğru hərəkətliliyi batılıları əməlli-başlı həyəcanlandırıb. On illərdi öz yaşantılarını müharibə təhlükələrindən uzaqda tutan, amma ayrı-ayrı məmləkətlərdə çəkinmədən məzlum qanı axıdan bu toplumlar, indi qorxunu hiss edərək hərəkətə keçiblər. Hərçənd ki, özlərinə məxsus olan tərzdə. Ukrayna siyasi və hərbi sınaqların eksperiment meydanına çevrilib. Dünyanın ən güclü hərbi bloku sayılan NATO hələlik bəyanatlar verməklə məşğuldur. Amma bütün biganəliklərin önündə yenilməzliklə dayanan şərəfli Ukrayna xalqı, işğalçı düşmənə amansız zərbələr endirir. Onun öz ətrafında formalaşdırıb, dünyaya göz dağı etdiyi zor mifini dağıdır. Acınacaqlısı odur ki, cəllad Putinin » Rusiyasız dünya heç kimə lazım deyil» ritorikasından çəkinən dünya gücləri söhbətin nədən getdiyini qulaq ardına verməkdə davam edirlər. Bir millətin xain hərəkətlərlə budanmasına lazım olan reaksiyanı vermirlər. Sabah bu xain hərəkətlər Polşa, Finlandiya və ya Pribaltikaya yönəlsə, nə edəcəklərini proqnozlaşdırmaq olmur. Hərçənd ki, Rusiyada aparılan sosioloji sorğuladan orta və yaşlı nəslin işğalçı siyasətin tərəfində olduqları təsdiqlənir. Ukrayna əsirliyində olan rus əsgərinə anasının «-vur, öldür «-deməsi də bunun əlamətidir. İndi gələk, öz problemimizin üstünə.
Otuz ildən artıqdır içində olduğumuz problemə şarlatan Qərbin və beynəlxalq qurumların münasibəti aydındır. Mən əminəm ki, onlar sabah yenə də Ukrayna ilə savaş üçün Rusiyaya qırıcı təyyarələr göndərdiyi deyilən Ermənistanın yanında yer alacaqlar. Çünki bu, onların Türk və müsəlmanlara qarşı mahiyyətindən doğan məsələdir. Hətta Ukrayna məsələsində belə Almaniya və Fransa qeyri ciddi hərəkətlərə yol verirlər.
Son günlər Azərbaycan ordusunun rus və erməni silahlı birləşmələrinin nəzarətində olan Fərrux yüksəkliyini ələ keçirdiyi haqda sosial şəbəkələrdə informasiyalar dolaşır. Hər halda hərəkətlilik dəqiqdir və inkar oluna bilməz Sadəcə ölkənin rəsmi qurumları bu haqda ətraflı məlumat vermədiyi üçün buna anlaşıqlı yanaşmaq lazımdır. Hərçənd ki, məlumata ABŞ və Rusiyadan reaksiya oldu. İlk dəfə olaraq, Müdafiə Nazirliyi ruslara ciddi cavab verməyə özündə təpər tapdı. Məsələ bu da deyil.
Ayrı-ayrı informasiya şəbəkələrində guya, hərbçilərimizin Rusiyanın tələbi ilə həmin zirvədən geri çəkildiyi haqda məlumatlar dolaşır. Və ya bunun əksi deyilir. Maraqlıdır, 44 günlük Vətən savaşında dövlətin, ordunun və millətin yanında olduqlarını deyib, sonradan onu başa qaxan bəzi müxalif kəsimlərin amacı nədir? Deməli, siz bu xalqa rəhbərlik etmək niyyətində olduğunuz halda, başqa mövqedə də dayana bilərdiniz, eləmi? Eşidin, hakimiyyətin əsas qollarını sarmış rus nökərçiliyinin töküntüləri sizin sıralarınıza da sirayət edib. Bir baxın, Ukrayna xalqı nə Qərb, nə Şərq davasını dilə gətirmir. Vətən üçün, Vətənin azadlığı, vətəndaşlarının gələcəyi üçün vuruşur. Halbuki onlar Avropa ailəsinə bütün parametrlər üzrə bizdən daha yaxındırlar. Gec və ya tez orda olacaqlar. Amma daxili münasibətlərini tənzimlərə bilməyən Azərbaycan cəmiyyətinə bu yollar bağlıdır. Siyasi elitamızın hər qanadı bir qütbə yönəlibsə, bundan yaxşı nəticə gözləmək, özünü aldatmaq olardı.
Son iki yüz ildə bu məmləkətdə yad niyyətlərin törətdiyi bütün olaylarda rus barmağı var. Şəhid edilən Vətən övladlarından tutmuş, yad ayaqla tapdalanan otumuza, çiçəyimizə qədər hamısı rus əməlinin nəticəsidir. Bu qədər dərdin birləşdirmədiyi milləti Rusiya, Avropa, İran xülyasına salıb, doğru yolundan etməyin. Bütün millətlərin varlığı onun özünə güvəncindən keçir. İstər iqtidarımız olsun, istər də müxalifətimiz, özünüzə gəlin. Siz kimin əlinə oynayırsınız?
