DÜNYADA NEÇƏ ƏLƏT VAR…

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nə əsasən, Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsi türk–monqol mənşəli oyrat tayfasının ələt qolunun adını daşıyır.

XVII əsrə aid “Şara–Tuci” (sarı tarix) adlı monqol salnaməsində belə bir məlumat vardır: “Dörben–oyrat (dörd oyrat) tayfasının əsas tirəsi oqulet idi. Bu nəsil indi sarxis adlanır”.

XVII əsrdə yaşamış monqol buddist ruhanisi Lubsan Danzanın “Altan Tobçi” (altun düymə) əsərində həmin etnonim oqelet şəklində göstərilib.

Alman alimi və etnoqrafı Peter Pallas (1741–1811) isə bu adı oyölöt kimi yazmışdır.

Polşa linqvisti və monqolşünası, professor Vladislav Kotviç (1872–1944) öz mühazirələrində həmin adın olot variantına üstünlük vermişdir.

Komi əsilli Rusiya etnoqrafı və monqolşünası Yöqor Lıtkin (1835–1907) isə «Калмыцкие записки» əsərində həm oyratların, həm də oquletlərin adını elet formasında qeyd etmişdir.

Xatırladaq ki, Azərbaycanın Qaradağ rayonunda Ələt qəsəbəsi ilə yanaşı, Baş Ələt, Ələt Körpü, Yeni Ələt, Hacıqabul rayonunda isə Ələtli adlı yaşayış məntəqələri mövcuddur. Həmçinin Qaradağ rayonunda – Sanqaçal və Pirsaat burunları arasından Xəzərə doğru uzanan, üzərində Dilyəniz adlı palçıq vulkanı olan Ələt burnu da vardır.

Ələt adına bəzi digər ölkələrin də toponomikasında rast gəlirik. Bu məsələ ilə əlaqədar iki fərziyyə irəli sürə bilərik:

  1. Belə eynilik və bənzərliklər təsadüflərin nəticəsidir.
  2. Həmin toponimlər arasında müəyyən bir əlaqə mövcuddur.

Göstərilən fərziyyələrə aydınlıq gətirməyin bir yolu da Ələt toponiminin olduğu ölkələrin tarixinə nəzər salmaq və onların hamısı üçün ümumi sayıla biləcək cəhətləri aşkara çıxarmaqdır.

Ələtlər – Dağıstanın Xunzax və Gergebil rayonlarında çay… Qeyd etmək lazımdır ki, Dağıstan e.ə. I əsrdən eramızın V əsrinədək Albaniyanın (Alaniyanın), V–XI əsrlərdə Hun, Türk və Xəzər xaqanlıqlarının, eləcə də Sərir Hun dövlətinin tərkibində olmuşdur.

Alat, Urta Alat, Keçe Alat, Alatka – Tatarıstanın Biektau (Böyükdağ) rayonunda üç qədim kənd və çay… Yerli əhali bu toponimin mənasını “al at” (atı götür və ya atı tut) kimi izah edir. Maraqlıdır ki, Qazan xanlığı (1438–1552) dövründə də Alat sakinlərinin əksəriyyəti etnik ruslardan ibarət idi. Deyilənə görə, tatarlar müharibələr zamanı əsir aldıqları rusları burada yerləşdirib onlardan sənətkar kimi istifadə edirmişlər. Yeri gəlmişkən, həmin yaşayış məntəqəsini Rus Alatı da adlandırırlar.

Alat darğalığı – Qazan xanlığının inzibati-ərazi vahidlərindən biri… Tatarıstanın Alat adlı yaşayış məntəqələri məhz keçmiş Alat darğalığının ərazisində yerləşir.

Göstərilənləri nəzərə alaraq ehtimal etmək olardı ki, Tatarıstandakı Alat toponiminin əsl mənası belədir: “Əsirlərin saxlandığı yer” (al – yəni, əsir al və at – yəni, yerləşdir). Amma nəticə çıxarmağa tələsməyək.

Alatır – Çuvaşıstanda şəhər və çay… Bu toponim çuvaş dilində Ulatar formasındadır. Elə buna görə də güman edilir ki, o çuvaş dilindəki Ulatar (Sirius ulduzu) sözündən yaranmışdır. Həmçinin iddia olunur ki, Ulatar adı çuvaş dilində “ula tara” (ala təpə) anlamını verir. Belə bir rəvayət də vardır ki, Alatır toponimi rus mifologiyasındakı müqəddəs Alatır daşının adından əmələ gəlmişdir. Alatır daşının öz adına gəlincə, bir fərziyyəyə əsasən, o guya latın dilindəki altarium (qurbangah) və ya altaria (qurbangahın başlığı) sözündəndir.

Qeyd. Böyük Bulqar xaqanlığının (632–671) mərkəzi indiki Tatarıstan və Çuvaşıstan torpaqlarında yerləşirdi.

Alat – Xorvatiyada yaşayış məntəqəsi… Xorvatiya ərazisi V–VII əsrlərdə Hun və Avar xaqanlıqlarının tərkibinə daxil idi. Ehtimala görə, xorvatları buraya məhz avarlar köçürmüşdülər. 1853-cü ildə Rusiyanın Rostov şəhəri yaxınlığında II–III əsrlərə aid, üzərində qədim yunan dilində yazılar olan iki mərmər lövhə tapılmışdı. Həmin lövhələrdəki şəxs adlarından biri belədir: Sandarsın oğlu Xoroatos. Əvvəlcə onu vurğulayaq ki, Sandars sarmat–alan şəxs adının qədim yunan dilindəki formasıdır. Xoroatos şəxs adına gəlincə isə, tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, onunla xorvat (hrvat) etnonimi arasında bağlılıq mövcuddur.

Maraqlıdır ki, Şərqi Roma tarixçisi İoannis Skilicis (1040–1101) xorvatları və serbləri saka (skif) xalqının bir hissəsi hesab edirdi. Keçmişdə xorvat xalqı üç qrupa bölünürdü: Ağ xorvatlar, qara xorvatlar, qırmızı xorvatlar. Yeri gəlmişkən, qədim bulqar türkləri iki qrupa ayrılırdılar: Ağ bulqarlar, qara bulqarlar. Böyük Bulqar xaqanlığının qurucusu, qüdrətli türk hökmdarının adı əski salnamələrdə bir neçə oxşar variantda qeyd edilib: Kurt, Kurvat, Kubrat, Korbat, Krobat (605–665). Sözsüz ki, Kurvat xaqanın adı ilə xorvat (hrvat) etnonimi arasında bənzərlik vardır.

Bir məsələni də vurğulayaq ki, xorvat xalqının indiki Xorvatıstan torpaqlarına gəlişi ilə, Böyük Bulqarıstan xaqanlığının süqutu və bulqarların bir hissəsinin Balkan yarımadasına köçü təxminən eyni dövrə – VII əsrə təsadüf edir.

Alat – Almaniyanın Bavariya vilayətində göl… Qeyd etmək lazımdır ki, V əsrdə Bavariya torpaqlarına heruli adlı saka–sarmat tayfası köçmüş, VI–VII əsrlərdə isə Bavariyanın bir hissəsi Avar xaqanlığının tərkibində olmuşdur.

Olot – İspaniyanın Kataloniya muxtar regionunda şəhər… Bir fərziyyəyə görə, Kataloniya vilayəti IV–VII əsrlərdə buraya köçmüş alan (aluan–alban) tayfasının adını daşıyır.

Alat – Hindistanın Rajasthan ştatında yer adı… Racasthan ştatının ərazisi e.ə. 175-ci ildən eramızın 395-ci ilinədək saka dövlətlərinin tərkibində olmuşdur.

Heydər Ələt – İranın Gilan ostanında kənd… Məlum olduğu kimi, indiki Gilan ostanının ərazisi və bütövlükdə İran e.ə. III əsrdən eramızın III əsrinədək qədim saka xalqının qurduğu Ərsakilər dövlətinin tərkibində olmuşdur.

Alat – Əfqanıstanın Fəryab və Təxar vilayətlərində iki yaşayış məntəqəsi… Hər iki vilayətin əhalisinin əksəriyyətini özbəklər təşkil edir. Təxar vilayəti qədim saka xalqının toxar (döger, kuşan, quşçi) tayfasının adını daşıyır. Əfqanıstan e.ə. II əsrdən eramızın I əsrinədək sakaların, I–II əsrlərdə Ərsakilərin, II–III əsrlərdə kuşanların (quşçilərin), III–IV əsrlərdə hunların, V–VI əsrlərdə ağ hunların (abdalıların), VI əsrdə isə türklərin (göytürklərin) hakimiyyəti altında olub.

Olot – Özbəkistanın Buxara vilayətində rayon və şəhər… Iva (yıva, qaraqoyunlu) adlı türkmən tayfası bu rayonda yaşayır. Özbək tədqiqatçılarının ehtimalına görə, Olot toponimi türk dillərindəki “uruq” (nəsil, soy) sözündən yaranıb. Buxara e.ə. I əsrdən eramızın IV əsrinədək Kuşan (Quşçi) imperiyasının, V–VI əsrlərdə Ağ hun (Abdalı) dövlətinin, VI–VIII əsrlərdə isə Türk xaqanlığının tərkibində olmuşdur.

Alat – oğuz ləhcəsində danışan özbək tayfalarından biri… Özbəkistanın Buxara vilayətində yaşayan və özbək dilinin oğuz ləhcəsində danışan digər tayfalar isə bunlardır: Bayot (bayat), ciqaçi, darqali, janafar, karaun, karavul, sayot, salır, ersari, çandir, eski, tamciq, burcok.

Alat – cənubi hunların on doqquz tayfasından biri… Çin tarixçiləri alat tayfası haqqında ilk məlumatı IV əsrdə vermişlər. Çinli müəlliflər onlara boma da deyirdilər. Bu tayfanın başqa adları helai, alai və helan idi. 801-ci ildə yazılmış “Tongdian” adlı Çin salnaməsinə görə, alatların atları ala olduğu üçün bu tayfa və onun qurduğu dövlət belə adlanırdı. Bəzi tədqiqatçılar alat tayfası ilə Orta Asiyanın qədim alan tayfasını eyniləşdirirlər.

Alat, Alatka – Rusiyanın Krasnoyarsk diyarında hündürlüyü 1765 metr olan dağ və çay… Rus alimi Lev Qumilyov (1912–1992) bu fikirdə idi ki, hunların alat tayfası indiki Rusiyanın Krasnoyarsk diyarında – Krasnoyarsk şəhərindən bir qədər şimalda – Yenisey çayının sahillərində yaşamışdır.

Haşiyə. Zənnimizcə, Azərbaycan dilindəki “alay” (böyük dəstə, müasir anlamda hərbi struktur – polk) sözü məhz alat etnoniminin “alai” variantından yaranıb. Yeri gəlmişkən, rus dilindəki “polk” sözü Azərbaycan dilindəki “bölük” sözündən əmələ gəlib.

Alayuntlu – İyirmi dörd oğuz tayfasından biri… Mahmud Kaşğarinin (1029–1101) “Divani lüğəti ət-türk” əsərinə görə, bu tayfanın adı ulayonduluq olmuşdur. Fəzlullah Rəşidəddinin (1247–1318) “Cami ət-Təvarix” əsərində bildirilir ki, həmin tayfa Oğuz xaqanın nəvəsi Dəniz xanın nəslindən idi. Fəzlullah Rəşidəddin sözügedən tayfanın adını alayuntlu şəklində göstərmiş, onun mənasını “yaxşı mal-qarası olan” kimi izah etmişdir. Əbul Qazi Bahadur xan (1603–1664) isə belə bir fikirdə idi ki, bu etnonim “ala atlı” anlamını verir.

Sovet sinoloqu (çinşünası) və türkoloqu Yuri Zuyev (1932–2006) yazırdı: “Oğuz elinin alayuntlu tayfasının damğası ilə hunların alat tayfasının damğası bir-birinin təkrarıdır:  – . Bu tayfaların adları da bir-birinə bənzəyir. Bütün bunlar isə onu göstərir ki, alayuntlu ilə alat, əslində, eyni tayfadır”.

Nəticə. Ələt toponimi saka–sarmat əsilli alan–alban xalqı ilə əlaqəlidir. Eyni zamanda istisna etmirik ki, sadaladığımız toponimlərdən bəzilərinin Ələt adına bənzəməsi təsadüfi xarakter daşıya bilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: