Xuduş Quliyev: Difainin kassiri

«Difai» sözünün tərcüməsi müdafiə deməkdir. Adından göründüyü kimi, bu firqə talançılığı, günahsız insanların qətlini yox, milli qarşıdurma yaradan daşnakları və onlara kömək edən rus məmurlarını hədəf seçmişdi. Difainin qətlinə fərman verdiyi şəxslər arasında ermənipərəst rus generallarını, daşnak başçılarını hətta yerli xainləri də göstərmək olar. Azərbaycan tarixində “Difai”nin misilsiz yeri vardır. Rus müstəmləkəçiliyinə və erməni quldurluğuna qarşı vuruşan bu təşkilat xalqımızın yaddaşında dərin iz buraxmışdır. İzi görünən şəxslərdən biri də Xuduş Quliyevdir.

Xuduş Şuşada, Qarabağda tanınmış quliyevlər soyuna bağlıdır. Bu soyun ulu babası Məhəmmədəlidir. Məhəmmədəli təxminən 1763-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin məiyyətində idi.

Məhəmmədəli Hürü ilə ailə qurmuşdu. Qulu, Abbas adlı oğlanları vardı.

Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi.

Hacı Qulu mesenat idi. O, qardaşı Məşədi Abbasla birlikdə Bakı Qız məktəbinin nəfinə 4.000 manat ianə vermişdi.

Hacı Qulunun törəməsi Quliyev soyadını daşıyırlar.

Hacı Qulu Sənəmlə ailə qurmuşdu. Əbdüləli, İbrahim, Mustafa adlı oğlanları, Bədir, Dürnisə adlı qızları vardı.

Hacı Qulunun ikinci oğlu İbrahim 1841-ci ildə Şuşada anadan olmuşdu. Ticarətlə məşğul idi.

İbrahimin Xudadad adlı oğlu vardı.

Xudadad İbrahim oğlu Quliyev 1869-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Sonra real məktəbdə təhsilini davam etdirmişdi. Ailədə Xuduş çağrıldığından şəhərdə bu adla da tanındı.

Xuduş Quliyev real məktəbdə oxuyarkən həmşəhərlisi Maqan Kərbəlayı Rüstəm oğlunu öldürmüşdü. Hadisənin təfsilatı. 7 fevral 1887-ci ildə Xuduş sinif yoldaşı Firudin bəy Uğurlubəyovgilə qonaq getmişdi. Bu məclisdə eyni sinifdən Surxay ağa Cavanşir, Abış bəy Qalabəyov, Rzaqulu bəy Vəzirov və başqaları vardı. Onlar yeyib-içib, əyləndikdən sonra çıxıb evlərinə dağılışmaq qərarına gəldilər. Xuduşun sevgilisi vardı. Bu qız qoçu Maqanın qonşusu, həm də qohumu idi. Çətinliyə baxmayaraq arada görüşürdülər. Bu iş Maqanın qulağına çatmışdı. Xuduş evə qayıdarkən qabağını kəsdi:

-Gədə, adam bəyəm Hacı Qulunun nəvəsi olanda xalxın qızının namusuna sataşar? Təpənə bir güllə çaxaram, meyidin ortalıqda qalar.

-Əvvala, gədə sənsən, ikinci də mən heç kimin namusuna sataşmamışam. Üçüncüdə mənim tapançama qatıq dolmayıb ki?!

Maqan yeniyetmənin sözlərinə hirslənib, tapançasını çıxardı. Tuşlayıb sıxdı. Güllə Xuduşun sağ gözündən dəydi. Xuduş ağır yaralanmasına baxmayaraq aşmayıb düz

durdu. Əlini tapançasına atdı. Maqan siyirməxəncər onun üstünə şığıdı. Xuduş güllələri onun ürəyinə boşaltdı. Haya Maqanın qardaşı Qulu, qohumu Novruz Kərbəlayı Hüseyn oğlu və başqa adamlar gəldilər. Xuduşun əmisi oğlu İsmayıl Əbdüləli oğlu tapançasını əlində hazır saxlayıb heç kimi yaxına buraxmadı. Nökəri Əli Nəcəfqulu oğlu məhəlləyə haya qaçdı. Hacıqululardan Tağı Abbas oğlu Xuduşu evlərinə apardı. Sonra meyidi yiyələrinə verdilər. İstintaq başlandı. Kənar şahid Usta Heydər Kərbəlayı Əli oğlu Xuduşun lehinə ifadə verdiyindən tutqu olmadı.

Xuduş Quliyev Şuşadakı «Qarşılıqlı Kredit» cəmiyyətinin üzvü idi. İqtisadçı kimi tanınmışdı.

Xuduş Quliyev “Difai” təşkilatının üzvü, «Qarabağ məclisi»nin katibi idi. “Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi. Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İsraiyyə idarəsinəvə hərbi təşkilatına Məşədi Şamil Hacıyev başçılıq edirdi.

Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)

“Difai”nin tərkibi müxtəlif təbəqələrdən olsa da, onları ümumi maraq, milli mənafe birləşdirirdi. Bu gizli təşkilatın əsas qüvvələrinin içində təbii ki, o zaman ki, milli burjua nümayəndələri də var idi. Çünki, təşkilatın fəaliyyətinə, onun belə desək topxanasının, cəbhəxanasının yaradılmasına,saxlanmasına xeyli vəsait tələb olunurdu. Şuşanın ən varlı şəxslərindən biri olan Xuduş Quliyevin “Difai” təşkilatınında təmsil olunması onun qeyrət və milli təəssübündən xəbər verirdi.

Xuduş Quliyev həm “Difai”, həm də digər xeyriyyə tədbirləri üçün yoplanan pula nəzarət edirdi. Şuşa şəhərindəki Çuxurməhlə məhəlləsində difaiçilər Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3000 rubl pul yığmış, bu pula silah, patron, revolverlər alınmış, adamlar hazırlanmış və Cənubi Azərbaycana Səttar xanın köməyinə göndərilmişdi. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку, 2002, с. 293-294)

1907-ci ildə X. Quliyevin üzv оlduğu «Qarabağ məclisi»nin fəalları kütləvi tutquya məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv İran təəbəsi оlduğundan оnu vətəninə yоlladılar. (ГИААР: Ф.524, оп.1, д.15, л.42-43.)

Dövlət orqanları 1912-ci ildə “Difai” təşkilatını dağıtmaq istədilər. Qarabağ fəallarını bir-bir dənləməyə başladılar. Bununla əlaqədar “Qarabağ məclisi”nin katibi Xuduş Quliyevi tutdular. (И.С. Багирова , Политические партии и организации Азербайджана в начале XX века (1900-1917). Баку — «Елм» — 1997., 336 с. Документы по русской политике в Закавказье. Вып.1, Баку, 1920,ст.23.)

Xuduş Quliyev “Difai” təşkilatındakı fəaliyyətinə görə 3 il sürgün olunmuşdu.

Xuduş Quliyev 12 mart 1919-cu ildə erməni vəhşiliklərinə görə qurulmuş komissiyaya məlumat verirdi: “Andronik Gorusa gələrkən Zəngəzur qəzası ermənilərinə ümumi səfərbərlik elan etmişdi. Həmin gündən Andronikin dəstələri Zəngəzur qəzasının müsəlman kəndlərini dağıtmağa başladı. Bu minvalla 119 müsəlman kəndi dağıdıldı, əhalisi öldürüldü, talan oldu”. (ГА Азерб. респ. Ф. 1061, on. lc, д. 86, л. 29)

Difai” təşkilatı Azərbaycan xalqının ağır sınaqlarla, ölüm-dirim mübarizəsi ilə qarşı-qarşıya qaldığı bir zamanda meydana çıxdı. Türk-müsəlman düşmənlərinə ölüm dərsi keçdi. Xuduş Quliyev kimi ölməzlərin sayəsində.

Mirzə Cəfər bəy Vəzirov: "Difai"nin sərkərdəsi

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: