Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri Milli Qəhrəman, general Polad Həşimovun ailəsini ziyarət ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin təşəbbüsü ilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Mübariz Quliyev, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov, AVMVİB Qubadlı şöbəsinin sədri Təyyar Eminov, “Vetenim Azərbaycandır.az” saytının rəhbəri Kamran Orucov, AVMVİB-nin fəxri üzvləri — “Milli TV”-nin aparıcısı Gülşən xanım, “Vedibasar” qəzetinin əməkdaşı, Dünya Yazarlar Qurumunun üzvü Səbiqə Davudova, modelyer-dizayner, “Buta” moda evinin rəhbəri Elmira Mustafayeva, Ailə-Sağlamlıq Mərkəzinin həkimi Yeganə Kazımova və gənc ictimai fəal Ülviyyə Nəcəfova Milli Qəhrəman, general Polad Həşimovun anası Səmayə xanım Həşimovanı ziyarət etdilər.

Türkiyə Respublikasından yenicə qayıtmış Səmayə ana səfərinin səbəbini və ordakı təəssüratlarını bizimlə bölüşdü:
-Hər birinizi Polad Həşimovun ailəsi adından salamlayıram, xoş gəlmisiniz. Bəli, mən qardaş Türkiyə Respublikasından yenicə qayıtmışam. Gedişimin səbəbi iş adamı Mübariz Mənsimovun dəvəti idi. Məlum oldu ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, holdinqə məxsus gəmilərin adları dəyişdiriləcək. Gəmilər Vətən uğrunda canlarından, qanlarından keçərək qəhrəmancasına həlak olan şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd isə şəhidlərimizin adlarını ucaltmaq və onları dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə Milli Qəhrəman, general Polad Həşimovun adını daşıyan ilk gəmi martın 30-da dünya sularına buraxıldı. Təntənəli açılış mərasimində mən də iştirak etdim. Açılış Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi, daha sonra şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Mən orda öz adımdan və eləcə də bütün şəhid ailələri adından qəbul etdiyi bu qərara görə şəxsən Mübariz Mənsimova və “Palmali Holding”ə, o cümlədən gəmi heyətinə uğurlar dilədim.

Onu da qeyd edim ki açılış törənində mənə qızıl medal da təqdim olundu. Mübariz kimi qardaşlarımız çoxdur, Allah hamısını qorusun. Mənim oğlum bu gün bütün Türk dünyasının oğludur. Mən onu səngər üçün böyütdüm. Səngərdə şəhid olmaq hər generalın işi deyil. Mənim övladım öz balasından çox əsgərlərini görürdü və sevirdi. Bunu bütün Azərbaycan bilir. Ona görə də bu gün hər kəs onunla qürur duyur. Mən də bir ana kimi qəddimi əymədən dik dura bilirəmsə, yetişdirdiyim oğulun əməlləri sayəsindədir. Bütün şəhid analarına demək istəyirəm ki, başınızı dik tutun, qəddinizi əyməyin! Və Polad Həşimovun adını tutub onun qapısını açan hər kəsə, o cümlədən sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun ki, mənim balamı hər zaman hörmətlə anır və ziyarət edirsiniz.

Görüşdə iştirak edən AVMVİB sədrinin ideoloji işlər üzrə müşaviri, şairə-publisist Nəsibə İsrafilqızı Milli Qəhrəman, general Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi “Nər oğlum” adlı kontatadan (Mus.: Respublikanın Əməkdar artisti, Bəstəkarlar İttifaqının üzvü Məmməd Cəfərov) parçalar oxudu və əsərin ötən il noyabrın 2-də Heydər Əliyev Sarayında “Zəfər Günü”nə həsr olunmuş konsertdə təntənəli təqdimatından danışdı, “Nər oğlum” kontatasının da daxil olduğu “Qarabağ nəğmələrim!” (44 nəğmə, 44 rəy) adlı kitabı Səmayə xanıma təqdim etdi. Daha sonra AVMVİB-in Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov general haqqında olan xatirələrini bölüşdü:
-Mən Temuraz Mansurov Vətən Müharibəsi Veteranıyam, I qrup əliləm. Qeyd edim ki, Polad Həşimovla eyni sinifdə oxumuşuq. Təhsil aldığımız Sumqayıt şəhər 28 saylı tam orta məktəb hal-hazırda Milli Qəhrəman, general Polad Həşimovun adını daşıyır. Xatirələr çoxdur, onu 1 və ya 2 saatlıq söhbətə yerləşdirmək olmaz. Sadəcə onu deyə bilərəm ki, şəhidə Yaradan özü ona dəyər verərək Şəhidlik məqamına ucaldıb. Polad Həşimov illər sonra dastana çevrilərək, gələcək nəsillərə örnək olacaq.

Sonra AVMVİB sədrinin müavini Mübariz Quliyev, AVMVİB Qubadlı şöbəsinin sədri Təyyar Eminov, “Vetenim Azərbaycandır.az” saytının rəhbəri Kamran Orucov və digər qonaqlar general Polad Həşimov və şəhidlər haqqında dəyərli fikirlər bildirdilər.
Görüşün sonunda xatirə şəkilləri çəkildi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ideoloji işlər üzrə müşaviri, şairə Nəsibə İsrafilqızı bu hadisəyə şeir həsr eləyib. Həmin şeiri sizlərə təqdim edirik:
Qeyrət Qalası
Azərbaycanın mərd oğlu Mübariz Mənsimov, Azərbaycanın qəhrəman oğlu, şəhid generalımız Polad Həşimovun adını daşıyan gəminin suya buraxılmasına şərəf qonağı olaraq «Mən Türkiyədəki, Azərbaycandakı bütün şəhidlərin Anasıyam» deyən Səmayə Ananını İstanbulda qəbul edib.

Sən Odlar Yurdunun qeyrət qalası,
Mübariz övladı, ərən balası,
Sən Turan elinin ərmağanısan,
Mərdlik nümunəsi, Türklük qanısan.
Sən cahan mülkünün ay-günəşisən,
Könüllər taxtının pir atəşisən.
Sənin şərəfinlə çağladıq,coşduq,
Şəninə nəğmələr, dastanlar qoşduq.
Sarıldıq amana, sarıldıq aha,
Səsimiz yetişdi böyük Allaha.
Abidə ucaltdın şəhidlərə sən,
Tarixlər yazılan qızıl qələmsən.
Dənizin suları mirvari axdı,
Dərin dəryalardan Poladım baxdı.
Dalğalar çağladı,sahillər dindi,
Qayalar baş-başa verib sevindi.
Bayraqlar ucaldı ayla, ulduzla
Dostlar qarşılandı çörəklə, duzla.
Var olsun sizləri böyüdən Ana,
Şərəf gətirdiniz yurda, cahana
Qeyrət tacısınız Azərbaycana!
