«Kitayski veteran»ın təhsil işçiləriylə birgə Beyləqanda maklerlik «əməliyyatı»

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da — Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə vətənpərvərlik ruhu ilə bağlı bir sıra məqamlara toxundu və bu istiqamətdə fəaliyyətin ümummilli bir iş olduğunu vurğuladı.


Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Kəlbəcər rayonunda çıxış edərək dedi: «Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi — bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın».


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı ilk gündən ölkə rəhbəri dediyi sferada öz fəaliyyətini qurmağa çalışmış və bu gün əminliklə deyə bilərik ki, heç bir ictimai birlik AVMVİB-nin bir şöbəsi qədər hərbi — vətənpərvərliklə bağlı tədbirlər həyata keçirdiyini iddia edə bilməz.


İlk başlayanda bu yolda qarşımızda süni əngəllər yaradılırdı. Məktəblər nazirlikdən icazə tələb edirdi və məktəblilərlə görüşə icazə vermirdilər. Hərbi hissələrdə görüşə isə məxfiliyi bəhanə edən rusbaşlı zabitlər və komandanlıq qadağa qoymuşdu. Şəhidlərlə bağlı tədbirlərimizə isə İcra Hakimiyyəti başçıları icazə vermirdilər. Biz usanmadıq və bu qəsdən yolumuzda qarşımıza çıxan baryerləri aşa bildik. Həm məktəblilərlə görüşlərə, həm də gənc əsgərlərimizlə görüşə icazə aldıq və bu işdə bizə yardımçı olanlara öz minnətdarlığımızı bildiririk.


Adicə bir faktı deyək ki, bir çox televiziyanın mütamadi olaraq bu istiqamətdə nə fəaliyyəti, nə də fəaliyyət planı mövcud olub. Ucuz şouya «əsir düşmüş» bu məkanların ortada olan yaratdığı obrazın təmsilçisi, hər halda Bayram Nurlu və onun kimilər olduğunu hər kəs yaxşı bilir. Adından tutmuş, yayınladığı ən adi informasiyaya qədər milli ruhdan və vətənpərvərlikdən uzaq «like» xəstəsi olan bir medianın da əsgər yetişdirməsi mümkünsüz bir işdir.

Amma bunca ehtiyaclar, sıxıntılar içində, sınmadıq, yıxılmadıq və büdrəmədik. Öz cüzi imkanlarımızla bu milli davamızı bacardıqca gənclərimizin yaddaşına köçürdük. Bircə faktı deyim ki, bunca illər ərzində maliyyə yardımı ilə bağlı yardım göstərilməyən tək ictimai qurumlar bu Vətən uğrunda savaşanları öz ətrafında birləşdirən təşkilatlardır. Rus-Alman savaşı veteranlarına, Rus-Əfqan savaşı veteranlarına və s. ictimai qurumlara maliyyə tapan Nazirlər Kabineti heç zaman Vətən savaşı iştirakçılarını birləşdirən qurumlara pul tapa bilmədi. Bu acı bir reallıqdır. Amma bu məmləkət bizimdir. Biz onu varını deyil, dağlarını, düzlərini, ən öncə də səngərlərini sevdik…


Bu yazını bəlkə də yazmayacaqdım. Amma bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan müharibə veteranlarından daxil olan bir müraciət yazmağa vadar elədi. AVMVİB-nin fəal şöbələrindən olan Beyləqan şöbəsinin ictimai fəallığını nəzərə alan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev onlara sökülüb dağılmaqda olan bir yer ayırıb. Veteranlar bu xarabalığı aylarca təmir ediblər və fəaliyyətlərində müsbət irəliləyişlər hiss olunur. Artıq müharibə veteranları çayxanalarda, Şəhidlər Xiyabanında deyil öz planlaşmalarını öz qərargahlarında apara bilirlər və bunu Beyləqan rayon İcra Hakimiyyəti Başçısının qayğısı kimi qəbul edirlər.


Amma təmirdən sonra rayon təsil şöbəsi ləğv olunsa da, Sabirabad Regional Təhsil şöbəsinin müdiri Rəşad Musayev döyüşçülərin «kitayski veteran» adlandırdığı, veteranlığının mənşəyi bəlli olmayan 75 yaşlı işçisi Hümmət Haciyevi yanına alıb AVMVİB Beyləqan rayon şöbəsinə «başmaq seyrinə» çıxıb. Bu seyrdə Beyləqan rayon şöbəsinin sabiq müdiri Süliddin Əsədov və bir necə təhsil işcisi iştirak ediblər. Buna «yenilikçilərin» obyekt ovu da adlandırmaq olar. Heç olmasa divardakı şəkillərdən də utanmadan veteranların qərargahına gözləri düşdüyünü də gizlətməyiblər. Bu necə ölkədi, kimi hara qoyursan, makler olur. Cənab E. Əmrullayev yəqin ki, bu məsələyə diqqət ayırmağa vaxtı olacaq.


Baxış zamanı regional təhsilin müdirinə AVMVİB Beyləqan şöbəsinin sədri Əlövsət Məmmədov və AVMVİB səlahiyyətli numayəndəsi Akif Həsənov tərəfindən binanın ilkin durumu haqında məlumat verildi və məlumatda bildirildi ki, binanın önündə yerləşən kafedən həmin bu bina ayaqyolu kimi istifadə edib və bu bina İcra Hakimiyyətinin balansındadır.

Beyləqan rayon başcısı Asif Ağayevin göstərişiylə rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Quliyevə Beyləqan Şəhər Ərazi İcra numayəndəsi Rəşad Mayılova və təhsil şöbəsinin sabiq müdiri Suliddin Əsgərova göstəriş verdi ki, bina AVMVİB Beyləqan rayon şöbəsinə təhvil verilsin. Binanı təhvil alandan sonra öz vəsatimiz hesabına təmir etmişik və o təmirdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə veteranları yaxından iştirak ediblər və rayon rəhbərliyi bu işlərdən məlumatlıdır.


Nədənsə bu adını «islahatçı» qoyduğumuz gənclərin əməllərini görəndə o mühafizəkar qocalara dönə-dönə rəhmət oxumaqdayıq. Çünki bu gənclər elə bil ki, hamısı XIV Lüdovikin «Dövlət mənəm» «məktəbini» bitiriblər. İndi isə yeni və köhnə təhsil şöbəsi müdirlərinə bildirim ki, Beyləqan Şahmat Məktəbə Təhsil nazirliyinin deyil, Beyləqan rayon İcra Hakimiyyətinin balansındadır. Bunu sübut etmək üçün yeni tikilmiş Şahmat məktəbi haqqında məlumat almanız yaxşı olardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ilin avqustun 28-də Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdi. Siz inanasınız deyə fotoları da əlavə edirik.

Qaldı o «Kitayiskı Veteran» arxasına düşüb yanlış qapını çaldınız. Onsuz da bina özəlləşdirmək istəyinizdən də xəbərdarıq. Buradan, öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə bir daha müraciət edib soruşuruq: «Siz hansı əsaslarla Hümmət Haciyevə və hansı müharibənin iştirakçısı kimi minik avtomobili vermisiniz?» Faktiki ayağı olmayanın pensiyasını kəsib süründürürsünüz. Amma bizim faktla müraciətimizə susursunuz.

İndi də sözümüz Təhsil naziri Emin Əmrullayevədir. Bəlkə şagirdlərimizə dərs də keçəsiniz. Bu 44 günlük Vətən müharibəsindən geri dönən ən azı 30 min gənc döyüşçümüzlə şəxsən təmasda oldum. Onların döyüşkən ruhu qarşısında baş əyirəm, amma gördüm ki, bu gənclərin 99 faizi ərizə yaza bilmir. Xətləri çox pisdir. Bax bu nazirliyin bu xalq, bu millətə verdiyi «fayda» budur.


Əlbət ki, Regional şöbəsi durub rayon bada-basa gəlib bir saxta veteranla obyekt bazarlığına çıxa, əlbəttə o təhsil şöbəsinin yetişdirdiyi şagird ərizə yaza bilməz.

Üzümü buradan müharibə veteranlarının daim minnətdarlıqla və qayğıkeşliyini razılıqla qeyd etdikləri Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevə tutub 87 minlik veteranlar ordusu adından minnətdarlığımı bildirir və bu məsələyə diqqət ayırmasını rica edirəm.


Binanın keçmiş vəziyyəti və bu günkü vəziyyətini rayonda hər kəs yaxşı bilir. Biriləri «özlərini unudub», utanmadan və çəkinmədən bazarlığa çıxıb. Hətta o bina Təhsil nazirliyinə məxsus olsa belə ora çəkilən xərcləri o veteranlar öz ciblərindən ödəyib və onların regionda şəhid ailələri, müharibə veteranları ilə bağlı etdiklərini, Ali Baş Komandanımızın göstəriş və tapşırıqlarını həyata keçirmək üçün göstərdikləri fəaliyyəti hər bir rayon sakini yaxşı bilir. Bəs sizlər müharibə veteranlarının min bir əziyyətlə təmir edib ərsəyə gətirdikləri qərargaha tamah salmaqla kimlərə mesaj vermək istəyirsiniz?..


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: