NƏSİMİ YARADICILIĞINDA İCTİMAİ, SİYASİ, QLOBAL, FƏLSƏFİ MOTİVLƏR…

Azərbaycan xalqının minilliklərə uzanan ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Seyyid Əli Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayır. Türkdilli xalqların mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan tədqiqat sahəsidir. Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan Nəsimi yaradıcılığında multikultural mahiyyət, birini digərlərindən üstün tutmayan, hansı millətə, dinə, təriqətə mənsubluğundan asılı olmayaraq, bütün insanların ALLAH qarşısında bərabər olduğuna dair tolerant baxışlar xüsusi nəzərə çarpır.

Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi istər Azərbaycan dilinin və şeirinin, istərsə də ən qüdrətli nümayəndələrindən biri olduğu İslam irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Sözün geniş mənasında, insanı və insanlığı tərənnüm edən, insana mənəvi kamilliyinə və pak əməllərinə görə qiymət verilməsini zəruri sayan qüdrətli söz ustadı dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində yaradılmışların ən gözəli olan varlığın-insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Dərin poetik fikirləri, fəlsəfi görűşləri bir çox xalqların bədii ictimai fikrinin inkişafına qüvvətli təsir göstərən sənətkarın qorxmazlığı və həqiqətpərəstliyi təbliğ edən əsərləri əsrlər sonra da öz aktuallığını qorumaqla, bəşəriyyətin mütərəqqi ideyaları ilə üst-üstə düşür. Şair qələmə aldığı əsərləri sayəsində demək olar ki, bütün şərqdə və bir çox avropa dövlətlərində məhşurlaşmışdır. Müxtəlif ölkələrin təzkirəçiləri Nəsiminin həyat və yaradıcılığına işıq tutmuş, onun əsərlərinə çoxsaylı nəzirələr yazılmışdır. Bütün bunlar sübut edir ki, Nəsimi özündən sonra ədəbi məktəb yaratmağı bacarmış və türk ədəbiyyatına təsir etmişdir. Fikirlərimizin təsdiqi üçün XVI əsrdə Ədirnəli Nəzmi tərəfindən tərtib edilmiş ,,Məcməün-Nəzir,, adlı nəzirə məcmuəsi və XX əsrin əvvəllərində Əli Əmiri tərəfindən qələmə alınmış «Təzkireyi-Şüarayi-Amid» adlı təzkirəni yada salmaq kifayətdir. Osmanlı təzkirəçiləri Nəsimini eşq  meydanının qorxusuz əsgəri, sevgi Kəbəsinin böyük fədakarı, seyidlərin rəhbəri kimi böyük müqəddəs keyfiyyətlərlə mədh etmişlər. «İmadəddin Nəsimi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub, söz sənətimizi forma və məzmunca zənginləşdirib, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoyub gedib.

Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar siyasi, ictimai, əxlaqi mövzularda əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində fəlsəfi qəzəlin əsasını qoyub. Zərrədə Günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin deyə ikiyə bölmürdü, milli ayrı-seçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şеirlərində insana, onun ləyaqətinə,  qüdrətinə olan yüksək inamını tərənnüm еtməklə insanı həyatın yaradıcısı kimi vəsf еdib. Azərbaycan ədəbiyyatının məşhur simalarından olan Seyyid Muhəmmədoğlu Seyyid Əli İmadəddin Nəsimi təkcə ədəbiyyatda deyil, həmçinin fəlsəfi, ictimai-siyasi mövzularda da dərin düşüncə sahibi olub. Çünki onun şeirlərində dini, tarixi, ictimai-siyasi məsələlərlə yanaşı, həm də fəlsəfi mövzularla qarşılaşırıq. Nəsimi şeirlərini oxuduqda hədsiz fəlsəfi terminlərin mövcudluğunun şahidi oluruq. Onun elə bir misrası yoxdur ki, burada insanı düşünməyə vadar etməyən mövzu olmasın. Hər bir misrası həm daxili və həm də batini mənaları əks etdirir. Şairin həyat və yaradıcılığını təhlil etdikdə burada çox mühüm bir məsələ diqqətimizi cəlb edir. Bu ondan ibarətdir ki, bir çox hallarda şair mütəfəkkir, filosof adlandırılır.

Şairin belə adlandırılmasının səbəbi odur ki, şeirlərində fəlsəfi, ictimai-siyasi mövzuları və həm də mövcud aləmdə olan varlıqları nəzmə çəkir, yəni bu mövzuları şeirin dili ilə bizə çatdırır. Nəsimi fəlsəfi ideyaların yaradıcısı deyil, bəlkə bu ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə çatdırmışdır. Bundan əlavə, şair filosof ruhlu, həmçinin şeirlərində humanizm, insansevərlik, haqq, ədalət, mənəviyyat, mübarizlik və digər əxlaqi keyfiyyətlər olduğu üçün filosof şair və mütəfəkkir adlandırılmışdır. Mütəfəkkir şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun insanı müqəddəs bir varlıq hesab etməklə yanaşı, həm də onu dünyanın yaradıcısı, əzəli və əbədi bir varlığı kimi gördüyünü anlayırıq. Nəsimi insanı köləlikdən azad olub öz qüdrətini və dəyərini dərk etməyə çağırır. Nəsimi fəlsəfi ideyaların yaradıcısı deyil, bəlkə bu ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə çatdırmışdır.

Bundan əlavə şair filosof ruhlu, həmçinin  şeirlərində humanizm, insansevərlik, haqq, ədalət, mənəviyyat, mübarizlik və digər əxlaqi keyfiyyətlər olduğu üçün filosof şair və mütəfəkkir adlandırılmışdır. Mütəfəkkir şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun insanı müqəddəs bir varlıq hesab etməklə yanaşı, həm də onu dünyanın yaradıcısı, əzəli və əbədi bir varlığı kimi gördüyünü anlayırıq.  Nəsimi insanı köləlikdən azad olub öz qüdrətini və dəyərini dərk etməyə çağırır. Nəsimi insana sevgi və məhəbbət bəsləməyi önə çəkir.  Nəsimi insanı məftunluqla tərənnüm edir,  onun cismani və mənəvi gözəlliyindən aldığı təəssüratı emosional bir qüvvə ilə ifadə edir.  Nəsiminin insana olan məhəbbəti  iki şəxs arasında olan adi məhəbbət deyil, onun baxışlarında insana olan məhəbbət həm də insana olan diqqət və dəyərin nişanəsidir.  Məhz bu üstünlüklərə görə də mütəfəkkir şair insanın yüksək dərəcəyə layiq olduğunu bütün yaradıcılığı boyunca tərənnüm edir. Nəsimi insana heyran olduğunu bildirir:  insanın batində gizli,  sirli və əbədi bir xəzinə olduğunu yazır, amma bununla belə,  mövcud aləmdə isə insanın viran olduğunu və dəyərsiz hesab edildiyini gördükdə hədsiz sarsılır. Nəsimi şeirlərini oxuduqda hurifi təriqəti  barədə məlumatın olması zəruridir. Onun şeirlərində Qurani-Kərimdən alınmış ibarələr çoxdur. Şair bu dini ibarələri islam ruhanilərinin başa düşdüyü kimi deyil, hürufi baxımdan mənalandırır. Nəsiminin fikrincə, yeganə varlıq adlanan mütləq varlıq-Allah insan camalında təcəlli etmişdir. Quran ayəsinə əsasən, Allah bütün məlaikələrə əmr etmişdir ki, Adəmə, yəni insana səcdə etsinlər. İblis adlı mələk insana səcdə etmədiyinə görə adı şeytan olaraq Allah dərgahından qovulmuşdur. Mütəfəkkirin fəlsəfi şeirlərində ərəb, fars sözləri və hədis  ibarələri çoxluq təşkil edir və bunların hər birinin geniş izaha ehtiyacı vardır.

Hürifilər eyni zamanda,  Allahın gözəl insan üzündə təcəssüm etdiyini, yaradılış sirrinin sözdə olduğunu, sözün hərflərlə ifadə olunduğunu, hərflərin isə insan üzündə yerləşdiyini iddia edirlər. Buna görə də kainatın bütün sirlərini insanı öyrənmək yolu ilə izah edir və özünü düzgün dərk edən Allah ola biləcəyini söyləyirlər. Onlar çalışırdılar ki, islam dinində ilahi göstərişlərin səbəbini cazibəli və maraqlı formada ədəd və hərflərə istinad etməklə təfsir etsinlər. Bu məktəbin əsas ideyalarından biri insan və ona verilən dəyərdir. İnsan və insana olan eşq və onun varlığının vəsfi mühüm məqamlardan biri olaraq demək olar ki, Nəsimi yaradıcılığını bütövlükdə əhatə edir. İnsan maddi və mənəvi aləmin vəhdətindən yaranmışdır, insan mənəvi baxımdan öz yaradanına bağlıdır. O, Tanrını dərk etməyə qadir deyil,  amma mütləq varlığı tanımağa səy göstərməlidir və bu nisbi tanıma yalnız insanın özünü dərk etməsi və özünə verdiyi dəyərlə mümkündür. Nəsimi şeirlərində insanı, insanın mövcud olduğu cəmiyyəti və bu cəmiyyətdə insan təkamülünün formalaşmasını dini ehkamlarda deyil, reallıqda axtarırdı və bu reallıq insanın özü idi: Mütəfəkkir insan aləminə, onun ləyaqətinə, qüdrətinə olan hədsiz sevgisini ifadə edərək, insanı təbiət aləminin yaradıcısı və əsl gözəlliklərin mənbəyi olaraq görürdü. Nəsimi şeirlərində hikmət dolu mənaların bilərəkdən yanlış dərk olunmasına səy göstərən savadsız, satqın ruhaniləri, özlərini dindar adlandıran və cəhalət içində qərq olan üzdəniraq din sahiblərini açıq-aşkar tənqid edirdi. 

Nəsimi yaradıcılığı bütünlüklə insan gözəlliyinə, insan varlığının üstünlüyünə həsr olunub. Amma bu gözəllik bütün insanlara aid ola bilməz, şairin vəsf etdiyi insana xas olan üstün keyfiyyətlər ancaq özünü dərk edən insana aiddir və Nəsimi kəlamlarında belə insanı kamil insan adlandırır. O, insanı «canımın cananəsi» adlandırmaqla ona səcdə etməyin vacib olduğunu bildirir. Kamil insana səcdə etməyənlər  isə haqq yolundan azmışlardır: Nəsimi şeirlərində diqqəti cəlb edən digər mühüm məsələlərdən biri də onun dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması, daim insan və insanlığı tərənnüm edən, köləlikdən qurtularaq azad düşüncə və parlaq gələcəyə çağıran fikirlərinin şahidi oluruq. O, feodal zülmünə, istilaya qarşı etirazını bildirmiş, islam dinini öz mənafelərinə uyğun təbliğ edən ruhaniləri tənqid etmişdir. Mütəfəkkir insanları həyat və kainatın sirlərini öyrənmək üçün dini mülahizələri diqqətlə təhlil etməyə çağırır, ibadət və səcdənin yalnız insana mənsub olduğunu tərənnüm edər. Şairin şeirlərinin hər bir misrasında ədəbi, fəlsəfi, ictimai, siyasi və tarixi irsin müxtəlif çalarlarda poetik inikasının şahidi oluruq. Nəsimi söz sənətini nəinki şeirdə, həm də ictimai həyatda əks etdirmişdir.

Onun şeirlərini dinlədikcə sanki şair insanı möhkəm olmağa, mübarizliyə, dönməzliyə, hər hansı bir hadisə zamanı sarsılmamağa və mənən güclü olmağa çağırır. Nəsimi insan varlığını həm ruhi və həm də cismani yönümdə nəzmə çəkərək insanın bütün canlılardan üstün olduğunu əqli sübutlarla göstərmişdir. Şair həm insanın ruhu və həm də cismi ilə danışır və insanı aləmdə ən dəyərli sərvət hesab edir. İnsan ilahi təcəssümdür:  insanın kamalı,  zəkası yaradıcılıq qüdrəti və gözəlliyi dünyaya zinnətdir, hər şey insana və onun səadətinə xidmət etməlidir. Şair mövcud aləm barədə olan fikirlərini adi sözlərlə deyil, əqli nəzəriyyə əsasında bəyan edən mütəfəkkirdir. Şairin yaradıcılığı təkcə Şərqdə deyil, hətta xristian xalqları arasında da sevilmişdir. Onun dərin fikriləri Hammer, Purqştall, Cibb, Braun, A.Bombaççi, V. Smirnov, A.Krımski və digər görkəmli şərqşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Nəsimi düşüncəsi insanı xarüqələr yaradıb kainatın sirlərini, elmin və hünərin qüdrətini dərk etməyə sövq edir.

 Nəsimi yaradıcılığı real həyatı göstərən və təsdiq edən elə bir hikmətdir ki, onun hər bir hissəsi bütün əsrlərdə sevilərək öyrənilir. Bu öyrənmə təkcə şeirə olan istək deyil, bu, həm də vətənpərvər mütəfəkkir şairə olan sevgidən irəli gəlir. Nəsimi ruhu o qədər lətif və zərifdir ki, ilk oxunuşda bunu hiss etmək çətin deyil. Şairin şeirlər ilə yanaşı, nəzm ruhu Nəsimi sevənlərin qəlbində həmişə yaşayacaq. Nəsiminin ədəbi-fəlsəfi irsi milli mədəniyyətimizin incilərindən hesab olunur.  Milli mədəniyyətimizin inkişafında böyük rol oynamış Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi ilk dəfə YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda keçirilərək, həmin il «Nəsimi ili» elan olunmuşdur. Bunun davamı olaraq Prezident İlham Əliyevin 2019-cu ili «Nəsimi ili» elan etməsi də klassik ədəbiyyatın dahi mütəfəkkirlərindən olan Nəsimi yaradıcılığını, onun fəlsəfi, ədəbi, ictmai-siyasi irsini daha dərindən yeni araşdırmalar əsasında öyrənilməsi və tədqiq olunması deməkdir.

Nəsimi irsini tədqiq etməklə yanaşı, həm də onun ədəbi fəaliyyətinin əsasını təşkil edən humanizm, insansevərlik, vətənpərvərlik, mübarizlik ideyalarını insanlar arasında yaymaq və bunu gələcək nəsillərə çatdırmaq vacibdir. İctimai-fəlsəfi lirik şeirin ən qüdrətli yaradıcılarından olan İmadəddin Nəsimi qələmini müxtəlif janrlarda sınayaraq qəzəl, qəsidə, tuyuq, rübai və bu kimi janrların mükəmməl nümunələrini yaradıb. Dövrümüzə qədər zəngin ədəbi-bədii irsi gəlib çatan ölməz sənətkarın əsərləri tədqiqatçılar tərəfindən mövzu və ideyasına görə təriqət şeirləri və dünyəvi şeirlər olmaqla iki yerə bölünüb. Ədəbiyyatımızda, ümumən isə dünya ədəbi mühitində daha çox təriqət şeirləri ilə-sufiyanə, xüsusilə də hürufilik mövzularında yazılmış nümunələr müəllifi kimi tanınan İmadəddin Nəsimi yaradıcılığının mühüm bir hissəsini isə dünyəvi mövzuda qələmə aldığı əsərlər təşkil edir. Sayca çox, mövzuca isə zəngin və rəngarəng olan dünyəvi şeirlərində Nəsimi məhəbbət və gözəlliyi tərənnüm edib, təbiətin təsvirinə yer verib. İmadəddin Nəsiminin dünyəvi mövzuda qələmə aldığı bədii yaradıcılığında digər istiqamət isə ictimai-fəlsəfi motivli şeirlərdən ibarətdir. Şairin ictimai-fəlsəfi şeirlərini əhatə edən mövzular isə olduqca geniş və çox şaxəlidir.

Nəsimi bu motivli şeirlərində əvvəlcə insanları dünyanın yaradılışı və onun hikməti barədə düşünməyə və bu zaman yaranan suallara cavab axtarmağa sövqedir. “Nədir?” rədifli qəzəlində Nəsimi dünya və onun yaranmasının hikməti məsələsinə toxunaraq insanları xilqət və onun hikməti, istər qeybi, istər sədə cismani varlıqların sirli yaradılışı, müxtəlif hadisələr, gedişat və sair barədə düşünməyə çağırır, düşündürücü və cavabı əsrarlı olan suallarla bəşər övladını dünyanın, varlığın mahiyyətini dərk etməyə yönləndirir. Əslində, millətindən, dinindən asılı olmayaraq, insanları daim düşündürən, məşğul edən qlobal mətləbləri İmadəddin Nəsimi poeziya dili ilə ifadə edir. “Gecəsi-gündüzü olan bu kainat, doqquz fələk, zaman, bürclər və sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mənbəyi olan günəşnədir?”,- deyərək bizi – oxucunu bu deyilənləri cavablandırmağa məcbur edir. Nəsiminin yaradıcılığında nə üçün insanları dünyadan qaçmağa, “mülki-cahana” bağlanmamağa çağırış var?

Şair hesab edir ki, bu dünya vəfasızdır, onun vəfası yoxdur. Buna görə də dünyaya bağlanmaq əbəsdir, insanoğluna xoşbəxtlik gətirməyəcək. Dünya və onun vəfasızlığından şikayət, dünyanın tənqidi mövzularında yazdığı şeirlərində Nəsimi dünyanın vəfasızlığı qənaətini əks etdirir, şair insanları dünyanın gözəlliyinə aldanmamağa səsləyir, bu “gözəlliyə” aldananların isə sonradan münfəil olacağını – utanacağını deyir. Bu mövzuda yazılmış başqa şeirində Nəsimi dünya mülkünü yenə də dəyərsiz hesab edir, ona bağlananı isə əsir adlandırır. Şairin fikrincə, dünya mülkü heç kimə qalmayacaq və beş günlük dünya səltənəti üçün şər işlər törətməyin əhəmiyyəti yoxdur. İmadəddin Nəsimi ictimai-fəlsəfi lirikasında şər xislətli insanlarından narazılıq və onları tənqiddə mühüm yer tutur. Nəsiminin fikrincə şər xislətli insanları tanımaq asandır, insanın izzətindən, sifətindən onun necəliyinə varmaq mümkündür. Şairin bu mövzuda yazdığı əsərlərində insandakı yalançılıq, qeybət, paxıllıq, ədavətçilik kimi şər işləri pisləyir, bu kimi xislətlərin mövcudluğunun xalqı xəstələnməyə sürüklədiyini qeyd edir.

Dünyanı vəfasız adlandıran, insanları şər işlərdən uzaq durmağın əhəmiyyətinə varmağa çağıran Nəsimi bəşər övladını hansı yolu tutduğunu düşünməyə səsləyir, saleh əməl işləməyə dəvət edir. Göründüyü kimi, İmadəddin Nəsimi ictimai-fəlsəfi motivli şeir yaradıcılığında dünya  və insan barədə müxtəlif fikirlər, qənaətlər ortaya qoyur, bəşər övladının doğru yolu tapmasında bu iki məfhumun – varlığın və yaradılışının mahiyyətini dərk etmədə görür. Amma  şairin  həyatının  bu  sakit,  azadə,  şux  axarı  çox  az  çəkdi.  Çünki  ehtimal  edilən  möcüzə  baş  vermədi.  Əmir  Teymurla  Toxtamış  xan  nəinki  toqquşub  bir-birlərini  zəiflətmədilər,  əzmədilər,  əksinə,  qısa  zaman  kəsiyində — 1385-1399-cu  illərdə  hərəsi  üç dəfə Azərbaycanı  və  ona  qonşu  dövlətləri  qana  bələdi,  xarabalığa  çevirdi.  Gördüyü  qorxunc  səhnələr,  eşitdiyi  fəryadlar-nalələr  iyirmi  dörd-iyirmi  beş  yaşlı  Nəsimini  dəhşətə  gətirdi.  Ruhu,  düşüncəsi,  dünyaya  baxışı  tamamilə  dəyişdi.  1394-cü  ildə  Bakıda  Nəimi ilə  görüşərək, o  dövrdə  yeganə  nicat  yolu  sanılan  hürufiliyə  tapındı.  Ustadının  amansızcasına  öldürülməsindən  sonra  təriqətin  bayraqdarına  çevrildi.  Nəticədə  isə  qələmi  nikbin  gözəlləmələrdən  soyudu,  yazı  tərzinə  siyasi-fəlsəfi  motivlər  hakim  kəsildi. 

Məsnəvilərinə,  tərcibəndlərinə  ictimai  ab-hava  hopdu.  Yaradıcılığında  dərvişlərin  asan  əzbərləyə,  çevik  yaya  biləcəyi  yığcam  tuyuğlar,  dördlüklər  geniş  yer  aldı. Qəzəlləri də kövrəkləşməklə  yanaşı  kəskinləşdi,  mübarizə  elementləri  ilə  cilalandı. Beləcə, nadanlıqdan  xilası,  kamilliyə  qovuşmağı,  özünüdərki  xoşbəxtliyin  qızıl  açarı  kimi  zəmanəsinə,  bizə,  gələcəyə  təqdim etdi. Dəfələrlə  məhbəsə  salınan,  illərcə  qəriblik  keçirən, didərginlik  yaşayan,  fiziki  ömrü  işgəncəli  ölümlə  sonuclanan  bu  əqidə  şəhidinin  elə  əsərləri  də  özü  kimi  yetərincə  qadağalar,  məhrumiyyətlər  görüb.  Azərbaycan  əruzunun  əzəmətli  nümayəndələrindən  biri,  anadilli  fəlsəfi  şeirin  banisi  olmasına  rəğmən,  qəzəlləri-qitələri  muğamatın  formalaşıb  pərvəriş  tapdığı  saraylara  əsrlər  boyu  yaxın  buraxılmayıb. 

Musiqi  ilə  vəhdətdən  kənar  qalıb. Yetmiş  illik  mövcudluğunun  son  iyirmi  iki  ilini  çıxsaq,  heç  sovet  dönəmində  də  dahi  şairə  münasibət  tam  səmimi  deyildi.  Bir  yandan  saflaşıb  müdrikləşməklə  Allahın  bəyəndiyi  dərəcəyə  ucalmaq  mənasında  işlətdiyi “ənəlhəq”  ifadəsi  israrla  ateizmə  yönəldilərək  “Mənəm Allah!” küfrünə  yozulur, o biri  yandan  “Həqqin  kəlamı  məndədir,  sanma  məni  həqdən  iraq”  kimi Yaradana  itaət  bildirən  misrasının əsl  şərhindən  qaçılırdı. Bir  çox  ədəbi  simalar  kimi, Nəsiminin  də  taleyinə  gur  işığın  düşməsi ulu  öndərin  adı  ilə  bağlıdır. 

Məhz  Heydər  Əliyevin  respublikaya  ilk  rəhbərliyi  zamanı,  1973-cü  ildə  keçirilən  600  illik  yubileyi  zəminində  şairin  nüfuzu  layiq  olduğu  həddə  yüksəldi.  Şəxsiyyəti,  şeiriyyəti ədəbiyyatla paralel, kinoda, teatrda,  rəssamlıqda,  heykəltaraşlıqda  əsas  mövzuya  döndü. O cümlədən, musiqiyə  sirayət  edib,  bəstəkarların  yaradıcılığında  öz  əksini  tapdı. Haqqında  vokal-xoreoqrafik  poemalar,  kantatalar,  simfonik  əsərlər yarandı, sözlərinə  mahnılar,  romanslar  bəstələndi. Milli  ruhla  bəşəri  ruhu  özündə  birləşdirən  sənət  hər  dövrdə,  hər  formasiyada  aktual  olur  və  vaxtdan-vaxta  ictimai  çəkisini  artırır. 

Möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  2019-cu  ilin  “Nəsimi  ili”  elan  edilməsi  barədə imzaladığı Sərəncamda  bu  hikmətli  deyim  şairə  ünvanlanaraq  onun  650  illiyinin  keçirilməsini  zəruriləşdirən səbəb  kimi  göstərilmişdir.  Azərbaycan  xalqının  çoxəsrlik  ənənələrə  malik  bədii  və  fəlsəfi  fikrində  dərin iz  qoymuş  mütəfəkkir  şair  İmadəddin  Nəsiminin  zəngin  irsi  bu  gün  də insanların  mənəvi əxlaqi  kamilləşməsində  mühüm  əhəmiyyətə  malikdir. İmzaladığı  qərarlarda  həmişə dövlətimizin  mənafeyini  önə  çəkən  ölkə  başçımızın  sözlərindən  aydın  görünür  ki,  bu  yubiley  təkcə  görkəmli  qələm  sahibinə  ehtiram  naminə  gündəmə  gətirilməyib,  eyni  zamanda,  praktiki  məqsəd  daşıyır.

Nəsimi yaradıcılığında olan mubarizlik, humanistlik, mənəvi kamillik, tolerantlıq, qlobal sülh onun Hürifilik hərakatındakı fəaliyyətində də özünü göstərir. Hər cür azadlığa və ədalətə çağırış bu gün də Azərbaycan reallığında ən aktual mövzulardan biridir. Mənfur qonşularımızın dövlətimizə qarşı olan ərazi iddiaları gənclərimizdə Nəsimi ruhu, Nəsimi üsyankarlığı tələb edir. Bu gün bu ruhi əhval, əyilməzlik, mubarizlik Azərbaycan gəncliyində var və bu özünü praktik olaraq 44 günlük Vətən Müharibəsində özünü göstərdi. Böyük şair, mütəfəkkir, filosof, hürufilik dini fəlsəfi təlimini və siyasi hərakatını əbədi qalacaq zirvəyə çatdıran, həmçinin bu cərayanın ən parlaq siması olan Nəsimi haqqında yekun olaraq belə bir qənaətə gəlmək olar ki, Nəsimi kainat kimidir, sonsuzdur, tükənməzdir, onda bir silsilə bitir, digəri başlayır.

Nəsimi bir yeldir, onun məkanı yoxdur, azaddır, tabeliyi qəbul etmir. Nəsimi bir ruh adamıdır və o ALLAHLA öz arasında vasitəçi görmür. Və yekun olaraq Nəsiminin bir kafir olaraq edam olunmasını yazan, oxuyan, bilən bütün insanlara tam əminliklə deyirəm ki, Nəsimi dini əqidəsinə və baxışlarına görə yox Qaraqoyunlu, Ağqoyunlu hakimləri ilə gizli siyasi əlaqələr yaradaraq Osmanlıya qarşı apardığı siyasi fəaliyyətinə görə edam edilib. Kafir kimi edam edilən bir şəxs məsciddə dəfn edilə bilməz. Şairin məzarı üzərində yazılıb: “Əgər Siz yeni bir nəfəs duymaq istəyirsinizsə, əgər dünyanı dərk etmək istəyirsinizsə Nəsiminin mənəvi dünyasına yaxınlaşın…!!!»

KƏRİM NOVRUZOV

Ağdam rayon 95 saylı tam orta məktəbin tarix müəllimi

Bu xəbəri paylaşın: