AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı zamanı irəli sürdüyü tezislər barədə öz fikirlərini Fedai.az-la bölüşüb.

Vahid Abdurəhmanov bildirdi ki, bu gün dünyada “koronavirus panikası” dolaşır. Bu epidemiyanın yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, koronavirus təhlükəsi ucbatından bir çox ölkə lideri əhali ilə təmaslarını belə dondurublar.
Lakin dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə səfər edərək, vətəndaşlarla sıx təmasdadır. Onu da vurğulayaq ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlərini dünya mediası da “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir. Prezident bu yolda yorulmadan çalışır və hər birimiz prezidentin irəli sürdüyü fikirləri bir fəaliyyət proqramı kimi qəbul etməliyik. Çünki hər bir irəli sürülmüş tezis konkret işlərlə reallaşdırılmaqdadır.
V. Abdurəhmanov dedi: «Diqqət yetirin. Prezident bildirdi ki, 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.
Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.»
Qısa vaxt ərzində bu qədər işin görülməsini görməmək mümkünsüzdür. Qonşu Ermənistanın prezidenti Paşinyan koronavirus qarşısında acizanə bir şəkildə «cəhənnəmə getdiklərini» etiraf edib. Vahid Abdurəhmanov, həmçinin əlavə etdi ki, bəzi ölkə rəhbərlərindən fərqli olaraq, pandemiyanın ilk günündən Ali Baş Komandanımız İlham Əliyev lazımi tədbirlərin görülməsi üçün hərəkətə keçdi və hər kəsi buna səslədi. Elə ona görə də bu sözlərdə prezident İ.Əliyev tam haqlıdır: «Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” — bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər.»
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Prezident Əliyevin çıxışından da görünür ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır və ölkədə lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün dövlət bütün addımları atdığını dedi. Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilib. Dövlət öz vətəndaşının yanında olduğunu bəyan edir və hiss etdirir. Bizlər də vətəndaş olaraq karantin şərtlərinə ciddi əməl etməyə borcluyuq. Əlcək, maska və digər qoruyucu vasitələrdən istifadə etməklə bu «görünməz düşmənlə» mübarizəyə öz töhfəmizi vermiş olarıq. Cəfakeş həkimlərin əməyini daim yüksək qiymətləndirən prezident bu görüş zamanı onları da unutmadı. «Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!
Bir daha bunu demək istəyirəm, Azərbaycan həkimlərinə eşq olsun və ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm.»
Vahid Abdurəhmanov bir daha hər kəsi bu qorxunc virusla mübarizədə ölkə rəhbərinin tövsiyyələrinə uyğun hərəkət etməyə, qəbul edilmiş qərarlara anlayışla yanaşmağa çağırdı. Həqiqətən də «BİZ BİRLİKDƏ GÜCLÜYÜK!»
Elnur Səlim
