Mingəçevirdə “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələrinin hər il olduğu kimi bu il də Aprel şəhidlərini anıblar.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri Aprel şəhidlərinin Anımı ilə bağlı ümumşəhər tədbirində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


N. Həsənov bildirdi ki, aprelin 5-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəhidlər Xiyabanında şəhid ailələri ilə birlikdə aprel şəhidlərinin məzarları ziyarət edilib.


Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində Uşaq Gənclər və İnkişaf Mərkəzinin şagirdləri tərəfindən Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə mövzuya dair videoçarx nümayiş olunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, 4 günlük Aprel döyüşləri həqiqətən 44 günlük Vətən müharibəsindəki müqəddəs qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.


Allah şəhidlərə rəhmət eləsin!
Elnur Səlim

Bu xəbəri paylaşın: