İcazəsiz aksiyalar düşmən dəyirmanına su tökməkdir

Son vaxtlar, xüsusən də Qarabağda azğın düşmən üzərində Zəfər qazanıldıqdan dərhal sonra Ordumuz, hərbi strukturlar və ölkənin ən böyük nailiyyəti olan sabitlik hədəfə alındı.


Biriləri evdə həyat yoldaşı ilə də sözləri düz gəlməyəndə öncə ordunun, sonra isə Hərbi Prokurorluğun adını bayrağa çevirirlər. Müxtəlif siyasi və şəxsi ambisiyalı adamlar «Tərtər işi»ni pərdəyə çevirərək öz istəklərini həyata keçirməyə çalışmaqdadırlar.


Dəfələrlə aidiyyatlı qurumlar bu prosesdə qanunsuzluqlarla bağlı iradları təsdiqləsələr də, edilən müraciətlərə cavablar versələr də, əlavə istintaq başladılsa da bu işə, ümumiyyətlə dəxli olmayan bu adamlar dayanmaq bilmirlər.


Faktiki olaraq qanunsuz və icazəsiz etiraz mitinqləri, yürüşlər təşkil etmək istəkləri ortadadır. Ölkədə baş verən bütün hər şeyi bu proseslə bağlamağa cəhd, «Tərtər işi» adı altında xərac toplamaq və ianələr almaq, əks mövqedə olan hər kəsi məhkəmə qərarı olmadan Vətən xaini, cani, cinayətkar elan etmək səlahiyyətini bu adamlara kim verib?

Ölkə rəhbərliyini təhqir etmək, hərbçi şərəfini ləkələmək cəhdi, nə vətənpərvərliyə, nə də ədalətə sığmayan kriteriyalardır.


Əldə etdiyimiz məlumatlara görə bu adamlar Respublika Hərbi Prokurorluğu önündə icazəsiz etiraz aksiyasına toplaşmaq istəyirlər.

Bir daha xatırlatmaq yerinə düşər ki, ölkənin əsas nailiyyəti siyasi sabitliyimizdir. Bu nailiyyətə xələl gətirmək istəyiylə ortaya çıxan hər kəs kimliklərindən asılı olmayaraq müharibə iştirakçılarını öz qarşılarında görəcəklər. Bunu söhbət etdiyim hər bir döyüşçü təsdiq edə bilər.


Xatırladım ki, Birinci Qarabağ müharibəsi zamanı qazanılmış uğurlarla bağlı, 1992-1993-cü illərdə Ermənistan DTK (KGB) sədri olmuş Valeri Poqosyan bildirmişdi ki, bu «qələbənin» 60%-ni daxildə aparılan pozuculuq işləri ilə bacardıq. Bu gün də əldə olunan məlumatlara görə, Ermənistan Xüsusi Xidmət orqanları gecə-gündüz stabilliyimizi poza biləcək məqamları tapmaq üçün baş sındırmaqdadır. Ona görə də hər bir kəs atdıqları hər addımı belə məsuliyyətli bir dönəmdə ölçüb biçməlidir.


Atdığımız hər bir yanlış addım ölkəmizin gələcəyi naminə düşünülüb atılmalıdır. Bu cür təxribatçı addımlardan çəkimək lazımdır. Çünki bu gün icazəsiz aksiyalar düşmən dəyirmanına su tökməkdir. Dara düşən revanşistlərə və elə düşmən ölkənin məğlub edilmiş iqtidarına dəstək olmaqdır.


Elnur Səlim

Bu xəbəri paylaşın: