Beyləqanda Aprel şəhidinin Anım mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov, məktəblilər, müəllimlər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və müharibə veteranları Aprel şəhidi Ayaz Ələkbər oğlu Hüseynovun Anım mərasimində iştirak ediblər.

Şəhid Ayaz Ələkbər oğlu Hüseynov 17 aprel 1991-ci ildə Beyləqan rayonu II Şahsevən kəndində anadan olub. Hələ məktəbdə oxuduğu illərdə torpaqlarımızın yağı düşmənlərin tapdağından azad edilməsi ən böyük arzusuydu. Elə bu istək qəhrəman döyüşçünün taleyini ordmuzla bağlamasına səbəb olub. 5 aprel Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin məzarı üstündə keçirilən Anım tədbirində çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov köhnə döyüşçülər və AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verdi.

Akif Həsənov bildirdi ki, indi onların qəhrəmanlığı sayəsində müqəddəs ruhları qarşısında başımızı daha dik tuturuq. Təsadüfi deyil ki, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad olunmasını, məhz Şəhidlər xiyabanından elan etdi. Mənə elə gəlir ki, bu cür Anım günləri, şəhidlərimizi unutmamaqla yanaşı, həm də şəhidlərə hesabat günüdür. Onların qanı hədər getməyib. 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarına qovuşmuşuq. Şəhidlərimiz indi məzarda rahat uyuya bilərlər. Qazandığımız zəfər, qovuşduğumuz azadlıq üçün ilk növbədə, şəhid və qazilərimizə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşamalı, əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmamalıdır.

Şəhid Ayaz Hüseynovun məzarına güllər qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: