İsmayıl bəy Kolanı: tarix və rəvayət işığında

Xalq arasında bir çox rəvayət dolaşır. Rəvayətçilər tarix faktının tam mənzərəsini yaratmaq məqsədi daşımırlar, sadəcə üzdə olan bir-iki əlaməti (hadisənin baş verdiyi yeri, tayfa adlarını, tarixi şəxsiyyətləri və s), ya da son nəticəni mətnə daxil etməklə xalqın tarixi-qəhrəmanlıq salnaməsini yaradırdılar.

İsmayıl bəy Kolanı elinin Şıxavənd oymağının ağabəylilər tayfasına mənsubdur. Atası Ağa bəy Həsən bəy oğlu, anası Hüsnücahan xanım Niftalı bəy qızı idi.

II Ağa bəyin ikinci oğlu İsmayıl bəy 1809-cu ildə Kolanı mahalının Şıxavənd obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə еtməklə güzəran kеçirirdi. Qarabağın böyük mülkədarlarından sayılırdı.

İsmayıl bəy Əhməd bəyin qızı Fatmanisə xanımla dünya еvinə girmişdi. Ağa bəy, Rüstəm bəy, Qəhrəman bəy, Xanlar bəy adlı oğlanları, Ayna xanım adlı qızı vardı.

III Ağa bəy İsmayıl bəy oğlu 1837-ci ildə Kolanı mahalının Şıxavənd obasında dünyaya pənah gətirmişdi. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul olurdu.

İsmayıl bəyin ikinci oğlu Rüstəm bəy 1844-cü ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul olurdu.

İsmayıl bəyin üçüncü oğlu Qəhrəman bəy 1847-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul olurdu.

İsmayıl bəyin dördüncü oğlu Xanlar bəy 1865-ci ildə Şuşa qəzasının Çiləbörd sahəsinin Şıxavənd obasında anadan olmuşdu. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul olurdu.

**

İsmayıl bəy Xaçın mahalında Aqmahı kəndinə, Kolanı mahalında bir neçə obaya və rəyyətə başçılıq edirdi. Sonralar qohum-əqraba və rəiyyətlərinin bir hissəsini başına yığıb mahalın dağlıq hissəsində bir şenlik saldı. Şenlik sonralar onun adıyla İsmayılbəyli adlandı.

İsmayıl bəy ömrünün son çağlarında oğlu Xanlar bəy və vaxtsız-vədəsiz vəfat etmiş Qəhrəman bəyin oğlu Nəriman bəylə qalırdı.

İsmayıl bəyin əmisi Əlihümbət bəyin uşaqları da onun ətrafında yaşayırdılar. Bunlar: Fərzalı bəy Əlihümbət bəy oğlu və oğlanları-Sadıq bəy, Hüsеyn bəy, Baxşalı bəy Əlihümbət bəy oğlu və oğlanları-Mеhralı bəy, Mirzalı bəy, Əli bəy, Qurban bəy imişlər.

İsmayıl bəylə bağlı el arasında xeyli rəvayət çavlanır. İsmayıl bəy bu rəvayətlərdə öz comərdliyi, igidliyi, şücaəti və yenilməzliyi ilə rəvayət qəhrəmanı obrazına çevrilib. Onlardan biri.

Deyirlər ki, İsmayıl bəyin Narınc adlı bir qızı olubdu. Narıncın bir yoldaşı olub, çox əzazil imiş. Qız əhd eliyib ki, Allah, bunnan mənim canım qutarsın, mən bir nökərə də gedərəm. İsmayıl bəyin nökəri Rüstəm Narıncı götürüb qaçır yuxarı obalara. Bir müddət bir yerdə yaşıyıllar, onnarın iki uşağı olur. İsmayıl bəy də həmişə dağa-arana gedib gəlirmiş. Bir gün o tərəflərə gələndə gəlin uşaqlara örgədir ki, yenin yolun qırağına, babanız gələcək. Babanız gələndə sizdən soruşacaq ki, ay bala, kimsiniz siz? Onda deyin ki, baba, biz sənin nəvələrinik, bu meşənin başında yaşıyırıq. Bunlar belə deyəndə İsmayıl bəy düşür atdan uşaqların üzünnən öpür. Deyillər, baba, yerimiz-yurdumuz yoxdu, bizə yaşamağa yer ver. İsmayıl bəy əlin belə uzadır deyir, ay bala, Taxtabaşınnan Çıraqlı arasına qədər yeri verdim sizə. O kəndin bünövrəsi Narışdan olub, kənd ona görə Narışdar adlanıb. Narışdarda dörd-beş nəsil var: usublar, novruzdar, fərzalılar, baxşalılar.

**

İsmayıl bəyin qohumlarından olan Fərzalı bəy eşidir ki, İmarət Qərvənddə Zeynəb adında dul qadın var. Fərzalı bunu gətirir dədəsi Məmmədalıynan evləndirə. Zeynəbin də yanında bir oğlu olur, adı Usub olur. Onda da Usubun beş-on yaşı olardı. Fərzalı deyir, elə bu Usubu da aparım, irilənəndə quzuya göndərərəm. Atın tərkinə alır, gətirir Narışdar kəndinə. Usub böyüyəndən sonra onu Fatma adında bir qızla evləndirir, ondan da Məhərrəm, Əhməd, Hümmət törəyür. İndi həmin nəsil usublar kimi tanınır. Novruzdarın da əsli Laçının Şamkəndindəndir. Novruzun atası Tahir, Tahirin də atası Məcnun olub. Novruz Güldəstəni götürüb qaçıb Laçına. Bir müddət Laçında qalannan sonra Güldəstə ilə birlikdə gəlib Narışdarda məskən salır.

Göründüyü kimi, tarixi hadisə rəvayətlərdə tam əks olunmur. Maraqlıdır ki, bu rəvayətlərdə baş verən dəyişikliklər unudulma, tanıma hallarının təsviri ilə təsdiqlənir.

Qeyd edək ki, vaxt keçdikcə,tarixi rəvayətlərin qiyməti, bədii dəyəri daha da artır, xalqın öz soykökünü, keçmişini, tarixi kimlik və qəhrəmanlıq salnaməsini öyrənmək üçün əsas milli-mənəvi qaynağa çevrilir.

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: