Xatırlayırsınızsa, Sabunçu rayon İcra Hakimiyyəti adlanan qurumun (Xatırladaq ki, Adil Vəliyev bu rayona Başçı təyin ediləndən belə bir dövlət qurumu yoxdur) maklerlərdən ibarət «xüsusi təyinatlı basqınçılar» qrupu səbəb göstərmədən Maştağa qəsəbəsi veteranlarının müvəqqəti yerləşdikləri qərargaha basqın etmələri barədə yazmışdıq. Ölkə rəhbərinin şikayət məktublarını şikayət olunan müəsisəyə göndərilməməsi göstərişinə baxmayaraq, köhnə qayda ilə Sabunçu rayonu İcra Hakimiyyətinə göndərilməsi və İH-nin qanunları tam oxumadan yazdığı cavab rayon veteranlarının dərin hiddətinə səbəb olub.
Xatırladırıq ki, nədənsə bu qədər neqativ əməllərdə adı keçən rayon İH Başçısı Adil Vəliyevin əməlləri hansısa «gizli əlin» sehriylə duruya çıxarılır. Biz bu işi Ali Baş Komandan cənab İlham Əliyevin nəzarətə götürməsini istəyirik. Xahiş edirik ki, Sabunçu rayonu ilə bağlı müraciətləri araşdıran bir komissiya təşkil edin. Bu rayonda ölkə qanunları və Sizin göstəriş və tövsiyyələriniz işləmir.
Veteranların yazısına makler sayağı verilən cavaba diqqət edək. Başçı Adil Vəliyevin ərazi üzrə təyin etdiyi kimsənin tanımadığı adamlar, veteranlara yer verən sahibkara «xox» gələrək onları qərargahdan çıxartdırıb.
Sabunçu rayon İH-nin Başçısının müavini adından rəsmi cavabda isə gül vuraraq «Bayraq haqqında» Qanuna «tövsif» edib. Bir daha bu qanun tanımazlara bu Qanunun verdiyi hüququ və bizim istifadə etdiyimiz maddəni xatırladırıq:
««Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Respublika Qanununun müvafiq 5-ci maddəsi, məhz Mştağadakı AVMVİB Sabunçu rayon şöbəsinin bayraq asmaq hüququnu təsbit edir.
Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi
5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
Məhdudiyyət isə, 10-cu maddədə göstərilib: «Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz».
Bu məmurlara daha bir xatırlatma edək ki, bu bayraq üstündə veteranlar cəbhələrdə öz canlarından keçdiyi günlərdə ermənilərlə al-ver etdiyinizdən də xəbərdarıq. Biz bu məsələnin ölkə rəhbərinin nəzarətiylə araşdırılacağından əminik. Veteranlarla çəkişən başçıların indi harada olduqlarını yaxşı bildiyimizə görə gözləyirik.
Məsələ ilə bağlı AVMVİB yenidən Bakı şəhır İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova müraciət ünvanlayıb. Xahiş edib ki, bu işi ciddi nəzarətə götürsün. Çünki Eldar müəllimi veteranlarla daim maraqlanan və onların problemlərini həll edən bir şəxs kimi tanıyırıq.
Müraciətdə deyilir: «Hörmətli Eldar müəllim!
Sizə ikinci dəfə müraciət edirəm ki, 20 fevral 2020-ci il tarixdə Sabunçu RİH-nin başçısı Adil Vəliyevin göstərişi ilə Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndələri təşkilatımızın Maştağa qəsəbəsində yerləşən ofisinə basqın edib, orada olan veteranımıza zor tətbiq edərək ofisin üzərində olan Respublikamızın bayrağını təhqiramiz formada yerindən çıxarıb, lazımsız əşya kimi gəldikləri NİVA markalı 11-011 seriyalı avtomaşının arxa hissəsinə ataraq özləri ilə aparmışdırlar. Onlar «Azərbaycan Vətən Müharibəsi Veteranları İB» yazılmış və ofisin pəncərəsindən asılmış trafereti və pəncərini sındırmış, ofisin qapısını isə təpiklə vuraraq sındırmağa çalışmışlar.
Bununla bu şəxslər «Veteranlar Haqqında «Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrini, «Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci və 11-ci maddələrini kobud surətdə pozmuşlar. Onların əməllərində Azərbaycan Respublikası CM-nin 324-cü maddəsinin əlamətlərinin olması müəyyən olunmuşdur.
Hörmətli Eldar müəllim, Sizə ünvanladığımız birinci şikayət ərizəmiz Bakı şəhər İH-də baxılmalı olduğu halda, Siz həmin ərizəni baxılması üçün şikayət edilən Bakı şəhəri, Sabunçu rayon İH-nə ünvanlamısınız. Bu isə qüvvədə olan «Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə ziddir. Həmin maddədə göstərilmişdir: «Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxslərə göndərmək qadağandır». Hörmətli Prezidentimiz dəfələrlə rəhbərlikdə olan şəxslərə göstərişlər vermişdir ki, müraciət edilmiş ərizə və şikayətləri, şikayət edilən təşkilatlara və onların rəhbərlərinə göndərilməsin. Sizin isə rəhbərlik etdiyiniz təşkilat həm qanunu, həm də hörmətli prezidentimizin göstərişlərini kobud surətlə pozmuşlar.
Bakı şəhər Sabunçu RİH-nə ünvanladğınız şikayət ərizəmizə 27 aprel 2020-ci il tarixdə İH-nin 1-ci müavini Güloğlan Məmmədov cavab vermişdir. Hörmətli Güloğlan Məmmədov Azərbaycan Respublikasının simvollarından olan bayrağımızın təşkilatın binasının üzərindən Maştağa qəsəbə nümayəndəliyi tərəfindən götürülməsini etraf edir və bunu onunla əsaslandırır ki, Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində bayrağın AVMVİB-nin binasının üzərindən qaldırılması göstərilməmişdir. G. Məmmədova demək istəyirəm ki, Qanunun 2-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılmalı olduğu yerlərdən bəhs edir. Həmin maddənin qeyri- hökumət təşkilatlarına heç bir aidiyyatı yoxdur. Həmin qanunun 5-ci maddəsində Azərbaycan Respublikası Dövlət Bayrağının digər yerlərdə istifadəsindən bəhs edir. Həmin maddənin 5.1 bəndində göstərilmişdr: «Azərbaycan Respublikasının Dövlət Bayrağı yerli özünüidarə orqanlarının, qeyri hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
Sabunçu RİH-nin başçısı hörmətli Adil Vəliyev bilməlidir ki, AVMVİB-i 1994-cü il avqust ayının 26-da Ulu Öndərimiz Heydər Əliyevin xeyir düası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş. Hal-hazırda 67 mindən artıq müharibə iştirakçısını öz ətrafında birləşdirən ən iri qeyri-hökumət təşkilatıdır.
Hörmətli Eldar müəllim, Qanunun 5-ci maddəsinin tələblərini kobud surətdə pozan Sabunçu rayon İH-nin başçısı Adil Vəliyev və Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəsi və işçisi barəsində səlahiyyətiniz dairəsində qanuni tədbir görmənizi Sizdən bir daha xahiş edirəm.
Onu da nəzərinizə çatdırıram ki, bu hərəkətləri ilə Adil Vəliyev və Maştağa qəsəbəsi üzrə nümayəndə, həm bayrağımıza qarşı, həm də müharibədə iştirak edən, bayrağımızı həyatlarından da əzizi tutan müharibədə iştirak edən şəxslərə qarşı təhqiramiz hərəkətlər etmişlər.»
Beləcə, Sabunçu rayon rəhbərləyi, aparılan bunca islahatlara rəğmən, hələ də «Sabunçuda mənəm, Bağdadda ABŞ-ın ordusu»… düşüncəsindədirlər.
A. Hüseynli