AVMVİB Ali Baş Komandana öz minnətdarlığını bildirir

Füzuli Rzaquliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

 Qeyd edim ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi 25 illik bir baryeri Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində aşa bildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyinat ilə əlaqədar qəbul edərkən müharibə veteranları və döyüşçülər barədə bir daha öz göstəriş və tapşırıqlarını məmurlara, aidiyyatlı qurumlara çatdırmışdı.

Onun bu görüşdə söylədiyi fikirlər müharibə iştirakçılarına verilən ən böyük qiymət idi: «Biz bu Qələbəni onlara — şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik».

Yaxud Prezident İlham Əliyev daha sonra demişdi: «Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir».

Mən dəfələrlə öz çıxışlarımda və yazılarımda cənab İlham Əliyevi öz sözündə ən ardıcıl və qətiyyətli bir lider kimi tanıdığımı qeyd etmişəm. Hakimiyyətə gəldiyi ilk gündən separatçı rejimə qarşı «ikinci bir erməni dövlətinin yaranmasına yol verməyəcəyini» əks etdirən fikirləri, beynəlxalq təzyiqlərə sinə gərərək heç zaman korrektə etmədi. O, ruhən bir döyüşçüdür, əsil savaşçı bir strateqdir və fəxr edirik ki, bizim Ali Baş Komandanımızdır.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tələblərinə uyğun olaraq sığorta pullarının əlillik dərəcəsi olan qazilərimizə verilməsinə başlanılmasına görə 87 min üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından atılan bu addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak edərkən demişdi: « Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək». Bildirim ki, həm o günlərin, həm də 44 günlük Vətən müharibəsinin oğlumla birgə iştirakçısı olaraq deyə bilərəm: «Bizim o günlərdə İlham Əliyev kimi bir liderimiz və Ali Baş Komandanımız olsaydı, bir qarış belə torpaq işğal edilməzdi. Bunu gəlişi xoş sözlər kimi demirəm. Bunu bir həqiqət kimi deyirəm və vaxt gələcək, bütün həqiqətlər üzə çıxanda, İlham Əliyevin hansı şərtlərə sinə gərərək, həm daxili, həm də xarici təzyiqləri neytrallaşdırması və cəbhədə ardıcıl uğurlara imza atması bir dühanın edə biləcəyi iş olduğunu ortaya qoyacaqlar.

Çoxdan gözlənən və çoxdan qərarı verilən bir problemin həll edilməsi hər bir döyüşçünün ürəyincədir. Qazilərimizə can sağlığı arzulayıram. Allah sizləri qorusun!

Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Bu xəbəri paylaşın: