Səfirliyimizə radikal dini dəstə hücum etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Verilən məlumatlara görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

Hücuma görə məsuliyyəti Londonda mənzillənən «The Mahdi Servants Union» (Mehdinin xidmətçiləri) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Bu barədə qrupun sözçüsü özünün «Twitter» səhifəsində yazıb.

Məlumat üçün bildirək ki, radikal dini qrup 2004-cü ildə yaradılıb. Mərkəzi Londonda yerləşir. Qrupa Yasir əl-Həbib rəhbərlik edir.

Yasir əl-Həbib İran hökumətinə qarşı düşmənçilik mövqeyindən çıxış edir və İranın ali rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid hesab edir.

Yasir əl-Həbib əslən Küveytdəndir və Londonda yaşayır. 

Mətbuatda «London şiələri» adlandırılan qruplaşma İrandakı dini rejimə qarşı mübarizə apardığını gizlətmir. İslamın sünni məzhəbinə qarşı radikal mövqedə olan qrup bir sıra telekanallara sahibdir.

Son məlumatlara görə, səfirliyə hücum edən şəxslər artıq London polisi tərəfindən saxlanılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Bu xəbəri paylaşın: