Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ilə görüşüb.
Sahibə Qafarova Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib.
Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.
Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.