«Hamının bizə nümunə göstərdiyi Sinqapur modelində təhsil həftələrində sayı 44 həftədir. Bizdə isə bu rəqəm 36 həftədir. Bu həftələrin sayının çoxaldılması yaxşı olardı».
Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O, dərslərin sentyabrın 1-dın başlaması ilə bağlı təkliflərə münasibət bildirib:
«Təhsil almaqla bağlı saatların sayının artırılmasının insan sağlamlığına zərər vuracağı ilə bağlı cəmiyyətdə miflər mövcuddur. Kompüter qarşısında açox oturanda xəstəlik tutursan və s. Belə valideynlər həmişə olub. İstəyir ki, uşaq dincəlsin. Bu gün çox dincələn uşaqların gələcəkdə problemləri olacağını düşünürəm.
İstərdik ki, təhsilin müddətini artırmağa cəmiyyət dəstək olsun. Bu, arzuolunandır.
Məsələn, dərslər sentyabrın 1-i başlasın və iyunun 30-da bitsin. İnanmıram ki, biz ayın əvvəli başlasaq, təhsilimizin keyfiyyətində əhəmiyyətli dəyişikliklər olacaq.
Cəmiyyət deyir ki, uşaq az oxusun, amma yaxşı nəticə olsun. Belə formul yoxdur. Məsələn, olimpiada qalibi olmaq üçün uşaqlar gündə 12-14 saat oxuyur. Uşaq təhsilə nə qədər çox zaman sərf edirsə, bu təbii, ki daha yaxşıdır»,-deyə nazir əlavə edib.
P.S. Xatırladaq ki, dərslərin başlanmasının 15 sentyabra çəkilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarını, müharibə əlilləri, veteranları və şəhid ailələri ilə bağlı qərarlara gizli əl gəzdirən bir «ÇeTe» tərəfindən 15 Sentyabr Bakının azad edilməsi gününü kölgədə qoymaq məqsədiylə edildiyini yazmışdıq və bu gün də eyni fikirdəyik. Bunu araşdırmaq lazımdır və 1 sentyabr dərs ilinin başlanması günü kimi qeyd edilməlidir. 15 Sentyabr Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi günü kimi qeyd edilməsi bərpa edilməlidir.
Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramında yazırdı: «Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim».
Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Teleqramda deyilirdi: «Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram».
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşaya xitabən dəyərləndirmişdi: «Millət sizə minnətdardır».
