URMİYA ƏSL AZƏRBAYCAN TOPONİMİDİR

Azərbaycanın qədim şəhərlərindən biri də Urmiyadır. Urmiya İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının inzibati mərkəzidir. Urmiya gölündən 18 kilometr qərbdə yerləşən bu şəhərdə 800.000-ə qədər adam yaşayır. Urmiya sakinlərinin 90%-i azərbaycanlı, 10%-i isə kürd, fars və aysordur. Şəhərdə I və V əsrlərə aid xristian məbədləri mövcuddur.

Bir fərziyyəyə əsasən, Urmiya adı guya Hindistanın benqali dilindəki “urmi” (dalğa, şər) və ya “urmya” (dalğalı) sözüdür. Digər ehtimala görə, Urmiya toponimi qədim Assuriya dilində guya “su şəhəri” mənasını verirmiş. Bu, onunla əsaslandırılır ki, Mesopotamiya (Şumer) şəhərlərinin adlarında “ur” sözü olmuş, assuriyalılar isə suya “mia” demişlər. Beləliklə, şumer dilindəki “ur” və Assuriya dilindəki “mia” sözlərinin kombinasiyasından Urmiya toponimi ortaya çıxmışdır (!?). Daha bir əsassız fikir də irəli sürülür ki, guya bu toponim Urartu ölkəsinin adı ilə əlaqəlidir. Həmçinin iddia edilir ki, Urmiya şəhəri Şərqi Roma imperiyasının sərhədlərinə yaxın olduğu üçün onun adı guya urum və ya Rum (Roma) sözündən törəmişdir.

Haşiyə. Maraqlıdır ki, Finlandiyada da Urmia adlı kənd vardır. Estoniyada bir qəsəbə, Nepalda bir şəhər, Hindistanın Jharkhand ştatında üç kənd Urmi, bir kənd isə Urmu adını daşıyır. Rusiya Federasiyasının Xabarovsk diyarında bir yaşayış məntəqəsi və onun yaxınlığından axan iri (458 kilometr uzunluğunda) çay da Urmi adlanır. 1933–1963-cü illərdə bu ərazidə Kur–Urmi even-nanay milli rayonu mövcud olmuşdur. “Urmi” toponimi even dilində “köhnə yuva” (köhnə yurd) anlamını ifadə edir. Onu da qeyd edək ki, even (mancur) dili türk, moğol, Koreya və yapon dilləri ilə birlikdə Altay dil ailəsinə daxildir.

Urmiya barədə söhbətimizi burada saxlayıb oxucunun diqqətini Azərbaycandan minlərlə kilometr uzaqlarda yerləşən Mərkəzi Asiya çöllərinə yönəldək… Beləliklə, e.ə. I minillikdə indiki Uyğurustan torpaqlarında çinlilərin yueci, yunanların isə asii və ya aseni adlandırdıqları qüdrətli bir xalq yaşayırdı. Müasirləri onları ucaboylu, ağdərili, kürən saçlı adamlar kimi təsvir edirdilər.

Eramızın I əsrində yuecilərin bir hissəsi qərbə doğru miqrasiyaya başladı. Onlar Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistanı istila edib, 105-ci ildən 250-ci ilədək mövcud olmuş nəhəng Kuşan imperiyasını qurdular. Tarixçilər kuşan xalqını yuecilərin bir qəbiləsi hesab edirlər. Fikrimizcə isə, yueci etnoniminin özü kuşan etnoniminin Çin dilində təhrif olunmuş formasıdır. Lakin bu barədə bir qədər sonra… Hələlik isə tarixi təsadüflər barədə danışaq…

Birinci təsadüf. Eramızın III əsrində yuecilərin bir hissəsi Amudərya çayının sahilləri boyunca yerləşən torpaqlara köçdü. Onlar burada toxar adı ilə məşhurlaşdılar. IX əsrdə toxarlar qəfildən yoxa çıxdılar. Bundan təxminən iki əsr sonra – 1074-cü ildə böyük türk alimi Mahmud Kaşğari (1028–1126) yazırdı ki, Orta Asiyanın ən böyük oğuz tayfalarından birinin adı tüger və ya dögerdir. Maraqlıdır ki, digər oğuz qəbilələri kimi, tügerlər də məhz toxarların vaxtilə yaşadıqları ərazilərdə – Amudərya çayının sahilləri boyunca məskunlaşmışdılar. Toxar və tüger tayfalarının müəyyən zaman fasiləsilə eyni bölgədə yaşamaları, onların etnonimlərinin bir-birinə bənzəməsi sadəcə təsadüflərin nəticəsi ola bilərmi?

Haşiyə. Tügerlər XI əsrdə Azərbaycana və Anadoluya köçərək güclü Artuqlular dövlətini (1098–1232) qurdular. Azərbaycanın Tərtər və Şəmkir rayonlarında Düyərli adlı iki kənd vardır. Hesab edilir ki, Düyərli toponiminin mənşəyi məhz Oğuz elinin döger tayfasının adı ilə bağlıdır.

İkinci təsadüf. Sahilləri boyunca vaxtilə toxarların, sonra isə oğuzların yaşadıqları Amudərya  çayı haqqında qədim yunan salnaməçilərinin ilk məlumatları e.ə. IV əsrə aiddir. Onlar yazırdılar ki, Orta Asiyanın yerli əhalisi bu nəhəng çayı Oxus adlandırır. Maraqlıdır ki, Mahmud Kaşğarinin məlumatına əsasən, türklər ən azı XI əsrdə iri çaylara ögüz deyirdilər. Orta əsrlərdə Xarəzmdə yaşamış müəlliflər isə Amudərya çayının adını Okuz kimi qeyd etmişlər. Görəsən, Oxus–Öğüz–Okus–Oğuz sözlərinin səslənməsindəki bənzərlik təsadüfidir, yoxsa bu oxşarlığın dərin tarixi kökləri vardır?

Üçüncü təsadüf. Toxar etnoniminin aydın və dəqiq mənası bilinmir. Bir məsələni də qeyd edək ki, müasir çuvaş və qədim bulqar dillərində 9 (doqquz) rəqəminə “taxxar” (toxxor) deyilir. Əfqanıstanın vilayətlərindən birinin adı Taxardır. Qədim toxarların vətənində yaşayan uyğur xalqının əcdadları haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir. Eramızın III əsrində çinlilər uyğurları qaoçe və ya qaoju adlandırırdılar. Bu xalqın adı teqreqi, çile, tele, toles, toleş və ya teles formasında da qeyd olunmuşdur. VII əsrdən etibarən uyğurlar doqquz oğuz adı ilə tanındılar. Bir-birinə guya heç bir aidiyyəti olmayan toxxor (doqquz oğuz) və toxar etnonimləri arasında oxşarlıq təsadüfidirmi? Davam edək…

Dördüncü təsadüf. Qeyd etdik ki, yueci və toxar, əslində, eyni xalqın ayrı-ayrı adlarıdır. Toxar etnonimi qədim bulqar dilindəki toxxor (doqquz) sözünə bənzəyir. Toxarların əski yurd yerlərində yaşayan doqquz oğuzlar VI əsrdə Türk xaqanlığını qurmuşdular. Türklərin xaqan sülaləsinə çinlilər Aşina deyirdilər. Maraqlıdır ki, qədim yunanlar da toxarları aseni adlandırırdılar. Bunu daha bir təsadüf hesab edə bilərikmi?

Qeyd. Sovet türkoloqu Lev Qumilyov iddia edirdi ki, Aşina adı guya Çin dilindəki “a” prefiksi (ön şəkilçisi) ilə moğol dilindəki “şono” sözünün kombinasiyasından əmələ gəlmişdir. Həqiqətən də maraqlıdır: VI əsrdə yaşamış türk xaqanları özlərinə soyad düzəltmək üçün niyə belə bir qəribə yola əl atmalıydılar?

1630–1755-ci illərədək qədim kuşanların (yuecilərin–toxarların) ana vətənində orta əsr mənbələrinin xoşud adlandırdığı xalq yaşamışdır. Xoşudların bir hissəsi 1630-cu ildə indiki Çinin Kuknor (Göynohur) məntəqəsinə köçmüş, yerdə qalanlarını isə 1755-ci ildə çinlilər və mancurlar qətliam etmişdilər. Kuknorda yaşayan müasir xoşudlar moğol dilinin oyrat ləhcəsində danışırlar. Ehtimala görə, xoşud etnonimi moğol dilində “xoşun” (qoşun),  “tiyə”, “ön dəstə” kimi mənaları ifadə edir.  Guya xoşud adını bu xalqa Çingiz xan vermişdir.

Amma məsələ burasındadır ki, xoşud etnonimi, əslində, həm qədim türk, həm də müasir moğol dillərindəki iki sözdən ibarətdir: “koş”–“xoş” (kök söz) və “uz”–“ut” (cəm şəkilçisi). Yeri gəlmişkən, kuşan etnoniminin “an” hissəsi də, böyük ehtimalla, İran dillərindəki “an” cəm şəkilçisidir. Qeyd etdiklərimizdə diqqəti cəlb edən bir neçə cəhət vardır:

  • Xoşud və kuşan etnonimləri, əslində, bir-birinin kalkasıdır. Görünür İrandilli mətnlərdə bu xalqın adı kuş-an (kuş-lar) formasında olmuş, moğol dilində isə xoş-ud (xoş-lar) şəklində deyilmişdir. Xatırladaq ki, çinlilər də uyğurların əcdadlarını qaoçe və ya qaoju adlandırırdılar.
  • Xoşudlar XVIII əsrədək məhz əzəli kuşan (yueci) torpaqlarında – indiki Uyğurustanda yaşamışlar.
  • Həm xoşud, həm də kuşan etnonimləri, zənnimizcə, bu xalqın ekzoetnonimləri, yəni başqa xalqların onlara qoyduqları adlardır. Hər iki halda sözün kökü saxlanmış, lakin mənsubiyyət şəkilçisi müvafiq cəm şəkilçisi ilə əvəz olunmuşdur. Fikrimizcə, həmin xalq özünü quşçi adlandırırdı. Çinlilər isə quşçi sözünü əvvəlcə yueci, sonra isə qaoçe və qaoju formalarına salmışdılar.

Quşçi etnoniminin mənşəyi, zənnimizcə, heç də quş sözü ilə deyil, türk dillərindəki “koş”, “qoş” sözü ilə bağlıdır. “Qoş” sözü qədim türk dilində birlik, birləşdirmək, əlavə etmək, bağlamaq, qurmaq, qoşulmaq kimi mənaları ifadə edir. Yeri gəlmişkən, qədim toxarların Şərqi Türküstanda qurduqları dövlətin və onun paytaxtının adı Kuçar idi. Kuçarın dövlətçilik tarixi iki dövrə bölünür. Birinci mərhələ 111-ci ildən 648-ci ilədək, ikinci mərhələ isə 861-ci ildən 1368-ci ilədək davam etmişdir.

Yenidən Urmiya toponiminin mənşəyi məsələsinə qayıdaq… Əvvəldə qeyd etdiyimiz kimi, bu adın müxtəlif yozumları vardır. Lakin həmin izahların heç biri Urmiya toponimini Azərbaycan dili ilə əlaqələndirmir. Halbuki onun məhz Azərbaycan dilindən qaynaqlandığını göstərən kifayət qədər ciddi əsas mövcuddur.

Uyğurustandakı Urumçi şəhərini qədim kuşan (yueci) xalqının törəməsi – xoşud xalqı salmışdır. Kuşan xalqının tək halda adı kuşi, əsl adı isə quşçi idi. Azərbaycanın qədim Urmiya şəhəri həm də Urmiya şəhristanının inzibati mərkəzidir. Onu da qeyd edək ki, Urmiya şəhərinin əsas əhalisi olan azərbaycanlılar bu şəhəri Urmiya deyil, Urmu adlandırırlar. Farsdilli mətnlərdə isə bu şəhərin adı Urumiyə kimi göstərilmişdir.

Göründüyü kimi, Uyğurustandakı Urumçi şəhərinin adı ilə Azərbaycandakı Urmu (Urumiyə) şəhərinin adlarında eynilik vardır: Urum–Urmu–Urum. Bu kontekstdə maraqlıdır ki, Urmiya şəhristanının beş rayon mərkəzindən birinin adı Kuşi və ya Quşçidir. Həmin şəhərin əhalisi azərbaycanlılardan ibarətdir.

Lakin quşçilər təkcə Urmiyada deyil, ölkəmizin bütün bölgələrində yaşamış, Azərbaycan xalqının etnogenezində fəal iştirak etmişlər. Quşçi adının müxtəlif variantlarına həm Azərbaycan Respublikasında, həm də azərbaycanlıların əzəldən yaşadıqları digər ərazilərdə rast gəlirik:

  • Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;
  • Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;
  • Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda;
  • Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd;
  • Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd;
  • Quşlar (Quşilər) – Qəbələ və Kürdəmir rayonlarında iki kənd;
  • Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;
  • Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd;
  • Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;
  • Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;
  • Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;
  • Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;
  • Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;
  • Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;
  • Quşçu – Ermənistanın Abaran  və Dərələyəz rayonlarında iki kənd;
  • Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;
  • Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər;
  • Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.

Nəticə. Azərbaycanın Urmu (Urumiyə) şəhəri ilə Uyğurustanın Urumçi şəhərini əski zamanlarda qüdrətli quşçi (yueci, kuşan, toxar, tüger, döger) tayfası salmışdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili 

Bu xəbəri paylaşın: