44 günlük Vətən savaşının 45-ci günü…

I YAZI

  • XAQANİ ƏDƏBOĞLU, AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Postmüharibə dövrü bir daha göstərdi ki, öz döyüşçülərinə qarşı ən diqqətli qurumlar Daxili İşlər nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Hər iki qurumun rəhbərliyinə bütün döyüşçülər adından minnətdarlıq edirəm. Bu bir örnəkdir. Elə Birinci Qarabağ müharibəsində də, bu gün də bu örnəyin qorunub saxlanması göz önündədir. Müdafiə nazirliyi isə döyüşə göndərdiyi əsgərlərin siyahısını dəqiqləşdirə bilmir. 5 medal verdiyi döyüşçünün veteranlıq statusunu dəqiqləşdirmək üçün 2 il vaxt azlıq edir.


Daha ciddi problem isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaranıb. Nazirliyin qarşısına toplaşan döyüşçülər iki ildi ki, ayağı olanlar ayaq, əsası olanlar əsa döyürlər. Gərək əlilə «xalaqızılar», yaxud da «fil həkimləri» baxa. Metrlə, hoza ilə ora-buralarını ölçə ki, Sahil Babayev ruhən rahatlıq tapa. Ağır dərddir. Əldən nə gəlir. İki gözü olmayan, iki ayağı olmayan, ciyərləri deşik-deşik olan, psixoloji durumu yerində olmayan birini dəfələrlə uzaq əyalət kəndindən Bakıya gətirmək nə deməkdir? Daha qisası necə almaq olar? Əlinə silah alıb qapıya gələn müharibə iştirakçılarını güllələməyəcək ki? Ağ olmasa, bunu da edər.


Cənab Ali Baş Komandanımız! Bu şəxslər məqsədli sifarişi yerinə yetirməyə bənzər işlər görüb sosial partlayış planlayırlar. Biz bunu görməkdəyik…


…Müharibə başlayanda cıqqırları çıxmayan bu adamlar dərhal sonra gözə girdilər. General Auqusto Pinoçetin məşhur bir kəlamı var: «Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırırlar. Təhlükə sovuşandan sonra isə Allahı unudarlar, hərbçiləri isə ittiham edərlər»…

Bu gün Allahın unudulduğu və hərbçilərin hədəf seçildiyi günləri yaşayırıq. Azərbaycan bəlkə də dünyada yeganə ölkədi ki, onun Dövlət Himnində «əsgər»in adı keçir:


Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!


Məmur və məmur övladlarının deyil, məhz əsgərin adı himnimizdə əks olunub. Bunu ruhunda əsgər ruhu, döyüşçü ruhu olmayanlar, südü pozuqlar, çörəyimizi yeyib, suyumuzu içib düşmənə xidmət edənlər anlamazlar. Vətən, əsgəri yoxsa, Vətən ola bilməz. Uğrunda ölməyə kimsəsi yoxsa, o yurd düşmən üçün hazır bir yemdir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verənlər kimlərinsə sifarişiylə həyata keçirilməkdə olan mənfur bir sifarişin finala yaxınlaşmasının siqnalıdır. Özü də hərbçi əsgərlərimizə, müharibə iştirakçılarına, müharibə əlillərinə və şəhid ailələrinə qarşı eyni üslubda aparılan bu işlərin adı islahat yox, olsa-olsa ishal-at ola bilər. Hər kəsi qarın ağrısına salmaq üçün «xalaqızı-dayıoğlu həkimlər», «fil həkimləri» ortaya soxuşdurulub. Ermənistandan götürülmüş faizli əlilliyi təyinetmə üsulu, hərbçilərin xidməti pensiyalarını əmək pensiyasına çevirmələr, kontuziyadan, səngər xəstəliyindən əziyyət çəkən 60-70 yaş arası müharibə əlillərinin kütləvi şəkildə əlilliyinin ləğv edilməsi, 2019-cu ildən bəri ehtiyatda və istefada olan hərbi qulluqçuların pensiyalarının artımı bir yana dursun, hətta indeksasiya edilməməsinin sizcə nə məqsədi ola bilər?

Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olub. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olmasına səbəb onları 2 il ərzində oraya yığanlarda axtarılmalıdır. Bu adamlar sosial sahəni bilmirlər. Zorən və əndazəsiz işləri də Ali Baş Komandanın adından görmələrini hər kəsə elan edirlər. Bu işə rəvac verən qurumlara diqqət edin: Nazirlər Kabineti — Milli Məclisin Əmək və sosial siyasət komitəsi — Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) — Konstitusiya Məhkəməsi (Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İsa Nəcəfov) — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Maliyyə nazirliyinin birgə səylə gördükləri işin nəticəsi ortadadır. Bu sxem üzrə bu işlərdə əli olanları tapıb üzə çıxarmaq lazımdır.


Bəlkə də çoxlarınıza Ombudsman və Konstitusiya Məhkəməsinin adlarının bu sırada olması maraqlı görünəcək. Xatırlayırsınızsa, Sahil Babayev nazir təyin olunan kimi korrupsioner Səlim Müslümovdan yarımçıq qalan anti hərbçi yolu davam etdirmək üçün güc nazirliklərinə müraciət etdi və mənfi cavablar aldı. Bundan sonra «xidmətlə əmək sərfini eyniləşdirmək üçün» Ombudusman Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İsa Nəcəfovun sədrliyi ilə keçən prosesdə 7 fevral 2022-ci ildə «Ehtiyatda olan hərbçilərin pensiyasının yenidən hesablanması qaydası müəyyənləşdirib».


Bununla bağlı Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul olunub. İclasda “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin – Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin və həmin kafedranın müəllimi F.Əliyevanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.


“Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.


“Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsi Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


Əlbəttə qərarda deyildiyi kimi təfsir etmədən adı çəkilən maddələri və bu məhkəmə qərarını əsas götürüb yüz minlərlə insanı sosial narazılığa zorlayan, hansı maddələrə istinad etdiyini açıqlayırıq.


«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun adı çəkilən maddələrinin mətnini təqdim edirəm:


9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır;
Azərbaycan Respublikasının Konstitusiyasının adı çıkilən maddələrini təqdim edirəm:
Maddə 13. Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
Maddə 25. Bərabərlik hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi,əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Maddə 29. Mülkiyyət huququ
I. Hər kəsin mülkiyyət hüququ vardır
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Maddə 38. Sosial tə`minat hüququ
I. Hər kəsin sosial tə`minat hüququ vardır.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallardasosial tə`minat almaq hüququna malikdir.
Maddə 149. Normativ hüquqi aktlar
I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.


Heç bir təfsir aparmadan demək olar ki, bu Məhkəmə Qərarını Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri öz istədikləri istiqamətdə yanlış istiqamətdə təfsirə yol veriblər. Qərardan öz məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. Əslində isə Qərarla bunların gördüyü işlərin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva adından Konstitusiya Məhkəməsinə edilmiş müraciətin on minlərlə hərbçinin sosial narazılığına səbəb olmasını və adı çəkilən orqanların birgə səylə bu qərara istinad edərək əsassız qərarlar qəbul etməsini araşdıracaqdır. Bu gün Qərarı yanlış istiqamətdə təfsir olunan Konstitusiya Məhkəməsi və Ombudsman hərəkətə keçməlidirlər. Ən azı sosial ədalət bərpa edilməli və illərcə qoruduğumuz stabilliyin pozulmasının qarşısı alınmalıdır. Çünki Konstitusiya Məhkəməsinin Qərarı əsasında adları çəkilən orqanların gördükləri işlər bu gün Ali Baş Komandanın Müzəffər obrazını, Dövlətin hərbi qüdrətini və müdafiə qabiliyyətini zəiflətməyi hədəfləyən bir dəstənin gördüyü işlər ciddi surətdə nəzarətə götürülməlidir. Düşünürəm ki, «islahat» adıyla, iki ayağını itirmiş qazinin 5-6 ay təqaüdünü kəsməklə yalançı «qənaət» statistikası vermək, faktiki kora belə əlillik statusu verməmək üçün «xalaqızı-həkimləri» ortaya soxuşdurmaq cinayət xarakterli bir təxribatdır. Pensiya elə bir şeydir ki, ondan qənaət mümkün deyil. Amma qənaət etmək üçün xidməti avtomobilləri azaltmaq, katibə və köməkçilərin sayını azaltmaq, məşğulluq adıyla talanan «qoca inək» sosial siyasətini dəyişmək və s. daha vacibdir. Qənaət üçün o nazirlikdə yetərincə strukturlar öz ləğvini gözləməkdədir…


Əslində bu yazını elə müharibənin səhəri günü yazacaqdım. Çünki içimizdəki kolonun xislətini yaxşı bilirdim. Bilirdim ki, xalqı qazanılmış bu Zəfərə görə peşiman edəcəklər. Bilirdim ki, ordudan bu qisası alacaqlar. Kim əksini düşünürsə, ölkə rəhbərinin anti Ermənistan sərt bəyanatlarından sonra ölkədə baş verən bütün təxribatları araşdırsın. Bu faktlardan birini xatırladım. Mingəçevir İES-də baş verən qəza nəticəsində bütün ölkədə elektrik təminatı iflic oldu.


Bəs buna səbəb nəydi? Xatırlayırsınızsa, (2018, iyul) Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məşhur bir bəyanatı oldu: “Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır”— sözləri erməni mediasında və siyasi dairələrində geniş əks-səda doğurdu. Erməni mətbuatını ardıcıl izləyənlər düşmənin anında Prezident İlham Əliyevi hədəfə aldıqlarını yaxşı billirlər.


Deyə bilərsiniz ki, bunun elektrik kəsilməsi ilə nə əlaqəsi? Dəfələrlə yazmışıq və bir daha təkrar edirik ki, hər dəfə ölkə başçısı bu tip bəyanatlar verəndə xaricdə və ölkə daxilində erməni istəklərinə uyğun proseslər baş verir. Bu işıq sabotajı da illərcə hazırlanmış bir aksiya olmasını faktlar əsasında diqqətinizə çatdırmağa çalışacağıq. Enerji sektoru dövlətin strateji qollarından biri sayılır. Bunun nə demək olduğunu son iki gün ərzində hər biriniz gördünüz. Bu hadisə Azərbaycan prezidentinin çıxışına daxildəki erməni kolonunun «Azərsu» və «Azərenerji» ASC-lərin xəttiylə etdiyi sabotaj hərəkətidir və bu belə qiymətləndirilməli idi. Çünki erməni mətbuatı yazırdı ki, Mingəçevir İES olayı olmasaydı Azərbaycan müharibəyə başlayacaqdı.


Digər faktları özünüz araşdırın. Tarixləri tutuşdurun və baş vermiş təxribatlara nəzər salın və «nə yaxşı ki, Ali Baş Komandanımız İlham Əliyevdir» deyəcəksiniz.


İndi isə 44 günlük Vətən savaşının 45-ci günündə baş verənlərə diqqət edək.


— Lüzumsuz və tələsik bir şəkildə qalib hərbçilərin əmək haqqlarına «əl gəzdirilməsi»
— Dünya bazarında neftin qiyməti düşməyə başladığı bir vaxtda tələsik qiymət artımları
— Müharibədən geri dönmüş yaralıların baxımsızlıqla üzləşməsi
— Müharibə əlillərinin yersiz şəkildə əlilliklərinə müdaxilə edilməsi
-Əlilliyin təyinatı ilə bağlı qanunda müharibə ilə bağlı xəsarətlərin olmaması
— Veteran komissiyalarının bu günədək süründürməçiliklə məşğul olması
— Ehtiyatda, istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyalarının 2019-cu ildən etibarən artım və indeksasiyalardan kənar saxlanması və hər kəsin narazılığına səbəb olan Qanun layihəsinin MM-dən keçirilməsi
— Ehtiyac olmadığı halda Nazirlər Kabinetində veteranlar, müharibə əlilləri, şəhid ailələri və şəhid adının ədədiləşdirilməsi haqqında Qanunun qüsurlu və bəlkə də daha pis bir şəkildə korrektəyə uğraması (Məsələn, 2 dəfə Milli Qəhrəman olmayan şəhidə abidə qoyula bilməz. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) müdaxiləsiylə büstlərin və şəhid adlarının məktəblərdən və s. götürülməsi qismən dayandırıldı. Bu gün televiziyalarda şoumenə çevrilmiş bir çox döyüşçü-ekspertlərin nədənsə o zaman cıqqırları çıxmırdı-red.)
— Döyüşdən dönmüş əsgərlərin cəmiyyətə adaptasiyası istiqamətində psixoloji yardımların göstərilməsi
— ƏƏSMN və HTEK tərəfindən döyüşçülərin bu günədək incidilməsi və mətbuatda onlara qarşı disskriminasiya siyasətinin yürüdülməsi və s. və i.a.

Gerisini siz özünüz də saya bilərsiniz…


Bir dəfə yazmışdım ki, Türkiyənin qazilərlə və qazilərə əlillik təyinatı ilə bağlı qanunlarını oxuyanda döyüşçü, bizim bu qanunu oxuyanda isə şoumen, ya da elə deputat olmaq istəyirsən (Çünki bu qanunları dəfələrlə müraciət etsək də ortaya atanlar və qanun qayıranlar eyni xislətli olduqlarını nümayiş etdirdilər). Müharibə gedən ölkədə avtoqəza avtoşuyla, tankda minaya düşən şəxsi eyni prizmada görən ən azı erməni dəyirmanının cüvarı ola bilər. Müharibə əlili və müharibə veteranı Qanunu yenidən işlənməli və o prizmadan çıxarılmalıdır. QİÇS (SPİD)-ə yoluxana I dərəcə, hər iki ayağını dizdən aşağı itirən döyüşçüyə isə III dərəcə verməyi ortaya qoyan şəxsdə türk qanı varsa, mən buşmenəm. Üstəlik də, bunu zamanında deyil, bir dəstə «xalaqızı» və «fil həkimi» yığıb ötür-ötürlə edənlərin adını da siz düşünün. Bu adamlar bizlərə sübut etməyə çalışırlar ki, kiçik xalqların böyük Zəfərləri olmur…


Ardı var…

Bu xəbəri paylaşın: