Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın narahatlıqları qanunidir.
Bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
“Türkiyə qədər heç bir NATO müttəfiqimiz terror hücumuna məruz qalmayıb və buna görə də təhlükəsizliklə bağlı narahatlıqları ciddi qəbul edilməlidir”, — deyə baş katib bildirib.
Stoltenberq və Finlandiya prezidenti Sauli Niinistö Türkiyə ilə danışıqların davam etdiriləcəyini bildiriblər, lakin danışıqlarda irəliləyiş barədə məlumat verməyiblər.
«Madrid sammiti heç vaxt qərar qəbul etmək üçün son tarix olmayıb», — Stoltenberq NATO-nun iyunun sonunda Madriddə keçiriləcək toplantısına toxunaraq deyib.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət etmişdilər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəldilər. Lakin Türkiyə prosesin qarşısını aldı.
Rəcəb Tayyib Ərdoğan hökuməti Skandinaviya ölkələrindən Türkiyədən silah tədarükü ilə bağlı sanksiyaları ləğv etməyi və terrorçulara dəstəyi dayandırmağı tələb edir. Burada Kürdüstan Fəhlə Partiyası və Fətullah Gülən Hərəkatının nümayəndələri nəzərdə tutulur.
Bundan əlavə, Türkiyə Finlandiyaya ekstradisiya ilə bağlı on sorğu göndərib. Finlandiya Türkiyənin istəklərini qismən təmin edib.
Türkiyə prezidenti artıq bəyan edib ki, ölkəsinin tələbləri yerinə yetirilməyənə qədər Finlandiya və İsveç NATO-ya üzv olmayacaq.
