Oğrular və doğrular…

İTALO KALVİNO: «Bir zamanlar hər kəsin oğru olduğu bir ölkə vardı» əsəri

Bir zamanlar hər kəsin oğru olduğu bir ölkə vardı. Gecələr məşəl və linglə silahlanmış hər kəs qonşusunun evinə girərdi. Günəş batanda o, çuvalını doldurub qayıdardı ki, öz evi də qarət olunub.


Hər kəs bu harmoniya içində yaşadığı üçün bu yerdə heç kimin vəziyyəti pis deyildi. Biri birini soyardı, o da o birini soyardı, beləcə növbə sonuncu adama çatardı, sonuncu da gedib birincini soyardı.


Bu ölkədə, istər «al», istərsə də «sat» fırıldaqçılıq anlamında idi. Hakimiyyət xalqdan oğurlamaq üçün qurulmuş cinayətkar bir təşkilat idi və xalq bütün vaxtını hakimiyyəti aldatmaqla keçirərdi. Həyat heç bir problem olmadan beləcə davam edirdi.


Orada yaşayanlar nə varlı, nə də kasıb idilər. Sonra bir gün — heç kim necə olduğunu anlamadan ortaya vicdanlı bir adam çıxdı. Gecələr çölə çıxıb oğurlamaq əvəzinə, evdə oturub roman oxuyurdu. Oğrular ora gəlib işığı görəndə geri dönürdülər. Amma işlər belə gedə bilməzdi.

Namuslu adama gəlib dedilər ki, belə rahat yaşamaqla hava onun üçün xoş ola bilər, amma heç kimi işləməkdən çəkindirməyə onun haqqı yoxdur. O, hər gecə evdə qalır, bir ailə ac qalırdı. Namuslu adam isə buna cavab tapa bilmirdi. O da səhərə qədər çöllərdə gecələməyə başladı, amma oğurluq etməyə vicdanı yol vermədi.


O, dürüst adam idi. Bu qədər. O, körpüyə doğru irəliləyir, altındakı suyun axmasına baxardı. Sonra öz evinə gəlir və evinin qarət edildiyini görürdü. Bir həftə içində namuslu adamın pulu qalmadı, yeməyi tükəndi. Evi qarət edib soğana çevirmişdilər. Amma özündən başqa heç kimi günahlandıra bilməzdi. Problem onun dürüstlüyündə idi. Bu düzənə qarşı çıxmasındaydı…

Əhvalı pozmuşdu. Çünki müqabilində heç kimi soymadan özünün soyulmasına icazə vermişdi. Beləliklə, qarşılığında hər səhər kimsə namuslu adamın dünən gecə qarət etməli olduğu evinin qarət olunmadığını görüb onun yanına gəlirdi. Onun yerinə soyanlar varlanmış, onun evini soymağa gələnlər isə bir şey tapmadıqlarına görə kasıblamışdılar. Varlananlar gəlib körpüdə saleh adama qoşulub, onunla birlikdə axan suya baxmağa başladılar. Bu, yalnız çaşqınlığı artırırdı. Burada varlıların və kasıbların sayı artdı. Bu dəfə varlılar gördülər ki, körpüdə gecələsələr, yoxsullaşacaqlar.


Fikirləşdilər: “Niyə biz bu kasıblara bir az pul verib, bizim üçün oğurlamalarını istəmirik?” Müqavilələr bağlandı. Maaşlar faizlə müəyyən edildi. Təbii ki, hər iki tərəfdən çoxlu saxtakarlıqlar etdilər, axı insanlar hələ də oğru idilər. Amma sonda varlılar daha da varlandı, kasıblar isə yoxsullaşdı. Zənginlərin bəziləri o qədər varlandılar ki, artıq onlar üçün oğurluq və ya oğurlatmaq lazım deyildi. Amma düşündülər ki, oğurluğu dayandırsalar, tezliklə yoxsullaşacaqlar.


Ona görə də onlar öz mallarını digər yoxsullardan qorumaq üçün kasıbların ən kasıb qisminə əmək haqqı verirdilər. Beləliklə, polis qüvvələri yaradıldı, həbsxanalar açıldı. Namuslu adam oraya çatandan bir neçə il sonra heç kim oğurluqdan, soyulmaqdan danışmırdı, sadəcə varlı və ya kasıb olduqlarından danışırdılar.

Amma yenə də bəzi oğrular qalmışdı. Bir də bir dürüst adam var idi və tezliklə o da acından öldü.


Türkiyə türkcəsindən dilimizə çevirən Elnur Səlim

Bu xəbəri paylaşın: