Erməni deputatdan etiraf: «30 il əvvəl səhv edib müharibəni seçdik»
«Biz 100 il əvvəl Avropa şəhərlərində imzalanmış bəzi sənədləri yer üzündəki reallıqdan üstün tutmaqla səhvə yol verdik və yenə də əsl vətənimizin bir hissəsini itirdik. Bu günə kimi biz öz səhvlərimizi etiraf etmirik, yer üzündə reallıqla üzləşməkdən imtina edirik və ölümü seçməyə davam edirik».
Qaynarinfo xəbər verir ki, bu barədə avqustun 2-də Ermənistanın keçmiş səhiyyə naziri, hakim «Vətəndaş sazişi” partiyasından olan deputat Arsen Torosyan özünün «Facebook” səhifəsində yazıb.
«Sülh qiymətsizdir, həyat kimi qiymətsizdir. Həyat qiymətsizdir. Bunun əksini iddia etmək ölümü və müharibəni təbliğ etməkdir. Əsrlər boyu bizə bunun əksi deyilsə də, ölüm heç vaxt həyatdan dəyərli ola bilməz. Bu, millətin heç vaxt həlak olmayan imtiyazlı adamları tərəfindən təbliğ edilir, özünü «milli” elan edən və varlığını ölümlə əsaslandıran partiyalar tərəfindən təbliğ edilir, yolunu itirmiş marginallar və romantiklər tərəfindən təbliğ edilir, tənqid edən xaricilər tərəfindən təbliğ edilir, onlar həyatı deyil, ölümü təbliğ edir. Biz isə bu təbliğata boyun əyərək həyatı yox, ölümü seçdik. Və bu təbliğat davam edir. Nə vaxta qədər həyatı yox, ölümü seçməliyik? Nə vaxta qədər yanılmalıyıq? Tam məhv olunana qədər?
Deməli, biz bir daha həqiqi vətəni yox, tarixi vətəni seçməliyik? Səhv etdiyimizi etiraf etməliyik. Biz 100 il əvvəl Avropa şəhərlərində imzalanmış bəzi sənədləri yer üzündəki reallıqdan üstün tutmaqla səhvə yol verdik və yenə də əsl vətənimizin bir hissəsini itirdik. Bu günə kimi biz öz səhvlərimizi etiraf etmirik, yer üzündə reallıqla üzləşməkdən imtina edirik və ölümü seçməyə davam edirik. Sülhü öz səhvlərinin təkrarı deyil, etirafı gətirəcək. Bizim obyektiv reallığı inkar edərək, öz şıltaqlığımıza uyğun şərh edərək, eyni səhvləri təkrar etməyə haqqımız yoxdur”, — deyə deputat yazıb.

Xainləri öldürmək lazımdır
«İstənilən sülhə «hə» deyəcək xainləri, «rəhbərləri» məhv etmək lazımdır. Hazırda Ermənistandakı xəyanətkar rəhbərlik öz həyatını və vəzifəsini minlərlə, yüz minlərlə insanın ölümündən üstün tutur. Elə ona görə də minlərlə insanın həyatını xilas etmək üçün satqınları aradan götürmək lazımdır».
Publika.az xəbər verir ki, bunu erməni siyasi fəal Hovannes İşxanyan özünün feysbuk səhifəsində yazıb.
Erməni siyasətçi bildirib ki, ölkəsi sülh üçün yox, müharibə üçün mübarizə aparmalıdır:
«Sülh yüz minlərlə insanı qorumaq üçündürsə, müharibə gələcəyi qorumaq üçün aparılır. Biz müharibədən sonra da müharibə aparmalıyıq. Xainlər isə öldürülməlidir. Erməni xalqı xainlərə aman verməməlidir».
Politoloqun bu fikri sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb. Bəzi şəxslər isə «erməni xalqı artıq müharibədən yorulub» — deyə fikirlər yazıblar.
Hətta Hovannes İşxanyanın özünü xain adlandıranlar da olub.
İşxanyan isə fesbukdakı fikrinə müxalif olanları vətənə xəyanətdə suçlayıb.
