III hissə
Sıykımların şəcərəsinə əsasən, onların ulu babasının adı Turan olub. Qazax tədqiqatçılarının ehtimalına görə, sıykım tayfası, əslində, karlukların çigil boyudur.
Qazax alimi Jaksılık Sabitov isə hesab edir ki, Qazaxıstanda yaşayan uysun və dulatların, o cümlədən, sıykımların hamısının mənşəyi qədim nirun-moğolların barın tayfasına bağlıdır. Bugün də başqırd, özbək, tatar, qırğız, xakas, moğol, həzara xalqlarının tərkibində barın adlı tayfa və nəsillər mövcuddur.
Göründüyü kimi, Orta Asiyada akkoylularla karakoylular barın tayfasının tirələridir. Azərbaycanda isə əksinə, baranlılar Qaraqoyunlu ittifaqının, bayandurlular isə Ağqoyunlu ittifaqının üzvləri idilər. Əslində, burada ziddiyyət yoxdur. Çünki Qaraqoyunlu və Ağqoyunlu ittifaqlarının özəyini, əsasını məhz baranlı və bayandurlu tayfaları təşkil edirdilər.
Xatırladaq ki, qədim Ərsakilər dövlətinin (Parfiya imperiyasının) də əsas dayağı parnı (barani?) adlı tayfa olmuşdur. Əski salnamə və abidələrdən bəllidir ki, parfiyalılar qoç kultuna böyük önəm verirdilər.
228-ci ildə Sasanilər qiyam qaldırıb Ərsakiləri devirdilər və hakimiyyəti qəsb etdilər. Amma qoç kultu Azərbaycan və İranda öz populyarlığını itirmədi. Bunun da bir səbəbi o idi ki, Parfiyanı idarə etmiş yeddi tayfadan üçü Sasanilər dövründə də öz nüfuzunu qoruyub saxlamışdı. Digər səbəb isə, zərdüştilərin də qoçu hakimiyyət rəmzi hesab etmələri idi.
Zərdüşt dinində hakimiyyəti, bərəkəti və uğuru “farn” (bəzən də far) sözü ifadə edir. Farnın simvolu qoçdur. Maraqlıdır ki, Danimarka dilində qoça “far” deyilir. Bu bənzərlik, zənnimizcə, təsadüfi deyildir. Belə bir nəticəyə gələ bilərik ki, zərdüştilikdəki “farn” (parnı–barın–baran) sözünün ilkin və birbaşa mənası məhz qoç olmuşdur.
Qoç kultu həmçinin qədim kuşan (quşçi, toxar, döger, uyğur) mədəniyyətinin vacib elementlərindən biri idi.
“Baran” sözünün müxtəlif variantları türk dillərində geniş yayılmışdır:
— Bərən – tatar dilində quzu, toğlu.
— Bərən – başqırd dilində iki yaşlı qoç, qoyun.
— Bərəs – başqırd dilində yazda doğulmuş quzu.
— Pəran – çuvaş dilində quzu, toğlu.
Haşiyə. Çox güman ki, Azərbaycan dilindəki “pərən-pərən düşmək” ifadəsi qədim türk dilindəki “baran” (qoç) və ya müasir türk dillərindəki “bərən”, “pəran” (qoç, quzu) sözləri ilə əlaqəlidir.
— Baran (arxaizm) – qazax dilində qara qoç.
— Beren (arxaizm) – qazax dilində qoyun.
— Beren – qazax dilində güclü insan, cəsur döyüşçü.
— Maran (çox güman ki, bugün işlənmir) – Anadolu türkmanlarının ləhcəsində qoç.
— Marka – qırğız dilində quzu.
— Marık (adətən harık-marık şəklində işlənir) – başqırd dilində qoyun, qoç.
Haşiyə. Başqırdların userqan, kıpsak və tanqaur tayfalarının tərkibində kara harık (qara qoyun) adlı tirələr var. Zənnimizcə, Azərbaycan dilindəki “arıq-marıq” ifadəsi başqırd dilindəki “harık-marık” ifadəsi ilə eyni kökə malikdir.
Volqaboyunun türk xalqları quyruqsuz qoyuna sarık və ya harık deyirlər. Görünür, “harık–marık” və “arıq–marıq” ifadələrinin ilkin mənası “quyruqsuz qoyun–quyruqlu qoyun” olmuşdur.
— Maraş – şor türkcəsində qoyun.
— Baranta – Çağatay türkcəsində mal-qara, qoyun-quzu oğurluğu, ümumiyyətlə quldurluq.
— Boroon – Saxa türkcəsində buzov.
— Barğay – Kalmak (kalmık dili ilə qarışdırmayaq) türkcəsində quzu, bəzən isə qoç, qoyun.
Nəticə. Ağqoyunlu və Qaraqoyunlu tayfa ittifaqlarının adları kimlərinsə təxəyyülünün məhsulu deyil. Onlar əzəldən türk xalqları arasında geniş yayılmış etnonimlərdir.
Bununla yanaşı, belə bir fərziyyə irəli sürə bilərik ki, Orta Asiya və Azərbaycanın əhalisi “z” türk dilinə keçdikdən sonra əvvəlki “r” dilinə aid bəzi sözlərin ilkin mənası müəyyən təhrifə məruz qaldı. Belə sözlərdən biri də qoçu bildirən “baran” sözü idi. Həmin söz bəzi hallarda oğuz dilinə “qoyun” kimi “tərcümə” olunsa da, bu, qaydaya çevrilmədi.
Beləliklə, Qaraqoyunlu və Ağqoyunlu ittifaqlarının hər iki aparıcı tayfası özünün ilkin “baran”, yəni qoç adını saxladı: Baranlı və bayandurlu (əslində, barandurlu, qədim rus salnamələrində isə berendey, yəni, qoç kimi).
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili