İki müharibədə döyüşmüş qazimizin əlilliyini kəsiblər

Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göranboy rayon şöbəsinin sədri Elmar Məmmədov Vətən müharibəsi gedən günlərdə ilk gündən son günədək əsgərlərimizlə çiyin-çiyinə səngərlərdə olub və bir sıra əməliyyatlarda iştirak edib.


Birinci Qarabağ müharibəsində qəhrəman kimi döyüşən Elmar Məmmədovun az yaşlı olmasına və sevilən bir döyüşçü olduğuna görə döyüş dostları ona «Bəbiş» ləqəbi vermişdilər.


44 günlük Vətən müharibəsinin rəsmən iştirakçısı olan müharibə əlili Elmar Məmmədovun mükafatı bilirsiniz nə olub? Onun əlillik dərəcəsini ləğv ediblər. Birinci Qarabağ savaşında aldığı kəllə-beyin travmasına görə günlərcə komada olmuş və daha 3 güllə yarası alan Elmar Məmmədov artıq neçə aydır ki, öz əlilliyinin bərpası uğrunda mübarizə aparır. Ən çətin məqamda düşmən arxasına keçib onları məhv edərək silahlarını və sənədlərini gətirib lazımi orqanlara təhvil verən döyüşçümüz, nə yazıq ki, Bakıda sifarişlə yaradılmış anti döyüşçü barrikadasını, yaxud baryerini keçə bilmir. Bu adamlar «QİÇS (AİDS, SPİD)», narkomaniya və bu tip əhli — keflikdən alınan xəstəliklərə əlillik verdikləri halda hərbi xəsarətləri diqqətə almayıblar.

Kontuziyanı xəsarət saymayacaq dərəcədə ağıla malik olan bu dəstədən sızan bir məlumatda deyilir ki, tezliklə fəal olan bütün müharibə əlillərinin əlillik dərəcələrinə əl gəzdirilməsi tapşırığı verilib. Yuxarıya rəqəmli statistika verənlər, unutmasınlar ki, bu protezin özünün deyil, yalnız qiymətinin dünyada bircə analoqu yoxdur.


Elmar Məmmədov dəfələrlə neytral ərazidə qalmış şəhidlərimizin nəşini və yaralılarımızı təxliyyə etməsi video görüntülərlə əks olunub. Bəli, bu qəhrəmanlığın mükafatı isə onun əlillik dərəcəsinin kəsilməsi oldu. Bu fakta nə ad vermək olar? Bunu kim edə bilər? Bu sifarişi kim verə bilər? Bu sualın cavabını biləniniz varmı?

Sadəcə haqqında danışdığımız döyüşçü Elmar Məçmədovun 44 günlük Vətən müharibəsində etdiklərinin bəzi kadrlarını sizlərə təqdim edirik. Bax bu ölkədə qazilərə qarşı disskriminasiya siyasəti budur. Fakt axtaranlar, buyursunlar. Mükafatları bir yana dursun, döyüşçünün əlilliyini əsassız olaraq kəsiblər.

Ümid edirik ki, aidiyyatlı orqanlar bu məsələyə öz münasibətlərini bildirəcəklər.

Elnur Səlim

Bu xəbəri paylaşın: