Cənab Ali Baş Komandan! Məlum «ÇeTe» döyüşçülərə qarşı planlı diskriminasiya siyasəti yürüdür!

Düşmənin səngərdə qalan qisasını arxa cəbhədə alan bir «ÇeTe» var. Bu adamlar, həm Nazirlər Kabinetinin, həm həkimlərin, həm Müdafiə Nazirliyinin, həm Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, həm HTEK-in, həm Maliyyə nazirliyinin, həm 5-ci kolona bağlılığı bilinən icra başçılarının və s. arasındadırlar. Fəaliyyətləri kordinə edilmiş şəkildə yürüdülür. Ölkəmizdə kimlərinsə pul kisələrindən asılı olan «Azərbaycan dilli Rusiya mətbuatı» bu sahədə öz iyrənc simasını gizlətmir.


Bir ölkənin qazisi intihar edirsə, sadalanan qurumlar səssiscə istefa verməyi haqq etdikləri ortadadır. Bunlar bu sahədə heç bir iş görmək iqtidarı nədir, halətində deyillər. İki ayağı kəsilmiş qazinin ayağını santimetrləyən bu zavallılar, nə millətin, nə savaşın nə olduğunu bilməzlər. Fakt ortadadır ki, bu döyüşlərdə bir nəfər də olsun imkanlı şəxsin övladı müharibəyə qatılmadı. Utancverici bir fakt da ortadadır ki, alınmış sifarişlə «köhnə şəhid, yeni şəhid», «köhnə əlil, yeni əlil», «köhnə döyüşçü, yeni döyüşçü» və s. kimi iyrənc bir erməni üslublu bölcülük ortadadır. Bu işi görənlər də bəllidir. Bu sahədə təxribatları üzə çıxarmaq üçün kəşfiyyatçı olmaq vacib deyil. Ukrayna örnəyini öyrənmək lazımdır.

Maraqlıdır ki, 2019-cu ildən bəri bu sosial təbəqəyə aid insanların təqaüdləri, nə indeksasiya edilir, nə də artımlar onlara şamil edilmir. Döyüşən ordunun əmək haqlarını qalib duyğusunu yaşamağa imkan vermədən azaldılmasının bu günədək bir yozumu, tutarlı arqumenti ortaya qoyulmayıb. Bu adamlar kimdən kimin qisasını alırlar?


SPİD-i, siflisi, avtoqəzanı və özlərinə uyğun bütün xəstəlikləri əlilliyin təyin edilməsi meyarlarına əlavə edib, döyüşdə alınmış kontuziyanı danan bu «fil həkimləri» bandası, sən demə müalicə edə bilirmişlər. 30 il müharibə aparan ölkənin əlillik meyarına «kontuziya» salmayanların, sizcə məqsədləri nədir? Dünyada müalicəsi olmayan bu travmatik xəstəliyin müalicəsini bunlar haradan «öyrəndiklərini» niyə bir araşdıran yoxdur?

30 illik gözləntidən sonra müharibə əlillərinə çatası sığorta pullarını süründürə-süründürə gedirlər. Bu qurumun rəhbəri iclasda deyib ki, elə edəcəyəm ki, bu pulların çoxu geri qayıtsın. Bəli, yığıncaqda deyib. Əli Nağıyev nazir vəzifəsindən getdikdən sonra bu nazirliyin nə ilə məşğul olması, missiyası bilinmir. Hələ öz K-sınını yığıb tendersiz-filansız sosial sferanı sökür. Füzuli Ələkbərov adlı birisi öz biznesini və ofisini nazirliyə köçürdü. Pis abırla yola salındı. Müharibə əlillərinin yenidən «siyahıyaalınması» prosesiylə yadda qaldı. Səlim Müslümov məlum, indi həbsxanada bu yenilərinin yolunu gözləməkdədir. O da «Müharibə əlillərinin bazası»nı yaratdı. İndi onların daxildə və xaricdə bütün ölənlərinə rəhmət oxudan Sahil Babayev isə əlillərlə «portal-portal» oynamaq qərarına gəlib.

Bu «əməli saleh» nazirlər və onların K-sı, məhz bu işləri görmək üçün dövlətdən maaş aldıqlarını bilmirlər. Onlar anadan əlil doğulmuş, əli-ayağı olmayanlara əlillik verməmək üçün gəldiklərini düşünürlər. Bunlar Stalinsayağı düşünürlər ki, əlillik verməsələr, əlil olmaz, əlil olmasa problem də olmaz. Onlar düşünürlər ki, şikayətə baxmasan, bezib yazmazlar və şikayət olmaz. Bərəkallah. Səd afərin. Yetənin əlilliyini kəsirlər. Qəlpəsi başında olan döyüşçüyə «xalaqızı» ekspertlər deyiblər ki, sən sağalmısan. Amma bu adamlar hələ də bilmirlər ki, adicə güllə mərmisiylə yaralanmış hər bir döyüşçü yaralandığı əraziyə uyğun olaraq müxtəlif dərəcəli kontuziya almış olur. Bunun ötməsi üçün ciddi psixoloji dəstəyə və müalicəyə ehtiyac olur. Hollandiya adicə Əfqanıstanda sülhməramlı kimi xidmətdə olan kontingentə 2020-ci ildə əlillik dərəcəsi təyin etdi.


Bakıda qazilərin etirazı, Kanal 13 istisna olmaqla, heç bir saytda verilmədi. «Sonanın uşaqları» sanki sözü bir yerə qoyub susdular. Amma hansısa bu saytların cinsindən olan və qazi adına yaraşmayan bir hərəkət görən kimi manşet atarlar. Özləri kimilərini «saxta qazi» adıyla təqdim edərlər. Qazidirsə, onun saxtalığı necə olur? Yox qazi deyilsə, belələrinə niyə qazi deyirsiniz, elə «reket jurnalist» deyin. Maraqlıdır ki, bu ölkədə hamının gördüyü işlə qazi məşğul olanda qınaq obyektinə çevrilir. Özü də onu illlərlə bu işlə məşğul olanlar ittiham edir. Fakt budur ki, əsil qazilərin ciddi problemləri var, onların arasında narazılıq saatbasaat artır. Özü də maraqlıdır ki, bu narazılıqları anındaca erməni mətbuatına ötürürlər. Sanki bunu kimlərsə erməni saytlarına press realiz hazırlayaraq göndərirlər.

Yarıtmaz sosial yanaşma, şikayətlərə bu «növcavan komandanın» baxmaması adi hal alıb. Hətta gedən məktublara belə cavab yazmırlar. Tenderləri araşdırın. Sosial yardımları və digər layihələri araşdırın. Bu günlərdə köhnə komandadan Əjdər Olun var-dövlətində söz açılır. Bu komandadakılar, elə bilirsiniz ki, «xurma ilə dolanırlar»?

Döyüşçü adına xələl gətirən şəxslərə gəldikdə isə onlar da qəsdən ortaya atılır. Bu dəfə Dilqəm Əsgərovu şüar edib döyüşçülərə hücum edirlər. Altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana və əsirlik yoldaşı Şahbaz Quliyevin mətbuatda yayılan görüntüsünə münasibət bildirərkən deyib ki, erməni mətbuatı da, Ş. Quliyevin biabırçılıqlarından yazır: «Siz ondan soruşun ki, hansı hərbi hissədə xidmət etmisən ki, qazilik tələb edirsən? Onun hərbi bileti də yoxdur».

Bəs onun pişvazında duranlar kimlərdir? Onunla əsirlikdə olan D. Əsgərov deyir: «Gələn gündən demişdim ki, o adam həbs edilməlidir. Onun haqqında araşdırma aparılmalıdır. Şahbaz yararsız bir adamdır. O məni ermənilər necə satdı, məhkəmdə üzümə durdu. O gün etiraz edəndə necə çığırırdısa, vicdanıma and olsun, məhkəmədə də mənim üzərimə elə çığırırdı»…

Bu ölkədə Dövlətdən aldığı 80 manatla ömür çürüdən minlərlə döyüşçü varkən, döyüş xidməti olmayan birinə sizcə bunca isti münasibətin arxasında nə dayanır? Faktiki olaraq müharibə əlilinin «fil həkimi standartlarıyla» əlilliyini kəsənlərin bu sevgisinin qaynağı nədir?


Ona görə də ölkənin bu savaşda yaralanmış ilk jurnalisti kimi, Ali Baş Komandanın gördüyü işlərə kölgə salmağa yönəldiyini görərək, susa bilmərəm. Bu cür hərəkətləri Komandanın adıyla etmələrini hər bir müharibə iştirakçısı təsdiqləyə bilər və ona görə də bəyan edirəm: «Bu ölkədə döyüşən şəxslərə qarşı məlum bir qrup diskriminasiya siyasəti yürüdür! «Dəmir yumruq» öz işini daxildə də görməlidir! Belə məmurlar bu ölkədə çoxdur, amma əsil döyüşçülərsə azdır.»

X. Ədəboğlu


P.S. Etirazçı gənc döyüşçülərə dəstəyimi bildirir və onların etiraz videosunu əlavə edirik:

Bu xəbəri paylaşın: