ARARAT ADININ ERMƏNİLƏRƏ AİDİYYƏTİ VARMI?

Türkiyə Cümhuriyyətinin şərqində yerləşən Ağrı dağının hündürlüyü 5165 metrdir. Türkiyənin ən uca zirvəsi olan bu dağ Ermənistan sərhədindən 32 kilometr, İran sərhədindən 16 kilometr aralıdadır.

Ağrı toponiminin mənşəyinə gəlincə, bir ehtimala görə, o türk dillərindəki “ağır” sözünün bir qədər dəyişmiş formasıdır. Başqa bir iddiaya əsasən, dağın Ağrı adı orta pars dilindəki “masi” (böyük, iri) sözünün tərcüməsidir. Yeri gəlmişkən, ermənilər Ağrı dağını Masis adlandırırlar. Onlar bu dağa böyük önəm verirlər. Ağrı dağının təsviri Ermənistan Respublikasının gerbində əks olunmuşdur.

Ərəblər Ağrı dağını “Cəbəl əl Harət”, farslar isə “Kuhi Nuh” adı ilə tanıyırlar.

Ağrı dağı Qərb ölkələrində Ararat adı ilə məşhurdur. Bir fərziyyəyə əsasən, Ararat sözü Urartu ölkəsinin adı ilə bağlıdır. Digər fikrə görə, “Tövrat”da adı çəkilən Ararat dağları məhz Türkiyədəki Ağrı dağıdır. Ararat toponiminin fars mənşəli olduğunu söyləyənlər də vardır. Amma o fars dilində hansı mənanı ifadə edir? Bax, bu, dəqiq bilinmir.

Maraqlıdır ki, Azərbaycanda və digər ölkələrdə adi insanlar Ararat oronimini (toponimini) heç bir ciddi əsas olmadan ermənilərlə əlaqələndirirlər. Halbuki vurğuladığımız kimi, dağın ermənicə adı Ararat deyil, Masisdir. Ermənilər ona həmişə yalnız Masis demişlər. Beləliklə, həmin təsəvvürün özü də bir stereotipdir. Araşdırmamızın məqsədi isə bu mifi dağıtmaqdır.

Rusiya Federasiyasının Xakasiya Respublikasının Kuznetsk Alatau dağlıq bölgəsində Ararat adlı dağ vardır. Həmin dağın hündürlüyü 1546 metrdir. Saralı çayı öz mənsəbini bu dağın ətəyindən götürür. Yerli xakas türkləri deyirlər ki, Ararat oroniminin “Tövrat”la heç bir əlaqəsi yoxdur. Ruslar (xristianlar) Xakasiyaya gələnə qədər də həmin dağın adı Ararat olmuşdur.

Haşiyə. Görünür erməniləri bu məsələ narahat etdiyi üçün onlar növbəti saxtakarlığa əl atmışlar. Erməni “tədqiqatçılarından” biri iddia edir ki, Xakasiyadakı Ararat dağına bu adı guya XIX əsrin ortalarında Kuznetsk Alatau zonasına gəlmiş qızıl axtaran ermənilər (!?) vermişlər. Lakin bu yalanı 1876-cı ildə Ağrı dağının ətəklərində olmuş Böyük Britaniya tarixçisi, məşhur dövlət xadimi və humanist James Brycenin (1838–1922) qeydləri darmadağın edir. O, yazırdı ki, Ararat adı yerli əhaliyə (türklərə, ermənilərə, kürdlərə və s.) bəlli deyildir.

“Brokqauzun İncil ensiklopediyası”na əsasən, Türkiyədəki Ağrı dağının “Tövrat”da xatırlanan Ararat dağı olduğunu güman etmək üçün heç bir əsas yoxdur. Çünki orta əsrlərədək heç kim həmin dağı Ararat adlandırmamışdır. Bu ad “Tövrat”dakı Ararat adının tarixi Urartu (ölkəsinin) adı ilə qüsurlu eyniləşdirilməsi nəticəsində oronim kimi ortaya çıxmışdır.

Xakasiya Respublikası ilə həmsərhəd olan Tıva Respublikasının əsas əhalisinin – Tıva türklərinin bir adı da aratdır. Keçmişdə moğol köçərilərini də arat adlandırırdılar. Kalmıklar, buryatlar və Altay türkləri isə özlərinə oyrat və ya orad deyirdilər. Yeri gəlmişkən, Səfəvilər dövlətinin hökmdarı Şah I Abbasın diplomatik missiya ilə İspaniya krallığına göndərdiyi Oruc Bəy Bayat yazırdı ki, qızılbaş tayfalarından birinin adı oryatdır. Zənnimizcə, Ararat oronimi ilə arat, orad, oyrat etnonimləri arasında bağlılıq vardır. Buna dəlalət edən misallara nəzər salaq:

  • Ərəblər bu dağı “Cəbəl əl-Harət”, yəni “Harət dağı” da adlandırırlar. O ərəb dilindən “Əkinçi dağı” kimi tərcümə olunur. Maraqlıdır ki, Altayda arat və ya oyrat adını məhz kənd əhalisi daşıyır. Harət oronimi ilə arat etnonimi arasında bənzərlik göz qabağındadır.
  • “Tövrat”a görə, Tanrı Nuh Peyğəmbərə xəbər verir ki, yer üzünü su basacaq. Nuh Peyğəmbər Tanrının tapşırığı ilə gəmi düzəldir. Hər canlıdan bir cüt götürüb, oğlanları Sam, Ham və Yafəslə birlikdə həmin gəmiyə minir. Tufandan yalnız onlar xilas olurlar. Gəmi Ararat dağlarına yan alır. Nuh və övladları burada quruya çıxırlar.
  • Filoloq Kamil Vəliyevin “Elin yaddaşı, dilin yaddaşı” adlı əsərində Altay türklərinin belə bir əfsanəsi verilmişdir: “Tanrı Yer üzündəki Nama adlı bir adama tufan olacağını söyləyərək ona tapşırdı ki, gəmi düzəltsin. Nama gəmini düzəltdi. Sonra hər canlıdan bir cüt götürüb, oğlanları Balıksa, Sar-uul və Soozun-uul ilə birlikdə həmin gəmiyə mindi. Tufandan yalnız onlar xilas oldular. Gəmi Çomoqdoy (Çomqodoy, Çomoday) və Tuluttu dağlarına yan aldı. Nama Yayuci (Yaradıcı) və Yayık (Tufan) xan adı ilə tanrılar sırasına daxil oldu”.

Nama haqqında Altay əfsanəsində xatırlanan Çomoqdoy (Çomqodoy, Çomoday) dağı ola bilsin ki, Kuznetsk Alatau dağ silsiləsində yerləşən və rusların Çemodan adlandırdıqları zirvədir. Onun hündürlüyü 1357 metrdir. Xatırladaq ki, Ararat dağı da Kuznetsk Alatau silsiləsinə aiddir.

Daha bir Ararat dağı Rusiya Federasiyasının Primorsk diyarının Çuquyev rayonundakı Sixote-Alin zonasındadır. Onun hündürlüyü 1384 metrdir. Primorsk diyarının yerli əhalisi Altay dil ailəsinə aid mancur dilində danışan udexelər və nanilərdir.

Nəticə. Ararat toponimi məhz türk mənşəlidir və bunun ermənilərə heç bir aidiyyəti yoxdur.

P.S. İslam ənənəsinə görə, Nuh Peyğəmbərin gəmisi Ararat adlı deyil, Cudi adlı dağın üstünə oturmuşdur. Amma bu, başqa bir söhbətin mövzusudur.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: