Ermənilərin ATƏT Minsk Qrupu axtarışına Lavrov nöqtə qoyub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanı qəbul edərkən deyib: «Rusiya sülhməramlıları mandata uyğun olaraq Qarabağda fəaliyyətini davam etdirəcəklər».

Xarici işlər naziri vurğulayıb ki, Qarabağ problemi və ümumilikdə Zaqafqaziyanın problemləri regional məsələlərlə bağlı müzakirələrdə həmişə əsas yer tutur.


“Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ən yüksək səviyyədə əldə edilmiş üç razılaşma var: 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvar və noyabrında. Biz bu razılaşmaların həyata keçirilməsini, o cümlədən Rusiya sülhməramlı kontingentinin öz mandatına uyğun olaraq Qarabağdakı fəaliyyətini təmin etməyə davam edəcəyik”, – Lavrov deyib.


O bildirib ki, Mirzoyanla görüşdə bu və digər mövzuları ətraflı müzakirə edəcəklər və tərəflər münasibətləri daha da irəli aparmağa imkan verəcək razılaşmalara gələcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun dağıldığını açıqlayıb. O, bu barədə erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə fikir səsləndirib.  

S. Lavrov bunu fransız və amerkalı partnyorlarının rusofob mövqeyi ilə əlaqələndirib:

“Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob mövqe sərgiləyirlər.  Rusiya ilə bağlı hər şeyi ləğv etmək istəyirlər və bizimlə bu formatda əlaqə saxlamayacaqlarını söyləyirlər. Əgər Qarabağda və bütövlükdə Zaqafqaziyada münaqişələrin nizamlanma prosesində öz maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir” – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri əlavə edib ki, Kreml Qrupdakı partnyorların bu yanaşmanı məsuliyyətsizlik sayır: “Bu addım bizi narahat etməyəcək. Biz Qarabağdakı vəziyyətin nizamlanmasına, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda əldə edilən bütün razılaşmaların həyata keçirilməsinə sadiqlik nümatiş etdirəcəyik. Əgər Fransa və ABŞ belə bir addım atmaq qərarına gəlibsə, o zaman Allah onları mühakimə edəcək” – Lavrov fikirlərini tamamlayıb.

Bu xəbəri paylaşın: