Zabuxda əsir düşmüş Tahir Cəfərov: Məni Livandan, Fransadan gələn zəncilər tutmuşdular

Tahir Xanlar oğlu Cəfərov

1973-cü ildə Laçın rayonunun Zabux kəndində anadan olmuşdur. Orta təhsillidir. 1991-ci ilin may ayından hərbi xidmətə çağırılmışdır. Gəncədə hərbi təlim keçdikdən sonra iyulun 7-də Zabuxa gətiriblər. Evin sonbeşiyidir. 18 may 1992-ci ildən 13 avqust 1992-ci ilədək əsirlik həyatı keçirmişdir.

Necə oldu əsir düşdünüz?

-Mən kənddə qalmışdım. Orada olan 20 nəfər bir nəfəri tutmaq istəyirdilər. Əlimdə bir avtomat, iki maqazin patron var idi. Biz iki nəfər idik, onlar çox. Mən zənciləri atəşə tutdum. Patronum tükənmişdi. Cəmi 7-8 ədəd patron qalmışdı. Atışa-atışa geriyə, çay istiqamətinə çəkilirdik. İstəyirdik Qubadlı yoluna çıxaq. Körpüyə yaxınlaşdıqda orada bir nəfər də bizə qoşuldu. Əynində hərbi kitel var idi. Etibarla onu vurdular. İdarənin yanında patronumuz tamam qurtardı. Qranatları da zəncilərə atmışdıq. Zəncilənlərdən qırılanlar çox idi. Silahımız tükəndikdən sonra atəş səsi eşitməyib bizə yaxınlaşdılar. Beləliklə orada məni girov götürdülər.

  Məni o qədər döydülər ki, huşumu itirdim. Ayılanda özümü paviliyonda gördüm. Əlimi-qolumu qandallamışdılar. Məni Liviyadan, Fransadan gələn zəncilər tutmuşdu. Sonra Laçın batalyonunun həyətinə apardılar. Məndən çox şey soruşdular. Lakin beynim tormozlanmışdı. Mən heç nəyə cavab vermək iqtidarında deyildim. Onlar gah rusca, gah azərbaycanca suallar verirdilər. Məni qrad yeşiyinə bağlayıb, xaç formasında çarmıxa çəkdilər. Yandırmaq istəyirdilər. Od qalamışdılar. Hərbi biletimdə Nərimanov rayonuna qeydiyyatda idim. Ona görə də Bakıdan könüllü döyüşə getdiyim haqqında sual verirdilər. Könüllü döyüşçülərə daha ağır işgəncələr verilirdi. Məni də öldürəcəkləri ilə hədələyirdilər. Tonqalın yanına gətirib mənə dedilər, nə arzun var son məqamda de, onsuzda səni yandıracağıq. Dedim: icazə verin üzümü kəndimizə sarı çevirim, sonra yandırın. Bu sözdən sonra erməni komandiri dedi: o görünən sizin kəndinizdi? Dedim: bəli. O əl-qolumu açdı. Üstümə yekə qara it buraxdılar. Allahdandır, nədəndir it mənə dəymədi. Mən heç nə fikirləşmədən tanrıya üz tutub ürəyimdə yalvarırdam. Artıq elə bilirdim qulağım, gözüm tutulub. İt əlimi, ayağımı, gözümün axan qanını yaladı. Ermənilər bundan hirslənib göyə bir güllə atdılar. İtə əmr etdilər ki, tutsun. Çünki bu itlər öyrədilmiş itlər idi, “avçarka”. İtə ət atdılar. O əti yeməyib, gətirdi, mənim ayağımın altına atdı. Zənci dedi: druq, tı videş daje sobaka ne xoçet vas kusat? Saat 8-9 radələrinədək Laçında saxladılar. 18 may saat 9-da mən Laçında ermənilərin əlində idim. Axşam Stepanakertə (Xankəndi) apardılar. Bir ay on gün orada qaldım.

Ermənilər səndən nə soruşurdular? Xankəndində sənə qarşı zor tətbiq olundumu?

-Onların MTN-nin əməkdaşları silah, sursat anbarlarının yerini soruşdu. “Türkiyədən sizə silah verilirmi?”, “Türk u tebya v ruk avtomat bıl?” . Mən dedim bilmirəm. Mən psixoloji sarsıntı keçirirdim. Tez-tez huşumu itirirdim. Bunu görüb məndən bir müddət heç nə soruşmadılar. Çünki mənim başıma dubinka ilə çox döymüşdülər. Özüm də hiss edirdim ki, beynimdə pozulur.

  Hər gün məni xlorlu suda otuzdururdular. Xəstəliyə tutulmuşdum. Stepanakertdə (Xankəndi) Omonçular qızıl dişlərimi çıxardılar. Orada Şuşa və Laçından 40 nəfər əsir var idi. Mən gələnədək onlardan 20 nəfər qalmışdı. Hərbi əsirləri bir-birləri ilə görüşməyə qoymurdular. Dinc sakinlərdən fərqli olaraq hərbi əsirlərə qarşı amansız idilər. Onlar arasında da bu fərq hiss olunurdu. Qarabağ erməniləri ilə Ermənistandan gəlmiş ermənilər bir-biri ilə düz gəlmirdi. Hakimiyyət davası onlarda da gedirdi. Bizi Xankəndindən Martuniyə gətirdilər, orada iki gün saxlayıb, Gorusa apardılar. Gorus həbsxanasında onlara nisbətən “insaflıydılar”. Qarabağ erməniləri bizi öldürmək istədikdə Gorus milisləri dedi: “ ara, baxın, sizi öz zemlyaklarınız” öldürmək istəyir. Bizim üstümüzdə onların arasında atışma da oldu. Milis rəisi Mişa əsirlərə papiros verirdi.

Onlar Şuşanın, Laçının işğalı haqqında nə danışırdılar?

  -Ermənilər bu müharibədə rusları qınayırdılar. Deyirdilər biz müharibə istəmirik. Ruslar sizlə bizi bir-birimizə qırdırır. Biz onların silahı ilə döyüşürük. Döyüşməyənləri güllələyirlər. Onlar bizə deyirdi ki, müharibədən hakimiyyətdə olanlar qazanır, sizin kimilər isə əzab çəkir. Sizin hakimiyyət Şuşanı da, Laçını da bizə yox rusa satıb. Siz hədər yerə vuruşursunuz. Qarabağ məsələsi çoxdan həll olunub.

13 avqustda sizi 2 nəfər erməniylə dəyişiblər. Həmin anda hansı hissləri keçirdiniz? Həmin anda ən çox yadınızda qalan nə oldu?

  -Gorusun rəisi məni və Nadiri dəyişilən yerə çatdırdıqda göz yaşlarım dayanmırdı. Nadiri maneəsiz buraxdılar. Öz əzizlərinə qovuşdu. Məni isə qolumdan tutub saxladılar. Elə bildim ki, məndən 4 metr aralıda dayanmış qardaşımı bir daha görə bilməyəcəm. Snayper hazır idi. Mənimlə dəyişdirilən erməni rəisin qohumu idi. Bir tərəfdə mənim, o biri tərəfdə ermənilərin qohumları səbirsizliklə gözləyirdi.

  Hər iki millətin əsirlik həyatı yaşayıb öz vətəninə, öz evinə qayıdan girovları əzizlərinin mühasirəsində idi. Hər iki millətin göz yaşı axırdı. Müharibəni salanlara lənət yağdırırdı: ermənilər də, müsəlmanlar da. Öz göz yaşlarımı həmin an heç vaxt unutmaram. Bizi Qubadlıya gətirib iki gün saxladıqdan sonra Bakıya gətirdilər. Vətəndən ayrı düşmüşdüm. Gözümün içinə köçürmək istəyirdim hər şeyi. Doğma ana dilində eşitdiyim hər kəlməni ürəyimə hopdurmaq istəyirdim.

  Amma biletim yox idi. Avtobusun sürücüsü biletim olmadığı üçün Qubadlıdan Bakıya qədər məni ayaq üstə saxladı. Bir cavandan pul alıb boş yerə oturtdu. Qardaşımın və mənim Laçından didərgin düşməyimiz bizi pulsuz etmişdi. İmkansız olmuşduq. İnsafsızların əlinə düşmüşdüm. Ermənilərin başıma gətirdikləri yadımdan çıxdı. Vətənimin belə namərdlərinin pula olan hərisliyinə qurban getdiyini deyə bilmədim. Qəhər məni boğdu.

  Millətimin bu qədər rüşvətə, pula hərisliyi başı müsibətlər çəkmiş eloğullarımızın məhbəslərdə, əsirlikdə çürüməsinə bais olmayıbmı? Belə əclaflar üçün vətən məhvumu varmı?

Alıntı: Nigar Hemidli (Fb)

Bu xəbəri paylaşın: