AVMVİB sədri səfirliyimizə hücumu qınadı

Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.


Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev adını dindar qoyan bu iyrənc əməl sahiblərini qınayıb.

Füzuli Rzaquliyev deyib: «Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Bu hücuma görə məsuliyyəti Londonda mənzillənən «The Mahdi Servants Union» (Mehdinin nökərləri) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Bu barədə qrupun sözçüsü özünün «Twitter» səhifəsində yazıb.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür radikal əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.


Maraqlı burasıdır ki, adını şiə qoyan, istər İran, istər bu cür iyrənc toplumar, nədənsə ASALA kimi din və məzhəb qardaşlarının deyil, xristianlığı belə şübhəli olan ermənilərlə eyni mövqedə və cərgədə dayanırlar. Ölkəmizə qarşı hər cür şərəfsizliyə, təhdidlərə yol verirlər. Belə çıxır ki, bu şəxslər heç müsəlman deyillər. Uydurma və böhtançı bir şəkildə toleriant bir ölkəni dindarlara qarşı olduğunu deyən bu iyrənc məxluqlar İslam torpaqlarının 30 il işğalda qalması əleyhinə bircıə şüarın da müəllifi deyillər. Neçə dəfə Xocalı qətliamı törədən Ermənistanın bayrağını bu şəkildə yerə atıblar? Allah bunlara lənət eləsin. Mənim ölkəmin bayrağını, İslam simvolları olan bir bayrağı təhqiramiz şəkildə yerə atan bu yığnaq faşist ermənilərdən də pisdirlər. Xalqımızın düşmənləridirlər. Onların layiqincə cəzalandırılması istiqamətində Dövlətimizin yanındayıq.


Bu iyrənc aksiya millətimizin və xalqımızın minillik varlığına qarşı yönəlib. Bizim düşmənlərlə bir səfdə duran hər kəs birmənalı olaraq düşmənimizdir.

«The Mahdi Servants Union» (Mehdinin nökərləri) və buna bənzər ünsürlərin neytrallaşması istiqamətində fəaliyyətə başlamaq lazımdır. Bunlar «Mehdinin nökərləri» deyil, olsa-olsa «Qareginin nökərləri» ola bilərlər. Belələrinin varlığı, nəinki İslama, elə bütün bəşəriyyətə təhqirdir.

Diqqət etsək, atılan bu addımın harada planlandığını görə bilərik. Londonda Azərbaycan bayrağına əl uzadan «Xuddamul-Məhdi» qruplaşması və onun rəhbəri Yasir əl-Həbib bu şəkildə gördüyünüz Sadiq Şiraziyə təqlid edirlər. Guya bu yaramaz İranda Vilayəti-Fəqih rejiminə ziddir.


Sizcə, doğrudan elə olsa idi, İran rejimi Sadiq Şirazini də Seyid Kazım Şəriətmədari kimi öldürüb tualet yanında dəfn etdirə, yaxud da ən azı Ayətullah Müntəziri kimi ev dustağı edə bilməzmi? Əlbəttə edər. Bəs niyə etmir? Çünki ona «siyasətdən uzaq» «klassik şiə əqidəli» bir «müxalifət» lazımdır, özü edə bilmədiyini onun əli ilə etsin. Bu səbəbdən də Sadiq Şirazini İranda bəsləyirlər. Bu düşmənçilik hərəkətinin Qisas əməliyyatından dərhal sonra baş verməsi də təsadüf deyil. Erməninin başının əzildiyini görüb sərhəddə təlimə baslayan İran hökuməti ilə Avropada aksiya edən «müxalifət»in paralel və koordinasiyalı bir addımı olduğunu görürük.

Əgər özünə şiə deyənlər, xüsusiylə cənub qonşumuz, bu vandalizm, terror aktına, İslam simvolları olan bayrağın yerə atılmasına münasibət bildirmirlərsə, elə onlar da bu yığnaqla eyni xislətdədirlər.

Köhnə döyüşçülər adından Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıq hökumətindən baş vermiş bu hadisə iştirakçılarının layiqincə cəzalandırılmasını tələb edirəm.

Bu xəbəri paylaşın: