Laçın şəhəri və Zabux kəndi 25 avqustadək boşaldılmalıdır

Bu gün Laçın şəhəri və Zabux kəndi (Ağavno) sakinlərinə avqustun 25-dək evlərini tərk etmək üçün vaxt verildiyi deyilib, news.am saytı bildirib. 

Məlumatda deyilir ki, bu barədə onlara separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan məlumat verib. 

«Hayk Xanumyan bizə təxliyə proqramını təqdim etdi, kimin hara gedəcəyini söylədi. Amma heç kim getmək istəmir. Bizə silah versəydilər, qalıb döyüşərdik», — Ağavno (Zabux) kənd hakimiyyətinin başçısı Andranik Çavuşyan deyib.

Azərbaycan bəyan edib ki, “Laçın dəhlizinə alternativ” yeni yolda işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur.

Bu xəbərlər Qarabağda vəziyyətin gərginləşdiyi vaxta təsadüf edir.

Azərbaycan avqustun 3-də Qarabağda, Rusiya sülhməramlılarının məsuliyyət bölgəsindəki erməni silahlılarına qarşı hərbi əməliyyat keçirib və “əhəmiyyətli yüksəkliklər” tutduğunu bildirib.

Qarabağda yaranmış gərginlik nəticəsində Azərbaycan bir, erməni silahlıları iki hərbçisini itirdiyini açıqlayıb. Separatçı “Müdafiə ordusu” 19 hərbçisinin yaralandığını deyib.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun hərbi əməliyyatını “Laçın dəhlizi ilə bağlı vəziyyətin birtərəfli şəkildə dəyişdirilməsinə cəhd” kimi qiymətləndirib. Bunu “qəbuledilməz” adlandıran Ermənistanın Xarici İşlər Nazirliyi hərbi əməliyyatla rəsmi Bakının 10 Noyabr bəyanatını “pozduğunu” bildirib. 

 Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın ittihamlarını “riyakarlıq” adlandırıb. Qurum son gərginliyə səbəb kimi “qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasımı” göstərib. 

 Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbini “qanunsuz” adlandırmışdı.

 “Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur”, — Ermənistan Təhlükəsizlik Şurasının katibi Armenpress saytına müsahibəsində deyib. 

Amma bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Laçın dəhlizinə alternativ yol tikildikdən sonra keçmiş Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələri, o cümlədən hazırda ermənilərin məskunlaşdığı Laçın və Zabux kəndləri Azərbaycana təhvil veriləcək.

“2020-ci il 9 noyabr üçtərəfli bəyanata əsasən, 3 il ərzində tərəflərin razılığı əsasında Laçın dəhlizi marşrutunun dəyişməsi nəzərdə tutulur. Bu məsələ üzrə ilkin razılaşma mövcuddur və dəyişikliyin məqsədi Dağlıq Qarabağ və Ermənistan üçün daha etibarlı və daha keyfiyyətli yol əlaqəsi təmin etməkdir. Və bizim müzakirələrimiz orada rusiyalı həmkarlarımızladır, çünki, bildiyiniz kimi, üçtərəfli bəyanata əsasən, dəhliz bütövlüklə Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır”, — o bildirib.

Təhvil verilən kəndlərin sakinlərinin taleyi barədə isə Paşinyan bunu deyib: 

“Laçın sakinlərinin problemini biz hökumət qərarları ilə həll edirik. Əhali, əlbəttə, evlərlə təmin olunmalıdır. Bu gün Laçında insanlar ailələrlə yaşamır. Ağavno kəndi sakinlərinə gəldikdə, onların problemi Artsax (Dağlıq Qarabağ) hakimiyyətinin köməkliyi ilə həll oluna bilər”. 

Laçın dəhlizinin yenisi ilə əvəzlənəcəyi cümə günü Azərbaycan Prezidenti İlam Əliyevin  Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel ilə telefon danışığında da müzakirə edilib.

İlham Əliyev “üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən, Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını deyib”, prezident.az saytı yazıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, Laçın şəhərinə daxil olmadan çəkilən yeni yolda işlərin bu il başa çatdırılması üçün «genişmiqyaslı işlər aparılır». 

Bu xəbəri paylaşın: