POEZİYA ÇƏLƏNGİ: HƏRƏ BİR SƏDD OLMASA…

ELBARİZ MƏMMƏDLİ

Yönəlməz sabahları ümidə çıxan yola,
Bir əldə yumruqlanıb, millət Millət olmasa.
Bütün sərhədlər boyu dikəlib qala qala,
Hərə bir daş olmasa, hərə bir sədd olmasa.

HƏRƏ BİR SƏDD OLMASA…

Açılmaz çiçəkləri tapdanmış çəmənlərin,
Hələ viranə yurdlar yas tutar ayrılığa.
Dünya ki, bu gündədi, əlində cəlladların,
Yetməz ümid işığı buz tutan ayrılığa.

Yalan gərdişimizlə yorduq yolları, yorduq,
Biz azad olammadıq, yol işığa dönmədi.
Bu Vətən deyilənin içində nəyi qurduq,
Döndü əzab evinə, yaraşığa dönmədi.

Guya ki, ev tikmişik, divarı sökük-sökük,
Kənardan əl uzadıb hərə bir daş qoparır.
Hər günün yaşantısı dünya boyda ağır yük,
Yapışıb boynumuzdan cəhənnəmə aparır.

Hələ də anlayan yox, bu cəza nə cəzadı,
Bizi hara sürüyür Əhrimən övladları.
İlahi, Türk doğulmaq bu qədərmi qəzadı,
Nədən, var olmağımız öldürür bu yadları?

Hər qızgın bir daş atır Tanrı yazan haqqa, bax,
Allahsızlıq üzündən yer yerindən oynayır.
Qurulub insanlığın başında min hoqqa, bax,
Biri qannan oynayır, biri dinnən oynayır.

Hələ bu harasıdır, canımıza dərd olub,
Qanımıza qarışıb Vətən satan xainlər.
Torpağın dar günündə zülmətlərdə qərq olub,
Şöhrətdən çətir tutub altda yatan xainlər.

Neçə ucalan başı kəsib öz «əllər»imiz,
Başlar kəsilən gündən elə başsız qalmışıq.
İllərdi, dərd oynadır bozaran çöllərimiz,
Boynu bükük qalmışıq, cansız, huşsuz qalmışıq.

Dilimiz yalan tutub vaxtın oyunlarından,
Hara üz çevirirsən, hamı yalan danışır.
Köləlik zəncirini asıb boyunlarından,
Üzdə yumaq olanlar dalda qandan danışır.

Yönəlməz sabahları ümidə çıxan yola,
Bir əldə yumruqlanıb, millət Millət olmasa.
Bütün sərhədlər boyu dikəlib qala-qala,
Hərə bir daş olmasa, hərə bir sədd olmasa.

SƏNƏ

Gəlib soraq çatdı acından mənə,
Sənli günlərimin yelinə uçdum.
Özün bilirsən ki, ayrılanda da,
Mən sənə səadət arzulamışdım.

İndi görürsənmi, şöhrət əbəsmiş,
Zər-ziba duyğunun yerini vermir.
Bircə təbəssümün, bircə sevincin,
Bir şirin yuxunun yerini vermir.

Bilirəm, xal düşüb gözəlliyinə,
Nadan hər çiçəyin ətrini bilməz.
Sənin adam bilib könül verdiyin,
İpək ürəyinin qədrini bilməz.

Neynəyim, əlinə çatmır əllərim,
Könlüm istəsə də yad ocaqdasan.
Sığınıb qalmışam xatirələrə,
Mən elə ordayam, sən uzaqdasan.

Adını tuturlar xeyirdə-şərdə,
Köynəyən yarama duz da səpirlər.
Bəlkə, ayrılığın suçlusu mənəm,
Doğru eləyirlər, düz də səpirlər.

Duyğumu adınla yola vermişəm,
Bəyaz saçlarımda dərd düyün-düyün.
Mən elə bilirəm, bitibdi sevgi,
Tutub ayrılıqdan sən getdiyin gün.

Sinəmə yığmışam sənli yolları,
Yazı içimdədi, qışı içimdə.
Adıb hər duyğumu dar ağacından,
Tökülür gözünün yaşı içimdə.

Sən belə eləmə, özünü qoru,
Bu nə qorumaqdı, nə təsəllidi.
Bizim eşqimizin əzəli bitib,
Bizim eşqimizin sonu bəllidi.

DÖNƏRİK, HÜSEYN DAYI

Ağsaqqalımız Hüseyn dayı işğaldan azad edilmiş Cəbrayılda doğma ocağını ziyarətdən çox pərişan qayıtmışdı. Dedi ki, yurd yerimizdə bir tut və bir cökə ağacından başqa heç bir nişanə qalmayıb. Əlbir və amansız düşmənlər sonuncu daşı da söküb aparıblar. Yolları və bərəkətli torpaqları qanqal basıb. Tut ağacının kövdəsini qucaqlayanda göz yaşlarıma hakim ola bilmədim…

Ata babanın qoyduğu
Yurd daşı yerindəydimi?
Eşqlə hörülən divarın
Naxışı yerindəydimi?

Nələri söylədi sənə,
Son nişanə — tut ağacı?
Gözləri yollarda qalan,
Sonuncu ümid ağacı.

Göz yaşından sevgi tutan,
Gövdəsi gülümsədimi?
Yuxudan oyanmış kimi,
Yarpaqları əsnədimi?

Yağmalanmış əsir yurddan,
Nə qalıb, Hüseyn dayı?
Gördünmü, torpaq da dərddən,
Sozalıb, Hüseyn dayı?

Qara-qara dərd içindən,
Qara əllər göründümü?
Doğrunu çarmıxa çəkən,
Bəd əməllər göründümü?

Gör, nə günə qalıb dünya,
Durub şərin dayağında.
Cinayəti at belində,
Haqqı ölüm ayağında.

Bu erməni, bu rus, bu fars,
Hikkəli düşməndi bizə.
Milləti arxadan vuran,
Əzəli düşməndi bizə.

Keçər zaman, bu qəmi də,
Yenərik, Hüseyn dayı.
Dönərik, həsrət yurdlara,
Dönərik, Hüseyn dayı.

Dikələn şərin bayrağı,
Zirvələrdən enir, daha.
Tutub Tanrı ətəyindən,
Türk özünə dönür, daha.

Qoru bir az ürəyini,
Hələ çox işimiz qalıb.
Qoşulub, gedən karvana,
Yurda dönüşümüz qalıb.

DEYİL Kİ…

Elə bildim eyni yolda yolçuyuq,
Mənim yolum, sənin yolun deyil ki.
Mən Tanrının sevdasında olanam,
Mənim Olum, sənin Olun deyil ki.

Mən duyğusu sabahlara köklənən,
Ümidləri ağrılarla təklənən,
Sən nəfsinin zirvəsinə diklənən,
Mənim halım, sənin halın deyil ki.

Sən getdiyin bazarlığa yal, dedim,
Duruşuna kölə dedim, lal dedim,
Mən beləyəm, azadlığa bal dedim,
Mənim balım,. sənin balın deyil ki.

Ömür ki, var, ya ağ üzlü, ya qara,
Bir gün varıb ünvan olar daşlara,
Mən qolumu eşqə açdım, sən hara?
Mənim qolum, sənin qolun deyil ki.

Cəhənnəmdi sığındığın yedəklər,
Haqq qayıdar, qisas səni ətəklər,
Sənin malın əyildiyin kötəklər,
Mənim malım, sənin malın deyil.

Varlığını çox da öymə, dinəndə
Sən adlılar çox xərclənib dönəmdə,
Vətən qəmi xal-xal olub sinəmdə,
Mənim xalım, sənin xalın deyil ki…

Bu xəbəri paylaşın: