AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvləri prezidentə müraciət edərək, aparılan islahatlara görə öz minnətdarlıqlarını bildiriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
O, bildirdi ki, məlum hadisələrdən sonra “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilib. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılıb. Baba Rzayevin «Azərenerji» ASC-nin prezidenti təyin edilməsindən sonra, bu sahədə müsbət mənada köklü dəyişikliklər edilib. Müəssisədə görülmüş yüksək keyfiyyətli yenidənqurma işlərinə görə müəssisədə çalışan müharibə veteranları adından «Azərenerji» ASC-nin prezidenti Baba Rzayevə və Ali Baş Komandan cənab İlham Əliyevə veteranlar adından öz minnətdarlığımızı bildiririk. Elə buna görə də onun şəxsi diqqət və qayğısıyla ərsəyə gəlmiş müəssisənin açılışında hər bir energetik cənab İlham Əliyevin və xanım Mehriban Əliyevanın iştirakını ürəkdən arzulayır.
N. Həsənov bildirdi ki, müharibə veteranı olan energetiklər aparılan islahatlara görə ölkə rəhbərinə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: «Hörmətli cənab Prezident, Mehriban xanım.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi mərhum Ulu Öndər Heydər Əliyevin təşəbbüsüylə 1994-cü ildə yaradılıb. Təşkilatın bütün üzvləri Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bu gün də Ali Baş Komandanın ətrafında birləşmiş vətənpərvər müharibə veteranı və əlillərindən ibarətdir.
Siz , 2018-ci ilin iyulunda ölkənin enerji sisteminin çökməsi ilə nəticələnən «Azərbaycan» İES MMC -də baş vermiş hadisədən sonra Baba Rzayevi «Azərenerji» ASC-nin prezidenti təyin edəndə çox sevindik. Şünkü Baba müəllimin «Azərenerji» ASC-də gördüyü işlərdən xəbərdar idik. Baba müəllim qısa vaxt ərzində çox saylı energetiklər ordusunun əmək haqlarının 3 dəfə artırılmasına, «Azərbaycan» İES MMC -də yenidənqurma işlərinin sürətlə aparılmasına, köhnə avadanlıqların yenisiylə əvəz olunmasına, APQ-330 və 500 kvt-luq yarımstansiyaların avadanlıqlarının dəyişdirilməsinə (açarların, cərəyan və gərginlik transformatorlarının, torpaqlayıcıların, boşaldıcıların) yeni idarə binası, 330 və 500 kvt-luq yarımstansiya binalarının tikilməsinə nail oldu. Bu da biz energetikləri çox sevindirdi.
Bundan başqa Baba müəllimin tapşırığı ilə rəhbərlik dəfələrlə biz veteranlarla, əlillərlə görüşmüş, fikirlərimizi dinləmiş və bir sıra problemlərimiz elə yerindəcə öz həllini tapmışdır. Onun xüsusiylə, “Azərbaycan” İES MMC ərazisində vaxtı ilə “Azərbaycan” İES MMC-də işləmiş və sonradan Vətən uğrunda şəhid olmuş Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış yeni möhtəşəm «Şəhidlər kompleksi», bizlərə göstərdiyi diqqət və qayğı təqdirə layiqdir.
Cənab Prezident, bu, Sizin apardığınız kadr islahatlarınızın düzgün olmasının təsdiqidir və biz bu uğurlu təyinat üçün Sizə üzvlərimiz olan müharibə veteranları və əlillərinin adından minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin səlahiyyətli nümayəndəsi, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov
