Gürcüstanda matəm elan olundu

Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

**************

“Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tviter hesabında ünvanladığı başsağlığında bildirib.

XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib: “Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.

Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.

Bu xəbəri paylaşın: