1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş) min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın Rusiya tərəfindən yeni işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).
Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel” tarixinə üstünlük verilib. Bəs nə üçün?
Azərbaycan Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M.Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.
Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan olan Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadı. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional” zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.
Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı” olaraq dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı.
27 Aprel işğalı ilə əlaqədar M. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.
Qaynaq:
1. N. Yaqublu. Müsavat Partiyasının tarixi. B., 1997.
2. N. Nəsibzadə. Azərbaycanın xarici siyasəti (1918-1920). B., 1996.
