“Şuşa hər bir azərbaycanlı üçün əzizdir”…

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriya­sı, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin Vətəni, doğma şəhər, əziz, bərəkətli torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs bir abidədir. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır və o bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Keçmiş zamanlarda Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Şuşa XVIII əsrin II yarısından musi­qi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə təkan vermişdir.

Hələ, sovet dövründə, 1969-1982-ci illər ərzində görkəmli dövlət xa­dimi Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də, erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri də, məhz Qarabağda milli ruhun oyadılması olmuş­dur. Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. O, XX əsrin 70-ci illərində Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə tapşı­rıq vermiş və eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmışdır. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edil­mişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Təbii ki, Ulu Öndər Heydər Əliyevin Şu­şaya zəngin tarixi abidə kimi qayğısı respublikamızın bu füsunkar diyarını beynəlxalq aləmdə də tanıtdı.

Ümummilli Lider Heydər Əliyev həmişə bütün dünyada “Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.” fikrini söyləməsi, məhz onun Vətənə olan sonsuz sevgisinin bariz nümunəsi idi.

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev 1923-cü ildə məqsədyönlü şəkildə dağlıq və aran hissələrinə bölünmüş Qarabağın təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Təbii ki, bu da, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam-Xankəndi dəmir yolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.

Bu gün də müasir geosiyasi şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan daxili və xarici siyasət yürüdür. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son illər ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

 Azərbaycanın 44 günlük Vətən müharibəsi hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. İndi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində işğalçılara qarşı apardığımız “Dəmir yumruq” əməliyyatı öyrənilir. Şuşa uğrunda döyüşlər bu sırada xüsusi yer tutur. Bu şəhər təbii istehkam olduğundan oraya tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Odur ki, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Vətən müharibəsi, onun şanlı səhifəsi olan Şuşa əməliyyatı kimin kim olduğunu göstərdi. Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, həm düşmənə, həm də, dünyaya bizim gücümüzü göstərdi, haqq-ədalətin təntənəsi oldu. Bu gün heç kəsə sirr deyil ki, məhz, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi Şuşa Zəfərinii şərtləndirdi. Onun prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər, əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir. Bildiyimiz kimi, 8 noyabr 2020-ci il  Azərbaycan tarixinə şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, milli ruh nümayiş etdirərək mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan tarixi Şuşa şəhərini işğalçılardan azad etmiş, uzun fasilədən sonra orada Azərbaycan bayrağını qaldı­rmışdır. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdi­yi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsi ilə nəticələndi. 

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şuşanın 28 illik işğalına son qoydu və Şuşanın işğaldan azad edilməsi “Zəfər Günü” kimi tarixə yazıldı. Artıq, bu gün qürur hissi ilə deyə bilərik ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül isə, Qaraba­ğın azadlıq rəmzidir.

 2021-ci il may ayının 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa­da, bənzərsiz və füsunkar Cıdır düzündə illər sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də tutarlı bir cavab oldu. 

Dövlət başçımızın Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu bir daha təsdiqlədi. Məhz, bu Sərəncam hər bir soydaşımız tərəfindən sevinclə qarşılandı və onların bu şəhərə olan məhəbbətinin təcəssümü oldu. Qarabağın zümrüd qaşı – Şuşa, bu il sənin üçün parlaq və təntənəli tədbirlərlə –  quruculuq, festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər və davamlı yüksəlişlərlə yadda qalacaq. 

Bu gün isə, qədim Şuşa Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi plan əsasında və məhəbbətlə, Heydər Əliyev Fondunun bir-birindən dəyərli layihələrinin gerçəkləşdirilməsi yolu ilə bərpa olunaraq abadlşdırılır. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında gündən-günə Şuşa dirçəlir, inkişaf edir, tarixi əzəmətini özünə qaytarır. Bütün bunlar isə onu göstərir ki, tezliklə mədəniyyət paytaxtımızda həyat yenidən qaynayacaq. 

            Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Şübhəsiz ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə, Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi, eləcə də, kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edərək, düşmən üzərində tarixi Zəfər çaldı. Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən, noyabr ayının 8-i ölkəmizdə “Zəfər Günü” kimi rəsmiləşdirildi və həmin gün bayram günləri sırasına daxil edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət hissi ilə dediyi bu gözəl sözlərlə xalqımızın qəhrəmanlıq tarixinə əbədi Lider kimi öz imzasını atdı:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!…

Bu xəbəri paylaşın: