Putin KTMT-də çıxış etdi

“NATO özünün geosiyasi siyasətindən kənara çıxır, digər regionlarda siyasətə təsir etməyə çalışır. Bu, bizdən diqqətli olmağı tələb edir”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.

Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışan Putin Rusiyanın bu dövlətlərlə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb.

Bununla belə, o qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişlənməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq: “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”.

Eyni zamanda prezident vurğulayıb ki, Skandinaviya dövlətlərinin hərəkətləri “beynəlxalq təhlükəsizlik sahəsində onsuz da çətin olan vəziyyəti” gərginləşdirə bilər.

Əvvəllər hərbi neytrallıq siyasətinə sadiq qalan Stokholm və Helsinki mayın 15-də NATO-ya üzv olmaq niyyətlərini rəsmən bəyan ediblər.

Xatırladaq ki, İsveçin baş naziri Maqdalena Andersson bildirib ki, İsveçin neytrallığı “onlara yaxşı xidmət edib”, lakin Stokholm Moskvanın təhdidlərindən ehtiyat etdiyi üçün bu siyasət gələcəkdə faydalı olmaya bilər.

Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin birgə mətbuat konfransında ölkənin mayın 16-da “parlamentlə məsləhətləşmədən sonra” NATO-ya üzvlük üçün müraciət edəcəyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyanın bloka qəbulu prosesi sürətləndiriləcək, lakin bu, hələ bir qədər vaxt aparacaq. Bu müddət ərzində alyans hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi yollarını nəzərdən keçirəcək.

Bu xəbəri paylaşın: