Macarıstanın baş naziri Viktor Orban yeni seçkilərdən sonrakı çıxışında Rusiyaya qarşı sanksiyaların yalnız kağız üzərində təsirli olduğunu, əslində isə qitə blokadasını tətbiq edənlərin “uğursuzluğa” düçar olduğunu bildirib.
Avropa əmindir ki, müxtəlif sanksiyalarla Rusiyanı diz çökdürə bilər. Bu, kağız üzərində mümkündür və bir çox “kağız” siyasətçilər bir növ nəzəri sübutlar irəli sürürlər, amma nə qədər xatırlamağa çalışsam da, ağlıma təsirli olacaq qitə blokadası gəlmir. Ancaq bunu təqdim edənlərin necə “uğursuzluğa” düçar olduqlarını gördüm.
Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib. Bir sıra şirkətlər Rusiya bazarından çəkildiklərini və ölkədəki istehsal müəssisələrini bağladıqlarını bəyan ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya ilə işləməkdən imtina edən şirkətlər bunu böyük təzyiq altında ediblər, lakin Rusiya Qərbin iqtisadiyyatla bağlı yaratdığı bütün problemləri həll edəcək.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, ABŞ və Avropa İttifaqı faktiki olaraq Rusiya qarşısında öhdəliklərini yerinə yetirməyərək onun valyuta ehtiyatlarını dondurub. Prezident bildirib ki, baş verən hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.