
ELBARİZ Məmmədli
Rus neofaşizminin Xarkov, Xerson, Kiyev, İrpen, Mariupuldan sonra Buçada törətdiyi antibəşəri cinayətlər bu dövlətin nəyə qadir olduğunu bir daha təsdiqləmiş oldu. Əslində tarix boyu rusların qanlı siyasətindən dərin yaralar almış xalqlar, — elə ukraynalılar özü də onları yaxşı tanıyırdılar. Amma XXI əsrin üçüncü onilliyində onların hələ də varvar təfəkkürü ilə mövcudluğunu saxlamasının nədən qaynaqlandığını söyləmək doğrusu, bir az çətindir. Yəni, burda insanlığa yönəlik bir ittihamı dilə gətirmək doğru olmaz.
Çünki ikinci Dünya savaşından sonra kütləvi ölüm silahlarının istehsalına xüsusi önəm verilməsi və dünyada güc mərkəzlərinin yaranması ən qatı cinayətlərin törədilməsinə şərait yaradıb. Onsuz da bütün tarixi qanlı hadisələrlə «zəngin» olan Rusiyanın da həmin güc mərkəzlərindən biri olması, ətrafdakı bütün xalqların faciəsinə səbəb olub. Ruslar belə cinayətlərə təkcə Ukraynada deyil, onlarla ölkədə imza atıblar. Və dünyanın başqa güc dövlətləri onların bu gün Ukraynada ayaqlar altına atılan «qüdrət» mifindən çəkinərək, özlərini kənarda tutmaq siyasətinə üstünlük veriblər.
Bir faktı demək yerinə düşər ki, faciələrin yaşanması baxımından Ukrayna və Azərbaycan xalqlarının bir az tale oxşarlığı var. Ötən əsrin əvvəllərindən sonunadək Azərbaycan xalqı dəfələrlə soyqırımına və repressiyalara, sürgünlərə məruz qalıb. Ukraynalılar 1941-1945- ci il müharibəsində hər şeylərini itiriblər, Milyonların ölümünə səbəb olan Qolodamor (aclıq) faciəsi yaşayıblar.
Hitlerçilər tərəfindən Krasnodonda, Donbasda və başqa yerlərdə diri-diri torpağa gömülüblər. İndi həmin faciələri bu dönməz xalqa Putlerçilər yaşadır. Ukrayna dünyaya dəhşətlər yaşadacaq qanlı Kreml Xuntasına qarşı hamının əvəzinə döyüşür.
Azərbaycanda Rusiyanın qəddar və xəyanətkar siyasətinə hələ də rəğbətlə yanaşan, (əslində onlara bağlı olan) müxtəlif kateqoriyalı on minlərlə insan var. Bəziləri rusların gücüni, bir qismi ədəbi fiqurlarını, başqa bir kəsimi isə, bu ölkənin çörək ağacı olduğunu dilə gətirib, başqalarına təsir etməyə çalışırlar. Bütün bunlara bircə cavabla yekun vurmaq olar. Rus ziyalılığında Nizami, Füzuli, Nəsimi ruhu yoxdur və heç vaxt olmayacaq da. Çünki bu, genetik kodu qarmaqarışıq olan toplum heç vaxt humanist fəlsəfəyə köklənməyib. Dəli Pyotrdan, manyak Putlerə qədər keçdikləri bütün yol qanlı izlərlə tarixləşib.
Əslində özünü sovet hakimiyyətinin varisi hesab edən Rusiya, ondan qalan bütün varidata sahib çıxmışdı və bəlkə də dünyanı əndişələndirən, çəkinməyə vadar edən səbəb də buna bağlı idi. Amma Ukraynaya xain hucumu və özündənrazı duruşu elə ilk gündəcə gözləmədiyi təpkini gördü. Ölkənin korrupsiyalaşmış, kriminallaşmış, eyni zamanda zombiləşdirilmiş cəmiyyətdən ibarət olduğunu ortaya qoydu. Bu ölkə vətəndaşlarında insanlıq , vətəndaşlıq və ədalət duyğularının nə qədər aşılandığını göstərdi. Tankı-topu, təyyarəni, hətta ordunu belə maddi maraq xatirinə təslim edən əsgər normal cəmiyyətin nümayəndəsi ola bilməz. Hərçənd ki, bu yöndə bəzi istinalar da var.
Putler özünün və ətrafının yanlışlığı ilə çıxılmaz duruma düşüb. Ukraynada məğlubiyyət göz qabağındadır. Geriyə çəkilmək üçün isə, yol qalmayıb. Əldə etdiklərini saxlamaq imkanları gün keçdikcə tükənir. Daxili narazılıqları yönəltmək üçün atılan addım artıq əks effekt verməyə başlayıb. Bütün dünyanın müdafiəsi ilə əhatələnmiş Ukrayna bütövlükdə savaşa köklənib və sabah bu davanın Rusiya ərazisinə keçəcəyi ehtimalları artır. Bunkerdən idarə olunan güc strukturları və siyasi qurumlar pərakəndə halda, ona-buna hədə ünvanlamaq yolunu tutub. İki gün üçün nəzərdə tutulan müharibə ikinci ayının ortalarındadır. Nəticə isə, faciəlidir.
Yeri gəlmişkən, son günlərdə Rusiya Dövlət Dumasının iki deputatı Azərbaycana qarşı da şərt çıxışlar etdilər. Buna səbəb təkcə ermənilərin olmadığı aydındır. Rusiyanın enerji bazarı bağlanır və Azərbaycan, Qazaxıstan kimi dövlətlərin enerji bazarında güclənməsi onları qıcıqlandırır.Hərçənd ki, hədələrin bir ünvanı da Kuril adalarına sahiblənməyi hədəfləyən Yaponiyaya istiqamətlənib. Ukrayna meşələrində və çöllərində leş-leşə verən rus əsgəri lüğətində » əsir düşmək» ifadəsi olmayan yaponların üstünə gedir. Yəqin ağıllarında 1945-ci ildə birləşib xəyanətlə məğlub etdikləri Kvantun ordusu qalıb. Onu da ballistik raketlə qorxutmaq fikrinə düşüblər. Yaponiyanın necə qüdrətli bir dövət olduğunu anlamazdan gələn bu xunta xidmətçiləri doğrudan da başlarını itiriblər. Burda bir sual doğur. Ruslar Ukrayna səddini keçə biləcəklərmi ki? Yəqin ki, yox. O zaman ölkədə daxili ziddiyyətlərin də pik həddinə çatacağı sual doğurmur. Bütün bunlara baxmayaraq, xəyanətkarlığına yaxşı bələd olduğumuz bu şər maşınından qorunmaq üçün hamı hər şeyə hazır olmalıdır.
Biz öz ədalətimiz nə Rusiyadan, nə də Qərbdən gözləməli deyilik. Ortada Türk və dost ölkələrin varlığı mövcuddur ki, bu bizə yetərlidir.
